Separatçıların son çırpıntıları

post-img

İndi onlara bir yerə cəmləşib “Qu quşunun son nəğməsi”ni oxumaq qalır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyulun 25-də Moskvada keçirilən görüş başa çatdıqdan bir gün sonra hayların baş naziri Nikol Paşinyan növbəti təxribatçı addımı atdı. O, Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarının göndəriləcəyini bildirdi. Ölkəmizlə razılaşdırmadan atılan bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı növbəti təxribatdır. Bu təxribatın Ermənistan dövləti və baş nazir səviyyəsində təşviqi rəsmi İrəvanın sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını bir daha nümayiş etdirir.

Bütün məsələlərdə qətiyyət nüma­yiş etdirən, iradəsinə heç bir qüvvənin təsir edə bilmədiyi rəsmi Bakının bu təxribatçı addımın da icra olunmasına imkan verməyəcəyi gün kimi aydın idi. Bununla belə, İrəvan Qarabağın er­məni sakinlərinin, guya, böhranla üz­ləşdiyini iddia edərək, Bakının isə bu “böhran”ın aradan qaldırılmasında ma­raqlı olmadığı görüntüsünü yaratmaq, ölkəmizə qarşı beynəlxalq ictimaiyyətin təzyiqinə nail olmaq üçün şou düzən­ləmək yolunu tutdu.

Məsələnin digər maraqlı tərəfi Er­mənistandan Qarabağa göndərilən və dörd gündür Laçın sərhəd nəzarət-bu­raxılış məntəqəsinin qarşı tərəfində gözləyən 400 tona yaxın “humanitar yardım gətirmiş” TIR-ların məxsus olduğu “Spayka” şirkəti ilə bağlıdır. Şirkətin saytında (spayka.am) “Spay­ka” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2001-ci ildə iş adamı David Qazaryan tərəfindən yaradıldığı, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə regionun çoxprofilli aparıcı aqroholdinqi, bey­nəlxalq yükdaşıma bazarında lider, böyük meyvə-tərəvəz istehsalçısı və MDB ölkələri, Avropa və Fars körfəzinə ixracatçı olduğu qeyd edilib. Şirkətin “Volvo” istehsalçısının 200-dən çox yük avtomobilindən ibarət parkı var. 

Bundan əlavə, “Spayka” Ermənis­tanda “Volvo”, “Carrier”, “Transicold”, “Krone”, “Shmitz Gargobull” şirkətlə­rinin rəsmi distribütorudur. “2009-cu ildə şirkət “Araratfruit” ticarət nişanını yaradıb. Bu brend bir neçə ildən sonra ixrac edilən ölkələrdə yüksək keyfiyyət­li erməni meyvə-tərəvəzlərinin əlamət­dar nişanına çevrilib. Bu gün “Spayka” şirkəti meyvə-tərəvəz ixracının 70 fa­izə qədərini təmin etməklə Ermənis­tanın aqrar iqtisadiyyatında strateji rol oynayır...” Bu fikirlər şirkətin saytında qeyd olunub. Ancaq şirkət özünü hər nə qədər öyməyə, sudan quru çıxma­ğa çalışsa da, tarixindəki qara ləkələri yuya bilməz. Bu mənada “Faktyoxla Lab” saytının “humanitar yük”ün niyə məhz bu şirkətə həvalə olunması və ümumiyyətlə, şirkətin fəaliyyəti ilə bağlı araşdırması maraq doğurur.

Qırx dörd günlük Vətən müharibə­sinin qızğın çağında – 2020-ci ilin okt­yabrın 10-da işğalçı ölkəyə silah-sursat daşıyan mülki yük maşınlarının Gür­cüstan-Ermənistan sərhədində sax­lanılması barədə məlumat və foto ya­yılmışdı. Məlumatda bildirilirdi ki, hərbi avtomatik idarəetmə sistemləri Ermə­nistanın logistika şirkəti olan “Spay­ka”ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstüör­tülü şəkildə yük qoşqusunun arxasına aşkarlanmışdı. Bu, həm də onu göstə­rirdi ki, Ermənistan hakimiyyət orqan­ları Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı da davamlı şəkildə pozublar.

“Spayka”nın müharibə zamanı hə­yata keçirdiyi qanunazidd fəaliyyəti ilə bağlı ən dolğun məlumat isə 2021-ci ilin mart ayında şirkətin media üçün yaydığı açıqlamada əks olunub. Açıq­lamada qeyd olunur ki, şirkət 2020-ci ilin sentyabrın 28-dən noyabrın 9-dək Moskva və İrəvandan Xankəndiyə da­şımaları öz hesabına həyata keçirib. Qarabağa gətirilən yüklərə ərzaq məh­sulları, dərmanlar, şirkətin avtotəmir mağazalarında yığılan xüsusi avadan­lıqlar, habelə Rusiyadan “UAZ” maşın­ları daxil olub. Bundan başqa, qondar­ma “dqr” rejiminə mobil soyuducular təhvil verilib. Bu maşınlar isə həlak olan erməni əsgərlərinin meyitlərinin daşınması üçün nəzərdə tutulubmuş. Şirkət açıqlamada əməkdaşlarının qa­nunsuz hərbi birləşmələrin tərkibində döyüşdüyünü də etiraf etmişdi. “Təəs­süf ki, müharibə zamanı şirkətimizin 4 işçisi həlak olub. Onlardan ikisi sürücü idi”,– deyə açıqlamada qeyd olunurdu.

Diqqətçəkən digər fakt isə mühari­bənin başa çatmasından 13 gün sonra N.Paşinyanın Ermənistanın tanınmış iş adamları ilə görüşməsidir. Bununla bağlı “Sputnik Ermənistan” agentliyinin yaydığı məlumatda qeyd olunurdu ki, N.Paşinyan “Spayka”nın rəhbərliyinə daxil olan David Qazaryan və Vaan Kerobyanla da görüşüb. Sonradan bəl­li olmuşdu ki, Paşinyan “Spayka” rəh­bərliyindən müharibədə həlak olmuş erməni əsgərlərin meyitlərinin şirkətə məxsus olan, meyvə-tərəvəzlərin sax­lanılması üçün nəzərdə tutulmuş soyu­ducularda saxlanılmasını xahiş edib. Xatırladaq ki, həmin dövrdə Ermənis­tanda hərbçilərin cəsədlərinin mobil soyuducularda saxlanılması ilə bağlı qalmaqal yaşanmışdı. İrəvan sakinlə­ri “Metsamor morqu”nun yaxınlığında park edilmiş “Spayka” şirkətinə məx­sus mobil soyuducuları lentə almışdı­lar. Həmin soyuducularda həlak olmuş erməni əsgərlərin meyitlərinin olduğu müəyyənləşmişdi. O da bildirilirdi ki, Ermənistanın şəhər və rayonlarında tibb müəssisələrinə məxsus morqlarda cəsədlərin saxlanılması üçün yer qal­madığı üçün belə bir addım atılıb.

Hayastan mediasında yayılan bir məqalədə isə qeyd olunurdu ki, Paşin­yanın həlak olmuş əsgərlərin soyudu­cuda gizlədilməsi ilə bağlı xahişini ye­rinə yetirdikdən sonra şirkətin direktoru David Qazaryana qarşı 2019-cu ilin ap­rel ayında Ermənistan Dövlət Gəlirləri Komitəsi tərəfindən vergidən yayınma və dövlətə külli miqdarda ziyan vur­maq maddələri ilə açılmış cinayət işinə də xitam verilib. Bildirilirdi ki, bundan sonra şirkət baş nazirə dəstək olmağa başlayıb və işçilərini avtobuslarla Pa­şinyanın mitinqlərinə daşıyıb.

“Spayka”nın digər tərəfdaşı isə “Ameriabank”dır. “Ameriabank” yağ-pendir və digər süd məhsullarının istehsalı üçün “Spayka” aqroholdinqin yeni zavodunun inşasının əsas maliy­yə tərəfdaşı kimi çıxış edib. Bank zavo­dun investisiya proqramına 15 milyon dollar yatırıb. Bu bankın əsas səhmda­rı isə Qarabağda reinteqrasiya prose­sində olduqca destruktiv rol oynayan oliqarx Ruben Vardanyandır. Vardan­yan “Troyka Landromat”ın ifşasından sonra bu bankı alaraq, çirkli pulların yuyulması və digər cinayət əməllərində istifadə edib.

***

Bu arada Qarabağda cərəyan edən hadisələr heç də humanitar böhrandan əziyyət çəkən bölgədə baş verənlərə bənzəmir. Elə dünən separatçıların “parlamentinin sədri” Artur Tovmasyan “istefa” verdiyini açıqlayıb. O, yaydığı müraciətdə bildirib ki, şəxsi qərarı ilə “parlamentin sədri” postunu tərk etmək kimi siyasi məsuliyyəti öz üzərinə götü­rür, lakin “Artsax xalqı”nın 1991-ci ildə referendumda qəbul etdiyi ideyaya hə­mişə sadiq qalacaq.

“Hraparak” qəzeti yazır ki, “yeni sədr” gələn həftənin çərşənbə ax­şamından gec olmayaraq, “növbə­dənkənar iclasda seçiləcək”. “Daş­naksütyun”un üzvü David İşxanyanın “namizədliyi” ətrafında siyasi konsen­sus olduğu bildirilir.

Artur Tovmasyanın “istefası” bat­mış gəmini ilk olaraq siçovulların tərk etməsi olayını xatırladır. Görünür, daha bir separatçı proseslərin geridönməz şəkil aldığını duyaraq, vaxtında aradan çıxmaq istəyir. Onun bu davranışı öz dərisini xilas etməsinin göstəricisidir. Digər separatçı “qlavarlar” isə onlara yaradılmış şəraitdən istifadə etməli, vaxtında Azərbaycanın qanunlarını qə­bul etməli, ölkəmizin normal vətəndaşı olmaq istiqamətində əməli fəaliyyətə başlamalıdırlar. Yalnız bu yolla digər­ləri özlərini xilas edə, onlara münasi­bətdə hansısa amnistiya tətbiq oluna bilər. Əks-təqdirdə Arayik Arutyunyan və onun dəstəsi üçün çox çətin olacaq.

Aydın QULİYEV,
politoloq

– Azərbaycanın Laçın yolunda baş verən prosesləri tam nəzarətə götürməsi Qarabağda və Ermənista­nın hərəkətlərində fərqli davranışlar yaratmağa başlayıb. Əgər ermənilər əvvəllər istədikləri malları Xankən­diyə daşıyırdılarsa, bu gün onlar həmin imkandan məhrum ediliblər. Onların bu gün istifadə edə biləcək­ləri yeganə yol Ağdam-Xankəndi yoludur. Bu yol açıqdır. Azərbaycan dəfələrlə özünün erməni sakinlərinə bu yol vasitəsilə humanitar yüklərin daşınmasının mümkünlüyünü bəyan edib. Elə Xarici İşlər Nazirliyinin iyu­lun 29-da yayılan bəyanatında da Azərbaycanın özünün Qarabağ böl­gəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsa­sında təmin edəcəyi, eyni zaman­da, suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qə­tiyyətlə alacağı vurğulanıb. Azərbay­canın erməni sakinlərinin reinteqra­siyası ilə bağlı ardıcıllığı, qətiyyəti və prinsipiallığı Ermənistanı və Qa­rabağ separatçılarını çətin duruma salıb. Onlar indiki şəraitdə özlərini təşviş içində hiss edirlər.

Ağdam-Xankəndi yolu ilə bağlı təklifin qəbul olunmaması bir daha göstərir ki, onların niyyəti humanitar yük daşımaq deyil. Əsas hədəfləri Qarabağ ətrafında gərgin vəziyyəti saxlamaqdan, Xankəndiyə mümkün qədər qeyri-humanitar təyinatlı mal­lar daşımaqdan və dünya miqya­sında hay-küy salmaqdan ibarətdir. Ancaq Azərbaycan düşünülmüş tak­tika həyata keçirərək, həm Ermənis­tanın Qarabağa qeyri-humanitar yük daşımasının qarşısını aldı, həm də separatçılar arasında təşviş yaratdı. Artıq separatçı başçılarla Qarabağ­da yaşayan sadə ermənilər arasında fikir ayrılıqları yaranıb. “Parlamentin sədri” Tovmasyanın “istefa verməsi” dediklərimizə sübutdur. Bu “istefa” separatçıların yaranmış vəziyyət­dən real çıxış yolu tapa bilmədik­lərinin nəticəsidir. Eyni zamanda, artıq Xankəndidə reinteqrasiyanın zəruri olduğunu anlayan kəsim özü­nü yavaş-yavaş büruzə verir. Əlbət­tə, Azərbaycan indiki kimi doğru-düz­gün siyasət yürütdükcə reinteqrasiya tərəfdarlarının sayı da artacaq. Po­zuculuqla məşğul olanların ataca­ğı təxribatçı addımların isə heç bir səmərəsi olmayacaq.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət