Ankaranın Körfəz dövlətləri ilə əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə sonu üç Körfəz ölkəsi –Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edərək, ər-Riyad, Doha və Dubayda hərtərəfli, davamlı əməkdaşlıq üçün mühüm sənədlər imzalayıb. Ümumi fikir belədir ki, türk-ərəb birliyinin güclənməsi və regionda real gücə çevrilməsi baş verir.
Bir çox analitiklər hesab edirlər ki, Türkiyə liderinin son prezident seçkilərində qazandığı parlaq qələbədən cəmi ay yarım sonrakı dönəmə təsadüf edən bu tarixi səfəri böyük bir coğrafi məkanda iqtisadi, hərbi, texnoloji sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Dünya Yaxın Şərqdə yeni güc mərkəzinin yarandığını müşahidə edir. Dostlar və tərəfdaşlar buna sevinir, rəqib və düşmənlər isə narahat olurlar.
Bu əməkdaşlıq eyni dini inanca, oxşar əxlaqi dəyərlərə və yaxın mədəniyyətlərə mənsub olan türk və ərəb xalqları üçün bir-birlərinə arxa, dayaq durmaqla birlikdə daha güclü və yenilməz olmaq şansları yaradır. Tərəflərin hər biri bundan bəhrələnə bilər. Bu tarixi şansı qaçırmaq bağışlanılmaz səhv olardı. Ümid etmək istərdik ki, məhz belə də olacaq.
Türkiyə liderinin regiona səfərində bu və bunabənzər fikir və mülahizələr dəfələrlə səsləndirilib. Ərəb ictimaiyyəti Türkiyənin dünyada günbəgün artan nüfuzunun bölgə dövlətləri, xüsusilə türk və müsəlman dünyası üçün faydalı olacağını duyur və məmnun qalır. Müsəlman aləmi böyük qürur hissi ilə çağdaş dünyanın ən xarizmatik dövlət xadimlərindən olan R.T.Ərdoğanı özünün siyasi və mənəvi lideri hesab edir.
Prezident R.T.Ərdoğanın təkcə türklərin deyil, bütün müsəlmanların haqlarının keşiyində durduğu danılmaz faktdır. Bu vaxtadək heç bir lider Türkiyənin hazırkı başçısı qədər Fələstin ərəblərinin pozulmuş hüquqlarının müdafiəsində göstərdiyi qətiyyəti nümayiş etdirə bilməyib. Təkcə Davosdakı “One minute!” hadisəsi milyonların yaddaşına əbədi həkk olunub.
Son 12 ildə Bəşər Əsəd rejiminin zülmündən Suriyadan Türkiyəyə pənah gətirən suriyalı qaçqınlara heç bir yerdə qardaş ölkədə olduğu qədər diqqət və qayğı göstərilməyib. “Sivil” və “demokratik” Avropa o qaçqın ailələrinin birini belə öz ərazisinə buraxmaq istəmir, bununla bərabər ərəb ölkələrinin milli sərvətlərini sümürüb aparmaqdan imtina etmək istəmirlər.
Neftlə zəngin olan Körfəz ölkələri İkinci Dünya müharibəsindən sonra “böyük güclər”in məkrli maraqlarının hədəfi olub. Lakin imperialistlər varlı ərəb şeyxlərinin “etibar və səxavət”lərindən sui-istifadə etsələr də, regiona barış, əmin-amanlıq və tərəqqi gətirməyi ağıllarına belə gətirməyiblər. Əksinə, ayrı-ayrı ərəf qəbilə və tayfaları arasında nifaq və təlatümlər yaratmağa çalışıblar ki, buradan daha çox qoparıb metropoliyalara daşısınlar.
Son vaxtlar Türkiyə ilə ABŞ, Kanada və Avropa İtttifaqı dövlətləri arasında “ilıq münasibət” formalaşır. Qərb NATO-nun ikinci böyük hərbi gücü olan və dünyanın ən demokratik müsəlman ölkəsi sayılan Türkiyənin ərəb dövlətləri ilə əlaqələrinin güclənməsində maraqlı olmalıdır. R.T.Ərdoğanın adları çəkilən Körfəz ölkələrinin hər birində ən yüksək səviyyədə qarşılanması çox mətləbdən xəbər verir. Şərq bu dəfə də müdrik olmağa borcludur. Hamı anlayır ki, “güclü və ədalətli Türkiyə” yalançı uzaq dostlardan daha üstündür.
Həqiqət budur ki, bu gün əlahəzrət zaman Türkiyənin xeyrinə işləyir. R.T.Ərdoğanın lideri olduğu bir dövlətin idarə etdiyi dünyanın sürət və inkişaf qatarında layiqli yer almaq hər bir ərəb dövləti üçün böyük fürsətdir. Bəli, Körfəz dövlətləri başa düşür ki, belə bir güclü və etibarlı tərəfdaşla sıx əməkdaşlıq ərəb xalqı üçün tarixi şansdır.
Ümumiyyətlə, Ankara Böyük Turanın lideri olmaqla bərabər, ərəb dünyası üçün də cəlbedici bir ölkədir. Türkiyənin Körfəz dövlətləri, bütövlükdə, ərəb ölkələri ilə qarşılıqlı inam və etimaddan qaynaqlanan sıx əməkdaşlığı bu gün planetimizdə formalaşmaqda olan yeni dünya düzəninin parlaq səhifələrindən biri ola bilər.
Rüfət RÜSTƏMOV,
Bakı Dövlət Universitetinin türk filologiyası kafedrasının müdiri, professor
– Mən uzun illərdir ki, türk ədəbiyyatı və tarixini araşdırıram. Osmanlı tarixindən yaxşı bəllidir ki, türk-ərəb əməkdaşlığı bu bölgəyə hər zaman rifah və hüzur gətirib. Təxminən on səkkizinci əsrin əvvəllərindən başlayaraq Qərb regiona nüfuz edərək türkləri bu ərazidən sıxışdırıb çıxarmağa başlayıb. Son iki yüz ildə baş verənlər göstərdi ki, ərəb xalqı bundan heç bir şey qazanmadı, əksinə, itirdi.
Prezident R.T.Ərdoğanın Körfəz dövlətlərinə səfəri, burada apardığı mühüm müzakirələr region xalqlarının parlaq gələcəyi üçün yeni üfüqlər aça bilər və açmalıdır. Türkiyə ədalətli dövlətdir, imperialist güclərdən fərqli olaraq məkrli planlar qurmur, əksinə qarşılıqlı etimad və dostluq şəraitində əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq güclü-zəif, ağa-nökər münasibətlərinə söykənmir, tam əksinə, səmimi dostluq və qardaşlıq əlaqələrinin çiçəklənməsinə şərait yaradır.
Türkiyə iqtidarının bir neçə il öncə xəyanət və məkrlə üzləşən Qətər dövlətinin təhlükəsizliyi üçün atdığı cəsarətli və qətiyyətli addımları heç kəs unutmayıb. Rəsmi Dohanın qarşılaşdığı təhlükəsizlik problemləri ilə digər Körfəz ölkələri də üzləşə bilər. Türkiyə həmin dövlətlər üçün təhlükəsizlik çətiri ola bilər.
Bundan başqa, Türkiyə son iyirmi ildə bütün müsəlman dünyasında “yumşaq güc”ə çevrilib. Qardaş ölkənin nümunəsində İslam dini və dəyərləri Qərbin təlqin etdiyi xurafat və cəhalətdən tamamilə fərqlidir. Türkiyə öz sivil və demokratik ənənələri ilə də “oturuşmuş” Qərb demokratiyasına dərs keçə bilər. Qardaş ölkədə son prezident seçkiləri buna gözəl nümunədir!
Fakt budur ki, bir neçə il bundan əvvəl Ankara ilə Doha arasında strateji tərəfdaşlıq başlanıb və bundan hər iki tərəf böyük fayda əldə edir. Türkiyənin artıq bu gün Səudiyyə Ərəbistanı və BƏƏ ilə əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlir. Hər iki ölkə hazırkı ABŞ iqtidarı tərəfindən özünə “soyuq münasibəti” hiss edir və ən kritik situasiyalarda dostlarını darda qoymayan Türkiyənin hərtərəfli dəstəyinə bel bağlayır.
Heç kəsə sirr deyil ki, son vaxtlara qədər aparıcı Körfəz dövlətləri arasında kəskin rəqabət hökm sürürdü. Bunu müşahidə edən və məqam düşdükcə aranı qışzışdıran böyük güclər regiondakı ixtilafdan öz məkrli maraqları üçün istifadə edirdilər. Bu cəhdlər bu gün də davam edir. Lakin artıq zaman dəyişir. Bu gün Türkiyə bir çox ərəb dövlətləri üçün etibarlı sipərə çevrilir.
Sonda qeyd etmək lazımdır ki. Türkiyə regionda etibarlı dostluq və etimad əlaqələri yaradaraq mənasız və yersiz lokal rəqabəti və bundan qaynaqlanan böhranları dəf etmək əzmindədir. Demokratik və ədalətli Türkiyə bunların fövqündədir. Prezident R.T.Ərdoğanın son iyirmi ildəki uğurlu xarici və daxili siyasi kursu sayəsində Türkiyə region ölkələrinin təhlükəsizliyini təmin edəcək, onları rifah və intibaha aparacaq. Mən buna tamamilə əminəm. Nahaq yerə deməyiblər ki, XXI əsr türk əsridir!
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”