Diplomatik korpus bölgədəki vəziyyətlə bağlı məlumatlandırılıb

post-img

İyulun 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.

Brifinq zamanı iştirakçılar postmünaqişə döv­ründə regionda mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə məlumatlandırılıb.

Nazir müavini müharibədən sonra Azərbay­canın sülh təşəbbüsü ilə çıxış edən tərəf olduğu­nu, beynəlxalq hüququn norma və prinsiplərinə, ələlxüsus dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsip­lərinə uyğun şəkildə ikitərəfli əsasda Ermənistan­la münasibətlərin normallaşmasına hazır olduğu­nu bəyan etdiyini diqqətə çatdırıb.

İlk gündən bu mövqeyin hər kəsə aydın olduğu və prosesin üç istiqamə­ti, yəni, sülh müqaviləsinin imzalan­ması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində həll yollarının danışıq­lar masasında olduğu bildirilib. Bu gün Azərbaycanın sülh niyyətinin ən aydın təzahürünün tərəfimizdən işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq iş­ləri, habelə iki ölkənin sərhədinə yaxın ərazilərdə tikilən hava limanlarının ol­duğu qeyd edilib. Bunun qarşılığında isə Ermənistanın erməni əsilli sakinlərin yaşadığı ərazilərimizdə hərbi təxribat­lar törətməsinin, radiodalğalar ilə hava limanları vasitəsilə uçuşların həyata keçirilməsinə maneçilik törətməsinin bu ölkənin əsl niyyətini bəlli etdiyi diqqətə çatdırılıb.

Sülh gündəliyi ilə bağlı Azərbaycan tərəfindən sərgilənən aydın mövqeyə baxmayaraq, Ermənistan tərəfindən heç bir beynəlxalq hüquq normasına və məntiqə sığmayan, əsası olmayan tələblərin irəli sürülməsi, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin edil­məsinin qəbuledilməz olduğu bildirilib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü və suve­renliyinin tanınması ilə bağlı bəyanatın verilməsinə baxmayaraq, əməldə Er­mənistan tərəfindən atılan addımların birbaşa ərazi bütövlüyümüzə və su­verenliyimizə qarşı olduğu, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri ilə mü­şayiət olunduğu diqqətə çatdırılıb. Bu xüsusda, atılan addımların normallaş­ma və sülh prosesini ləngitməyə, yeni böhranlar və sülhə xidmət etməyən müzakirələr yaratmağa hesablandığı və bu baxımdan sülhə deyil, Ermənistanın təhlükəli məqsədləri və gündəliyinə xid­mət etdiyi bildirilib.

Laçın yolu ilə bağlı vəziyyətdən bəhs edən nazir müavini, hər şeydən əvvəl bu yolun da Azərbaycanın suve­ren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb və bu xüsusda, Azərbayca­nın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çat­dırılıb. Bunu həzm edə bilməyən Er­mənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bay­rağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə on­ların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək Ağdam-Xankəndi yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.

Ermənistan tərəfinin isə bir tərəf­dən yerli erməni əhalinin bu imkanlar­dan istifadəsinin qarşısını aldığı, digər tərəfdən isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə daxili işlərimizə müdaxilə etdiyi, yaradılan şoularla bey­nəlxalq ictimaiyyəti yanlış yönləndirdiyi bildirilib. Vurğulanıb ki, Ermənistan tərə­fi həqiqətən Azərbaycanın ərazi bütöv­lüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir.

Bu xüsusda, beynəlxalq ictimaiyyə­tin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini Ermənistan tərəfinin ma­nipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanat­ların nəyə xidmət edəcəyinin düşünül­məli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çə­kinilməsinin vacibliyini vurğulayıb.

Sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə olu­nub, habelə beynəlxalq ictimaiyyət tərə­findən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunması­nın əhəmiyyəti qeyd edilib.

Daha sonra brifinq sual-cavabla da­vam edib.

“Xalq qəzeti”



Siyasət