Azərbaycanın energetika sistemi yüksəliş yolunda

post-img

Prezident İlham Əliyevin iyulun 26-da Bakıda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının açılışı mərasimində iştirakı zamanı dövlət başçımıza istifadəyə verilən energetika sistemləri barədə məlumat verildi, son 20 ildə bu istiqamətdə bir sıra mühüm layihələrin reallaşdırıldığı bildirildi. 

Mərasimdə, həmçinin Xəzər də­nizində suyun səviyyəsinin iki metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Ba­kının 40 faizdən artıq ərazisini elekt­rik enerjisi ilə təchiz edən, ümumi gücü 800 MVt olan “Şimal” Elektrik Stansiyasının işində ciddi çətinliklər yaratdığı vurğulanaraq bu proble­min əsasən suyun səviyyəsinin gün­dən-günə aşağı düşməsi ilə bağlı olduğu, nəticədə stansiyanın soyut­ma suyu ilə təchiz olunmasında ciddi narahatlıq doğurduğu qeyd edildi.

Əlbəttə, belə bir vəziyyət uzun müddət davam edə bilməzdi. Əks təqdirdə, böyük həcmdə enerji istehsal edən “Şimal-1” və “Şi­mal-2” elektrik stansiyaları tezliklə sıradan çıxa, fəaliyyətlərini dayandıra bilərdi. Ona görə də “AzərEnerji” ASC tərəfindən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluğunda estakada və 2 yerdə su na­sos stansiyası tikilib. Estakadanın möhkəmli­yini təmin etmək məqsədilə hər birinin uzun­luğu 30 metr olan min ədəd dəmir boru svay 20 metr dənizin dibinə vurularaq betonlanıb.

Stansiyalar istismara hazırlanarkən ən müasir texnoloji avadanlıqlardan istifadə edilib, SCADA və “PLC” sistemləri quraşdı­rıldı. Nasosların məsafədən işə qoşulması və açılması idarəetmə mərkəzinə inteqrasiya olu­nub. Burada reallaşdırılan layihələr sırasında “Şimal” Kiçik Su Elektrik Stansiyasının mo­denləşdirilməsi xüsusilə diqqət çəkir. Belə ki, adıçəkilən stansiyanın ərazisində “AzərEner­ji” ASC tərəfindən daha bir yenilik edilərək, istifadə olunub dənizə axıdılan soyutma su­yunun üzərində 300 kVt-lıq kiçik su elektrik stansiyası tikilib. 

Yeri gəlmişkən, bu stansiya vasitəsilə il ərzində 2,5 milyon kilovat-saata yaxın elekt­rik enerjisi istehsal ediləcək ki, bu da “Şi­mal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələ­batına sərf olunacaq. Nəticədə indiyədək “Şi­mal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək. “Şimal” Elektrik Stansiyasının yeni estakadasının, su-nasos stansiyalarının və “Şimal” Kiçik Su Elektrik Stansiyasının yüksək səviyyədə qurulması dövlətimizin başçısının ölkəmizin elekt­roenergetika sisteminə daim diqqət və qayğı göstərməsinin parlaq ifadəsidir.

Xatırladaq ki, Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi ötən müddətdə bu sahədə genişmiqyaslı layihələr gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri geniş vüsət alıb. Ölkə rəhbərinin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsin­də energetika sistemi əsaslı şəkildə modern­ləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib. Dövlətimizin başçısının 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasın­da elektrik enerjisi təminatının yaxşılaşdırıl­ması ilə bağlı əlavə tədbirlərin həyata keçiril­məsi haqqında” sərəncamı da ölkənin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da güclən­dirmək, təhlükəsizliyin maksimal səviyyədə əldə olunmasını şərtləndirmək baxımından mühüm önəm daşıyır. 

Bu sənəddə respublikamızın enerji daya­nıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qar­şılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin isteh­salında təbii qaza qənaət edilməsi, iqlim də­yişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlə­rinin açılması baxımından xüsusi əhəmiyyətə malik olduğu bir daha diqqətə çatdırılıb. 

Bütün bunlar isə Azərbaycanın energe­tika sisteminin inkişafında yeni bir mərhələ­nin başlandığını göstərir. Bu mərhələdə əsas diqqət ölkəmizin energetika sisteminin gələ­cək fəaliyyətinə yönəldilir. Eyni zamanda, bu gün istifadəyə verilən energetika obyektləri Azərbaycanın enerji potensialını böyük dərə­cədə gücləndirir.

Vaqif BİNYATOĞLU, “Xalq qəzeti”

Siyasət