Ermənistan ərazilərimizi ekoloji terrora məruz qoyub

post-img

Ermənistan uzun illər Azərbaycana qarşı ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaqla düşmənçiliyini davam etdirib. Cinayətkar dövlətin belə əməlləri işğal dövründə, Vətən müharibəsi günlərində, eləcə də savaşdan ötən müddətdə özünü qabarıq büruzə verib. 

Hamımız yaxşı xatırlayırıq ki, İkinci Qa­rabağ müharibəsi vaxtı ölkəmizin milli park­ları da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən ge­nişmiqyaslı yanğınlara səbəb olan raket atə­şinə tutulurdu. O zaman Şuşa şəhəri yaxın­lığında meşə sahələrindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yan­dırıldı. Nəticədə min illər ərzində formalaşan torpağın üst təbəqəsi tamamilə sıradan çıxdı. 

Ümumiyyətlə, Ermənistan 30 ildən çox bir müddətdə ərazilərimizdə olan təbii sər­vətləri talan edib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar işğalçı tərəfindən qanunsuz istismara məruz qalıb. 

Ən təhlükəli məqamlardan biri də budur ki, Ermənistan illərdir ki, su mənbələrini də çirkləndirir, radioaktiv tulantıları çaylara axıdır. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. 

Bu yaxınlarda Ekologiya və Təbii Sərvət­lər Nazirliyi bu barədə aparılan monitorinqlə bağlı ətraflı məlumat yayıb. Monitorinqin nəticələrindən də göründüyü kimi, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, belə demək mümkünsə, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlən­mədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. İşğalçı ölkədə dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçay­da fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Hol­ding GmbH” şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiy­yətində dərin narahatlıq yaranıb.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, qeyd edə bilərik ki, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayı­nın ən böyük sağ qolu olmaqla Ermənistan­la digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi həm də son dərəcə mənfi təsirlərə yol açır. 

Azərbaycanın çağırışlarına, beynəlxalq təşkilatlara müraciətlərinə baxmayaraq, Er­mənistan Naxçıvan Muxtar Respublikası ilə sərhəddə– Arazdəyən kəndində böyük metal­lurgiya zavodu tikir. Bununla da İrəvan 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi ekoloji terroru davam etdir­mək niyyətini nümayiş etdirir. 

Müəssisənin inşasına 70 milyon dollar yatırılacaq. Sahəsi 16 min 500 kvadratmetr olacaq zavod ildə 180 min ton məhsul is­tehsal edəcək. Metallurgiya zavodu ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətən­daşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investsiyası hesabına salınır. 

Ermənistan bu addımı ilə birincisi “Transsərhəd kontekstində ətraf mühitə tə­sirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyasını kobud şəkildə pozur. İşğalçı ölkənin də imza atdığı həmin sənədə əsasən, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşa­yan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistan isə müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan ətraf mühitə, ekologiyaya ziyan vurmaqla məşğuldur. 

Ümumiyyətlə, düşmən ölkənin törətdi­yi terror onun qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düş­mənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. 

İlham ŞABAN, 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycanın qeyri-hökumət təşki­latları tərəfindən Ermənistanın qanunsuz, ekoloji terroru ilə bağlı müraciətin məhz Birləşmiş Millətlər Təşkilatına ünvanlan­ması səbəbsiz deyil. Hər şeydən öncə qeyd etmək istəyirəm ki, hazırda bizim bədnam qonşumuzla diplomatik əlaqələrimiz yox­dur. Digər tərəfdən, Azərbaycan və düş­mən Ermənistan BMT-nin subyektləridir, 30 ildən artıqdır ki, bu qurumda təmsil olunurlar. Belə olan təqdirdə ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatında ermə­nilərə təsir edərək başa salarlar ki, özlərini beynəlxalq standartlara, dünya miqyasında qəbul olunmuş normalara uyğun, qonşuları narahat etməmək ab-havasına uyğun apar­sınlar. 

Azərbaycan 1995-ci ildə mədən sə­nayesində hasilatın pay bölgüsü sazişləri çərçivəsində neft və qaz layihələrinin kəş­fiyyatı və işlənməsinə başlayıb. Özü də bu layihələr, əsasən də, Xəzər dənizində, 4 su sərhədi olan qonşu dövlətlərin əhatəsin­də həyata keçirilir. Azərbaycan indiyədək Xəzərdə 600 milyon tondan artıq neft və kondensat hasil edib. Mən hələ Azərbayca­nın Xəzərdə reallaşdırdıqları qaz layihələ­rini nəzərdə tutmuram. Çünki qaz ətraf mühitə daha az təsir edən bir enerjidaşı­yıcısıdır. İndiyədək Azərbaycana heç bir qonşu ölkə irad bildirməyib. Çünki bizim xarici tərəfdaşlarımızla həyata keçirdiyi­miz layihələrin ətraf mühitə heç bir mənfi təsiri olmayıb. Azərbaycanın mədən səna­yesində həyata keçirdiyi bütün layihələr beynəlxalq normalara tam uyğundur. Özü də həmin layihələr ölkəmizin quru sərhəd­lərindən 70-100 kilometr kənarda reallaş­dırılır. 

İndi siz təsəvvür edin, cinayətkar Er­mənistan Azərbaycanla vur-tut 10 kilometr aralıda, hətta bəzi ərazilərdə daha yaxın bir məsafədə layihə həyata keçirir. Ermənistan çəkinmədən bütün ekolji normalara zidd olaraq mədənçıxarma sənayesi üzrə layihə həyata keçirir, bu məqsədlə xarici tərəf­daşları ilə müqavilələr imzalayır. Yeri gəl­mişkən, həmin müqavilələrin bəziləri özəl şirkətlərlə bağlanıb. Hətta bədnam qonşu­muz bunun üçün beynəlxalq təşkilatlardan kreditlər də alıb. 

Belə bir layihənin icrasından öncə ət­raf mühitə və sosial təsirlərə dair hesabat hazırlanıb təqdim olunmalıdır. Bəlkə də belə bir sənəd var. Ancaq onu icra etmir­lər. Ermənistan sanki o layihələri məhz Azərbaycana, onun iqtisadiyyatına, insan­larına neqativ təsir etmək üçün, ona zərbə vurmaq üçün həyata keçirir. Ancaq bu tip layihələr, ümumiyyətlə, ona yönəldilməli­dir ki, ilk növbədə, ölkənin iqtisadiyyatı­nı gücləndirsin, orada yaşayanların həyat şəraitini yaxşılaşdırsın, ətraf mühitə ziyan vurmasın. Digər tərəfdən, əgər o layihələr sərhəd bölgələrində realllaşdırılırsa, bey­nəlxalq əlaqələrin güclənməsinə, qarşıdur­maların aradan qaldırılmasına və münasi­bətlərin inkişaf etdirilməsinə yönəldilsin. Ancaq Ermənistanın atdığı addımlar yalnız və yalnız münasibətlərin kəskinləşməsinə, əlaqələrin daha da pisləşməsinə və qarşı­durmaların artmasına yönəldilib. 

Biz də bunu qabardırıq ki, sonrakı dövrlərdə münasibətlərin daha kəskinləş­məsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət, donorlar, bu layihələri ma­liyyəşdirən qurumlar Ermənistana təsir göstərsin və metallurgiya zavodunun Azərbaycana, bütövlükdə, ətraf mühitə neqativ təsirlərinin qarşısını alsınlar. 

M.YAQUBZADƏ,
V.BAYRAMOV,
“Xalq qəzeti”



Siyasət