Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin birinci yarımilinə həsr olunmuş brifinqdə ötən dövrə nəzər saldı və görülən işləri jurnalistlərin diqqətinə çatdırdı. Gündəlik işlər barədə komitə tərəfindən mətbuata açıqlamalar verildiyini deyən sədr bidirdi ki, 2023-cü ilin 6 ayına yekun vurulur və görülən işlər barədə medianı məlumatlandırmaq istədik.
B.Muradova vurğuladı ki, 6 ay ərzində normativ hüquqi bazanın gücləndirilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində komitə tərəfindən 6 sənəd layihəsi hazırlanmış və 5 sənəd layihəsinə rəy və təklif verilmişdir. Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli sərəncamı ilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq, 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni Qanun hazırlanır. Layihə üzərində iş başa çatıb, digər qurumlara rəy və təkliflərini bildirmək üçün göndərilib və yaxın zamanda Milli Məclisə təqdim ediləcək. “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tələblərinə uyğun olaraq, müvafiq qanunvericilik aktlarına əlavə və dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin fərmanı ilə 4 məcəllə və 6 qanunda müvafiq dəyişikliklər edilməsi barədə qanun qəbul edilib. Sənəddə istismar qurbanlarına hüquqi yardım formaları və qaydaları, belə hadisələrin öyrənilməsi və maarifləndirmə işinin aparılması ilə əlaqədar məqamlar da öz əksini tapıb.
B. Muradova dedi: – Qurum tərəfindən “2021–2023-cü illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası və Sosial Media Siyasətinə uyğun olaraq görülən işlərə dair Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına il ərzində iki dəfə hesabat təqdim edilir. “Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq, cari ilin sentyabr ayında Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2022-ci ilə dair məlumat təqdim ediləcək. 2022–2026-cı illər üçün sosial inkişaf strategiyası və böyük qayıdışa dair növbəti dövlət proqramının üzərimizə qoyduğu vəzifələri yerinə yetirmişik.
Qeyd edildi ki, yarım il ərzində komitə tərəfindən 6 müxtəlif mövzuda araşdırma və təhlil yekunlaşıb: Ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsi; Azərbaycanda erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı; “Uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması: Qanunvericilik və onun tətbiqi praktikası”; Təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi; Medianın intiharlara təsiri; Erkən nikah halları.
Həmçinin 8 min 523 nəfərin iştirakı ilə 6 layihə çərçivəsində 40 təlim, seminar və icma görüşü keçirilmişdir. İcra edilən layihələr Türkiyə ilə Azərbaycan arasında imzalanmış fəaliyyət planına uyğun olaraq, Türkiyədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5 minə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən layihə çərçivəsində nağıl günləri, “Uşaq və ailələrə psixo-sosial dəstək”, “İnsan alveri və məcburi əməyə yox deyək!”, “Həyatının memarı sən özünsən”, “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, “Məişət zorakılığına yox deyək” mövzularını əhatə edib.
Bundan başqa, ötən dövrdə qadın və gender məsələləri üzrə 1056 nəfərin iştirak etdiyi 1 layihə çərçivəsində 9 təlim, seminar və 3 konfrans keçirilmişdir. Hazırda komitənin 17 rayonda Qadın resurs mərkəzi fəaliyyət göstərir. Cari yarımil ərzində Qadın resurs mərkəzləri tərəfindən 3 min 782 nəfərin iştirakı ilə 126 görüş, dəyirmi masa və 82 təlim keçirilmişdir. Ümumilikdə bölgələrdəki mərkəzlərin fəaliyyətindən 4 min 970 nəfər bəhrələnmişdir.
Komitədə uşaq məsələlərinə də xüsusi diqqət ayrılmış, 6 ayda 6 layihə icra edilmişdir. Layihə çərçivəsində keçirilən 29 təlim, seminar və konfranslarda 1868 nəfər iştirak etmişdir. Layihələr “Mənim hüquqlarım”, “Kitab sərgisi”, “Qızlar müzakirəyə qoşulur”, “Oğlanlar müzakirəyə qoşulur”, “Susma, səsini eşitdir” və “Kitab sərgisi”nə həsr olunmuşdur.
Bundan başqa, regionlarda Uşaq və ailələrə dəstək mərkəzləri yaradılıb. Belə mərkəzlərdən bəhrələnənlərin sayı ötən dövrdə 20 min 500-dən çox olub. Mərkəzlərə 1570 nəfər tərəfindən 1608 müraciət daxil olmuş, onlardan 646-sı təmin edilmişdir. 2023-cü ilin birinci yarımili ərzində erkən nikah faktı ilə bağlı 20 fakt üzrə monitorinq – ailə səfərləri təşkil edilib. 17 erkən nikahın qarşısı alınıb. 11 Uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü” keçirilib, müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilmişdir. Müraciətlərin 42 faizi sosial problemlər (219), 33 faizi uşaq məsələləri (172), 18 faizi hüquqi yardım (91) 7 faizi psixoloji konsultasiya (35) ilə bağlı olub.
Vətəndaş müraciətlərindən danışan B Muradova yarım il ərzində komitəyə 1834 müracətin daxil olduğunu, onun 528-nin Vətəndaşların Qəbulu Mərkəzində həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, 148 müraciət yerində məsləhət və əlaqələndirmə ilə cavablandırılmış, 380-i qeydiyyata alınaraq həlli istiqamətində müvafiq iş görülmüşdür.
Məişət zorakılığı ilə bağlı müraciətlərin ötən ilin birinci yarısı ilə müqayisədə 10 artığını deyən sədr 11 rayonun vətəndaşlarını əhatə etməklə, 6 regionda qəbul keçirildiyini, 64 vətəndaşın ərizə, müraciət və təkliflərinə baxılıb, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildiyini bildirdi. Qeyd etdi ki, komitəyə müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib. Müraciətlərdən 42 faizi sosial problemlərlə bağlı olub. Onun sözlərinə görə, vətəndaş müraciətlərində üstünlük təşkil edən mövzular məhkəmə qərarlarının icrası, məişət zorakılığı və işlə təmin olunma ilə bağlı olub. 860 – Gender əsaslı zorakılıqla bağlı dəstək xəttinə 6 ayda 146 müraciət daxil olub. Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə dair lazımı tədbirlər görülmüş, yerli icra hakimiyyətlərinin gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə əlaqə saxlanılaraq, müraciətlər komitə tərəfindən nəzarətə götürülmüşdür.
Şəhid ailələri və qazilər komitə tərəfindən hər zaman diqqətdə saxlanılır və qayğı ilə əhatə olunurlar. Komitə əməkdaşları həssas qrupdan olan və psixo-sosioloji dəstəyə ehtiyacı olan 104 ailəyə baş çəkib və iki mindən çox uşağa psixoloji yardım göstərilib. Regionlarda yaradılan dəstək mərkəzlərinin gördüyü işlərin əhəmiyyətindən danışan komitə sədrinin sözlərinə görə, yaxın zamanlarda Zəngilan və Füzulidə Uşaq və ailələrə dəstək mərkəzləri, Laçında isə Qadın resurs mərkəzi yaradılacaq.
Bahar Muradova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın bu il başa çatdığını və bununla bağlı ölkəmizdə beynəlxalq konfrans keçiriləcəyini də diqqətə çatdırdı.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”