Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə–Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya müəssisəsi inşa etməyə hazırlaşır.
Mütəxəssislərin bildirdiyinə görə, zavodun inşası reallaşacağı təqdirdə geniş zolaqda ətraf mühitin, ekosistemin pozulacağı, havanın zəhərli tullantılarla çirklənəcəyi, mal-qaranın və əkinlərin sıradan çıxacağı gözlənilir. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin ekoloji fəlakətlə üz-üzə qalacağını, ciddi xəstəliklərlə üzləşəcəyini indidən deməyə əsas verir.
Ekspertlər tərəfindən müəssisə fəaliyyətə başlayandan sonra onun fəsadlarından təkcə Naxçıvan, eləcə də respublikamızın digər bölgələri, habelə Türkiyə, İran, o cümlədən elə Ermənistanın da zərər çəkəcəyi vurğulanır. Həmçinin qeyd edilir ki, inşa ediləcək zavod Arazın sahilindədir. Ona görə də müəssisənin tullantılarının bu çaya axıdılacağı heç bir şübhə doğurmur. Belə bir vəziyyətin gerçəkləşəcəyi isə işğalçı dövlətin respublikamıza növbəti ekoloji terroru kimi vurğulanır. Belə ki, illərdir ki, Ermənistan indiyədək Zəngilan rayonu ərazisindən keçən Oxçuçayı Qacaran mis-molibden zavodunun və Qafan mis filiz saflaşdırma kombinatının toksiki tullantıları ilə çirkləndirir. Yaxud, Araz çayının qolu olan Şir arxı da ermənilər tərəfindən çirkləndirilir, onun ekoloji müxtəlifliyinə ciddi zərər vurur.
Amma təkzibedilməz faktlara əsaslanan bütün bu ekoloji terror hadisələri beynəlxalq qurumlar tərəfindən indiyədək susqunluqla qarşılanıb. Belə bir laqeyd münasibətdən sonra isə Ermənistan indiyə kimi insanlığa sığmayan əməllərini davam etdirib. İş o həddə çatıb ki, hətta Azərbaycana bu məsələdə haqq səsini ucaltdığına görə, hədə-qorxu gəlməkdən belə çəkinməyib. Məsələn, bir neçə gün bundan əvvəl Ermənistan mətbuatı Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini həyata keçirən “Virtual Funding” və “CSE Global” şirkətlərinin bəyanatını yayıb.
Bəyanatda həmin özəl qurumların nümayəndələri çox güman ki, Ermənistan rəhbərliyinin diqtəsi ilə, guya, Azərbaycanı bu müəssisənin tikintisinin qarşısını almaq cəhdinə görə, vurduğu ziyanda ittiham edir və buna görə də kompensasiya tələb edəcəklərini bildirirlər. Eyni zamanda, tikilən zavodun Azərbaycan üçün ekoloji problem yaradacağı ilə bağlı deyilənlərin yalan olduğunu vurğulayırlar. Adları çəkilən müəssisələrin nümayəndələri inşa ediləcək zavodda gələcəkdə hazır metalların armatura çevriləcəyini, heç bir zərərli tullantıların olmayacağını iddia edirlər.
Bəyanatın sonunda tikilən zavodun transsərhəd təsiri olmadığı üçün Azərbaycanın göstərdiyi beynəlxalq konvensiyaların heç bir müddəasının pozulmadığı da bildirilir.
Əlbəttə, bu bəyanatda səsləndirilən fikirlər, necə deyərlər, gözə kül üfürməkdən başqa bir şey deyil. Çünki Ermənistanın zavod tikməkdə xoş niyyəti olsa idi, sərhəddən kənarda, ölkənin mərkəzinə yaxın bir ərazidə belə bir müəssisəni inşa edərdi. Bu barədə məsuliyyət öz üzərlərində qalardı və digər ölkənin ərazisinə müdaxilə məqsədi daşımazdı.
Yeri gəlmişkən, məsələ ilə bağlı bir müddət əvvəl Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatları da bəyanat yaymışdı və o zaman işğalçı ölkənin ətraf mühit naziri həmin bəyanatda səsləndirilən haqlı çağırışları qəbul etməmiş, zavodun bütün hüquq normalarına uyğun tikildiyini bildirmiş, respublikamızın bu hadisəyə ciddi yanaşmasını isə Ermənistanın iqtisadi inkişafına maneə adlandırmışdı.
Şübhəsiz ki, erməni nazir bu sözləri deyərkən həqiqətə deyil, cəfəng fikirlərə əsaslanıb. Çünki Ermənistan bütün hüquq normalarına uyğun zavod tikirsə, niyə Azərbaycan və digər qonşu dövlətlərlə razılaşma əldə etməyib. Həmçinin işğalçı dövlət Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisə tikmək qərarına gələrkən transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Espo Konvensiyasını “unudub”. Halbuki Ermənistan həmin konvensiyanın şərtlərinə görə, ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstərib-göstərməyəcəyi barədə müddəanı diqqətdə saxlamalı idi. Başqa sözlə, Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılma aparmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlamalı idi.
Ermənistanın bu məsələdə əsas mövqeyi isə belə bir zavodun Azərbaycanla həmsərhəd ərazidə tikilməsi və bunun respublikamızla razılaşdırılmaması ərazimizə, kənd təsərrüfatına, ekoloji mühitə qəsdən yönəldilən ekoloji terroru davam etdirməsini deməyə əsas verir.
V.BAYRAMOV,
“Xalq qəzeti”

