“Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda yer alıb.
Məktubda həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş “Demokratiya və Milli Birlik Günü”nün Türkiyə dövlətçiliyi tarixində böyük şərəf günü olaraq qalacağı vurğulanır. Qeyd olunur ki, Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərinizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi.
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana məktubu bu sözlərlə bitir: “Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan–Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
* * *
Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edilərkən xalqın və Türkiyə Silahlı Qüvvələrinin düzənlədiyi uğurlu əməliyyat nəticəsində 22 saatdan sonra qiyam yatırıldı. Hökumətin 29 oktyabr 2016-cı ildə “Resmi Gazete”də yayımlanan qərarı ilə bütün ölkədə şəhidlərin ehtiramla anılması, qazilərə minnətdarlıq və şükranlığın bildirilməsi, xalqın demokratiyaya olan inancının və sadiqliyinin gələcək nəsillərə çatdırılması üçün 15 İyul “Demokratiya və Milli Birlik Günü” olaraq qəbul edildi.
“Dünyanı FETÖ-yə dar edəcəyik”
Bu sözləri Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələrin Xarici işlər nazirlərinin illik toplantısında iştirak etmək üçün İndoneziyanın paytaxtı Cakartada səfərdə olan Türkiyənin XİN-in rəhbəri Hakan Fidan söyləyib. H.Fidan İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə birgə mətbuat konfransında deyib ki, bütün qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik. FETÖ ilə mübarizəni milli təhlükəsizliyimizin ən mühüm məsələlərindən biri kimi görürük. Onlar Türkiyə düşmənlərinə xidmət edən çirkin siyasi məqsədləri üçün xalqımızın tarixindən doğan bütün müqəddəs dəyərlərdən amansızcasına sui-istifadə etdilər. Onların əsl üzünü görənlərə qarşı hər cür sui-qəsdlər qururlar.
TDT: Milli Birlik Günündə Türkiyənin yanındayıq
“Türkiyə dövləti və xalqı bu gün FETÖ terror təşkilatının xəyanətinə qarşı 15 İyul Demokratiya və Milli Birlik Gününü şərəflə qeyd edir. Demokratiyanın qələbə çaldığı Milli Birlik Günündə Türkiyənin yanındayıq. “Report”un Ankara bürosu xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı (TDT) Baş Katibliyinin bəyanatında bildirilib. Qeyd olunub ki, Türkiyə Cümhuriyyəti Fətullahçı terror təşkilatının 15 iyul 2016-cı il tarixində dövlətə, konstitusiya quruluşuna və xalqa qarşı törətdiyi xain çevriliş cəhdinə qarşı türk xalqı və təhlükəsizlik qüvvələri qəhrəmanlıqla şərəfli mövqe nümayiş etdirib: “Bu gün Türkiyə demokratik qələbəsinin yeddinci ildönümünü qeyd edir. Bu mənfur çevriliş cəhdi türk millətinin qanunun aliliyinə və ölkənin demokratik təsisatlarına sadiqliyini nümayiş etdirən daha bir qəhrəmanlıq dastanı ilə nəticələnib”.
“Bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcəyik”
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib:
“FETÖ qlobal şəkildə öz fəaliyyətini hələ də davam etdirir və sülhə qarşı öz xain planlarını hər zaman həyata keçirməyə çalışır”, – deyən səfirin sözlərinə görə, FETÖ ilk fürsətdə Türkiyəyə qarşı xain addımlar atmağa çalışır: “Onlar vətən xainidir və türk xalqı onları qəbiristanlıqlara belə girməyə icazə verməyib”.
Çıxışında “Yeddi il əvvəl 15 iyulda həlak olmuş 251 şəhidimizi hər zaman hörmətlə anacağıq və onların əziz xatirəsini daim yad edəcəyik”, – deyən C.Bağçı onu da xüsusi olaraq vurğulayıb ki, 44 günlük Vətən müharibəsində olduğu kimi 7 il əvvəl də Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandırılıb: “Bu, iki qardaş xalqın bir-birinə bağlılığının daha bir sübutu idi. Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcəklər”.
“Xalq qəzeti”