Mətbuat Şurası Makrona etiraz məktubu göndərdi

post-img

Azərbaycan Mətbuat Şurası Fransa Prezidenti Emmanuel Makrona ölkə Senatının sədri Jerar Larşenin paylaşımının Fransa mediasında yayılması və həmin paylaşımın yanlış təəssüratın formalaşmasına səbəb olması ilə bağlı açıq məktub ünvanlayıb. MŞ-dən “Xalq qəzeti”nə daxil olmuş məktubda bildirilib ki, Ermənistan Parlamentinin spikeri Alen Simonyan bu il iyulun 11-13-də Fransaya işgüzar səfəri çərçivəsində Senatın sədri Jerar Larşe tərəfindən qəbul edilib. J.Larşe iyulun 13-də özünün tvitter hesabındakı paylaşımında bildirib ki, A.Simonyanla ayın 11-də keçirdiyi görüşdə Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin dərhal açılmasını guya Ermənistanın təhlükəsizliyinin təminatı məqsədilə Fransanın ona müdafiə xarakterli silahlar verməsini tezləşdirməyi tələb edib. 

Məktubda vurğulanıb ki, Fran­sa parlamentinin yuxarı palatası olan Senatın rəhbərinin bu mövqe­yi Azərbaycan cəmiyyətində ciddi etiraz formalaşdırdığı kimi, ölkə­mizin media ictimaiyyətinin də na­razılığına səbəb olub. Həmçinin, Larşenin paylaşımının Fransanın ayrı-ayrı media orqanlarında ya­yılması və təqdir edilməsi də ciddi narazılıq doğuran məqamlardan biridir: “Hesab edirik ki, Senat sədrinin belə fikir bildirməsi həs­saslığı ilə seçilən Cənubi Qafqaz bölgəsində sülhün əldə edilməsinə yönələn səylərə qarşı çıxmaq cəh­didir. Təəssüf ki, bu cəhd müxtə­lif media vasitələrinin köməyi ilə Fransanın ictimaiyyətinə ötürülüb, bununla faktiki müharibə ab-ha­vasının formalaşdırılmasına start verilib”.

Hazırda Azərbaycanla Ermə­nistan arasında danışıqların da­vam etdiyinin vurğulandığı açıq məktubda, eyni zamanda, Azər­baycan mediasının iki ölkənin or­taq məxrəcə gəlməsi, sülh müqa­viləsinin imzalanması, bölgədə kommunikasiyaların tam açılma­sı, sərhədlərin delimitasiyası kimi məsələlərin həllinə yönəlmiş səy­ləri yaxından izlədiyi vurğulanıb. Avropa İttifaqının da diqqət mərkə­zində olan bu prosesə bütövlükdə böyük ictimai marağın mövcudlu­ğu önə çəkilib: “Mövcud şəraitdə, sülh gündəliyinin aktuallıq daşı­dığı bir zamanda cənab Larşenin Ermənistanın silahlandırılması və yekun nəticədə isə regionun mili­tarizasiyası məqsədini güdən bu mesajını yolverilməz hesab edirik”. 

Müraciətdə o da vurğulanıb ki, otuz ilə yaxın müddətdə münaqişə­nin ədalətli həllinə yönəlmiş hər hansı addımın atılmaması, əksinə, Ermənistanın davamlı silahlandı­rılması işğalçının yeni cinayətlərə hədəflənməsinə şərait yaratdı. “Hesab edirik ki, beynəlxalq aləm, o cümlədən Fransa ictimaiyyəti və mediası ilk növbədə bunu nəzərə almalı, regionda gərginliyin daha da artmasına və arzuolunmaz ssenarilərin yaşanmasına qarşı müqavimət göstərməlidir. Cənab Larşenin fikirlərinin təbliği yaşadı­ğımız coğrafiyada hələ də kövrək olan sülh gündəmini təhlükəyə atır, millitarizmin vüsət alması üçün zə­min yaradır. Bu, Azərbaycan cə­miyyətinin müxtəlif təbəqələri kimi, ölkəmizin mühüm ictimai institut­larından sayılan, tərkibində apa­rıcı media orqanlarını və jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurasını da məyus edir və təəs­süfləndirir. Azərbaycan jurnalistlə­ri hesab edirlər ki, indi yaranacaq hansısa xoşagəlməz hala, silahlı eskalasiyaya və digər gərginlik tə­mayüllərinə görə məsuliyyət birba­şa Fransa dövlətinin və onun rəh­bərliyinin üzərinə düşəcək”, – deyə sənəddə bildirilib. 

MŞ-nin məktubunda Fransa rəhbərliyinin birtərəfli mövqeyini, Ermənistanı silahlandırmaqla regi­onda qeyri-sabitliyin daha da güc­lənməsinə yönəlmiş siyasətini ye­nidən nəzərdən keçirəcəyinə ümid ifadə olunub: “Onu da diqqətinizə çatdırmaq istərdik ki, hazırkı dövrə kimi Fransa tərəfindən Ermənis­tana piyada döyüş maşınlarının, Fransanın lisenziyası ilə Hindis­tanda istehsal olunan artilleriya və raket sistemlərinin va digər hücum və öldürücü ağır silahların veril­məsinə dair faktlar vardır. Bundan başqa, Fransanın Ermənistanda hərbi attaşe ofisini yaratdığı da bil­dirilir. Ümid edirik ki, qeyd edilmiş bu məsələlər ciddi araşdırılacaq, bizim sorğularımız cavablandırıla­caq və Fransa dövləti bütün bunla­ra aydınlıq gətirəcəkdir”. 

MŞ məktubunda Makronu qaldırılan məsələyə həssas ya­naşmağa, Cənubi Qafqazda da­vamlı sülhün dəstəklənməsinə səy göstərməyə çağırıb: “İnanmaq istərdik ki, çağırışımıza adekvat münasibət ortaya qoyulacaq və Fransa bundan sonra Azərbay­canla Ermənistan arasında prob­lemlərin həlli məsələsində ədalətli mövqe nümayiş etdirəcək, gərgin­liyin aradan qalxmasına töhfə ver­məklə, hər iki ölkənin xalqlarının dinc və əmin-amanlıq şəraitində yaşaması kimi bəşəri missiyanın gerçəkləşməsinə kömək göstərə­cəkdir”.

“Xalq qəzeti”

Siyasət