Böyük Britaniyanın İrəvandakı səfirliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolunda “son dərəcə mühüm işlər” gördüyünü bildirir
Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq, aprelin 23-də Ermənistanla şərti sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması çoxlarının yuxusuna haram qatıb. Halbuki Azərbaycan qeyri-adi bir iş görməyib, beynəlxalq norma və qaydalara uyğun olaraq, qonşu ölkə ilə sərhədində nəzarət-buraxılış məntəqəsi yaradıb. Bu məntəqə ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin hər iki tərəfdən maneəsiz gediş-gəlişi təmin edilib.
Ancaq iyunun 15-də qarşı tərəfin törətdiyi təxribat bu məntəqənin normal fəaliyyətinə mane olub. Nəticədə onun işinin ahəngi pozulub. Bundan sonra haylar bütün dünyada Azərbaycanın onları “blokada”da saxlaması barədə haray-həşir qoparıblar. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar təmkinli davranaraq, ermənilərin bu təxribatına uymur, hayların xislətinin nədən ibarət olduğunu bildikləri üçün Azərbaycanın mövqeyini də dinləməyə üstünlük verirlər.
Bu istiqamətdə məyusluq doğuran son hadisə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələri ilə bağlı baş verib. Məsələ ondadır ki, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, onlar müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb. Beləliklə, BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də haqlı olaraq, ölkəmizin humanitar təşkilat olan komitəyə etimadından sui-istifadə olunması kimi qiymətləndirilib. Məhz bu kimi faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda, bütün qaçaqmalçılıq faktları yerində əməliyyat çəkilişləri ilə sənədləşdirilib.
***
Ortada daşdan keçən faktların mövcudluğuna baxmayaraq, ermənilərin havadarları hadisələrə müxtəlif rənglər qatmağa, onu istədikləri kimi təqdim etməyə cəhdlər edirlər. Əfsuslar olsun ki, onların sırasına Böyük Britaniyanın Ermənistandakı səfirliyi də qoşulub. Səfirlik iyulun 15-də BQXK-nın Cənubi Qafqazdakı fəaliyyəti ilə bağlı bəyanatla çıxış edib. Diplomatik idarə bəyan edib ki, BQXK uzun illər ərzində Cənubi Qafqazda, o cümlədən Laçın yolunda son dərəcə mühüm işlər görüb. Komitənin buradakı fəaliyyəti yerli əhalinin həyati vacib mal və xidmətlər, o cümlədən xilasedici dərmanlar və səhiyyə xidmətləri əldə etməsində dəstək verməkdən ibarət olub. “Böyük Britaniya Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini və onun davam edən işini güclü şəkildə dəstəkləyir. Birləşmiş Krallıq bütün tərəfləri humanitar yardımı siyasiləşdirməkdən çəkinməyə çağırır”, – deyə, səfirliyin bəyanatında bildirilib.
***
Qeyd edək ki, Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən BQXK ilə əməkdaşlığa hər zaman böyük önəm verib. Ölkəmiz öz üzərinə götürdüyü öhdəlikləri də vaxtlı-vaxtında yerinə yetirib. İyulun 14-də Xarici işlər naziri Ceyhun Bayramov ilə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koyiç arasında keçirilən görüşdə də ikitərəfli əməkdaşlıq məsələləri, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində yaranmış son vəziyyət, habelə BQXK-nin ölkəmizin Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. C.Bayramov sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış son vəziyyətlə əlaqədar bildirib ki, iyunun 15-də məntəqənin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin BQXK-ya məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir.
BQXK-nin 11 iyul tarixli açıqlamasında bəyan edilməmiş məhsulların keçirilməsi fəaliyyətlərini dəstəkləmədiyini diqqətə çatdırmasının və belə yükləri daşıyan nəqliyyat vasitələrinin sürücülərinin xidməti müqavilələrinə xitam verilməsinin qeydə alındığı və təqdirəlayiq olduğu bildirilib. Gələcəkdə bu kimi halların qarşısının alınmasının zəruri olduğu vurğulanıb.
Aparılmış müzakirələr zamanı, zəruri qaydalara riayət etməklə, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd nəzarət-buraxılış məntəqəsindən keçidinin davam etməsinin mümkünlüyü Ceyhun Bayramov tərəfindən bildirilib. Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə isə Azərbaycan tərəfinin Ağdam–Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu bir daha xatırlanıb.
Yeri gəlmişkən, Qarabağ ermənilərinin reinteqrasiyasının əsas əleyhdarlarından olan Ruben Vardanyanın rəhbərlik etdiyi “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qondarma qurum dərhal bu təklifin əleyhinə çıxıb: “Bəyan edirik ki, Azərbaycanın təklif etdiyi Ağdam–Xankəndi marşrutu bizim üçün qırmızı xəttdir və onun keçilməsinə imkan verməyəcəyik. Çünki Ağdam yolunun Sumqayıta gedən yol olması tarixin təsdiq etdiyi faktdır”. Bununla da Vardanyanın ətrafında cəmləşmiş özü kimi destruktiv qrup Azərbaycanın daha bir təklifinə qarşı çıxmış olub. Ancaq onlar unudurlar ki, hər dəfə bu cür təkliflər edilməyəcək. Necə ki, Qarabağ erməniləri ilə görüş dəvəti iki dəfə edildi. Prezident İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə dediyi kimi, daha üçüncü dəvət olmayacaq: “Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”.
Bu mənada, Qarabağ erməniləri edilən təklifləri dəyərləndirməli, BQXK kimi qayəsində humanizmin dayanmalı olduğu təşkilatlar isə onlardan sui-istifadə edilməsi hallarına imkan verməməlidirlər. Onlar kiminlə işlədiklərinə, avtomobillərində nələrin daşındığına xüsusi diqqət yetirməlidirlər. Əks-təqdirdə, BQXK-nin tarixinə silinməz ləkələr düşəcək.
İlqar VƏLİZADƏ,
politoloq
– Biz dəfələrlə müşahidə etmişik ki, müxtəlif ölkələrin İrəvandakı səfirlikləri daha çox Ermənistanın maraqlarına uyğun açıqlamalar yayırlar. Böyük Britaniya səfirliyi də sanki erməni tərəfinə xoş gəlmək üçün qeyd olunan bəyanatı yayıb. Ancaq diplomatlar bilməlidirlər ki, bu, Azərbaycan üçün həssas məsələdir. O cümlədən Böyük Britaniya səfirliyi başa düşməlidir ki, bu həssas məsələdə bir qədər ehtiyatla davranmaq lazımdır. Səfirliyin açıqlamasında ehtiyatlılıq görünmür. Bu, bütövlükdə, Böyük Britaniya hökumətinin yanaşması yox, səfirin təşəbbüsü kimi qiymətləndirilə bilər. Düzdür, bu, bizim üçün arzuolunmaz açıqlamadır, ancaq burada dərin siyasət axtarmaq da doğru olmazdı. Əgər bu bəyanatla Böyük Britaniya Xarici İşlər Nazirliyi çıxış etmiş olsaydı, bizim qiymətləndirməmiz də fərqli olardı.
Bir məqama da toxunmaq istərdim. Bu cür açıqlama yayan ölkələrin səfirlikləri başa düşməlidirlər ki, onlar bununla öz səlahiyyətlərini aşırlar. Laçın yolu, Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycana məxsusdur. Ermənistandakı səfirliklərin bu ərazilərdə baş verənlərə qarışmağa heç bir ixtiyarı yoxdur. Onlar öz ölkələrini Ermənistanda təmsil edirlər. Bu baxımdan onlar belə bəyanatlarla səlahiyyətlərini və hədlərini aşırlar.
Beynəlxalq Qırmızı Xaç Komitəsi digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təmsilçilik prinsipinə riayət etməlidir. Yəni, onun baş ofisi Bakıda yerləşirsə, digər bölgələrdəki təmsilçilik ofisləri, o cümlədən Xankəndidəki ofis Bakıdakı baş ofisə tabe olmalıdır. Təəssüf ki, beynəlxalq təsisatlar mövcud siyasi-hüquqi reallıqları olduğu kimi dərk edə bilmirlər. Son hadisələr göstərir ki, bu proses çox mürəkkəb və təzadlı keçir. Azərbaycan sərhədçiləri öz səlahiyyətləri çərçivəsində addım atırlar. Bu isə qıcıqla qarşılanır. Biz erməniləri və onlara qahmar duran bəzi qüvvələri başa salırıq ki, bura Azərbaycanın suveren əraziləridir. Ancaq yaxşı olardı ki, bu iş Azərbaycan sərhədçiləri tərəfindən edilməsin, onlar özləri şüurlu şəkildə bunu dərk etsinlər.
Səxavət HƏMİD, “Xalq qəzeti”