“Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar”.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.
Nazir olimpiadaların təşkil edildiyi ilk illərdə müsabiqələrə çox az sayda məktəblinin qatıldığını, lakin son dövrlərdə bu prosesin artıq olimpiada hərəkatına çevrildiyini bildirib.
E. Əmrullayev çıxışının sonunda qalibləri və onların valideynlərini təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.
Mərasimdə respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə diplom və mükafatlar təqdim olunub.
Bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.