Azərbaycan heyəti Beynəlxalq Əmək Təşkilatında

post-img

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilib.

Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev rəqəmsal həllərin genişləndirilməsi, süni intellektdən səmərəli istifadənin ölkəmizin əsas prioritetlərindən olduğunu, bu istiqamətdə görülən işləri qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında son illər Azərbaycanda həyata keçirilən sosial islahatların uğurlarını, sosial ödənişlərdə, əmək müqavilələrinin sayında ciddi artımları diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində 150 xidmətin 90 faizdən çoxu rəqəmsallaşdırılıb, 50-dən çoxu proaktiv şəkildə təqdim olunur. “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır və əmək qanunvericiliyinə əməl olunmasının elektron auditinə də imkan verir. Aktiv əmək müqavilələrinin 97 faizi bu e-sistem üzərində elektron şəkildə bağlanıb.

Nazir DOST konsepsiyasının üstünlükləri və uğurlarını da qeyd edib. O, Azərbaycanın BƏT-in artıq 60 Konvensiyasına qoşulduğunu, Təşkilatın daha 4 Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya imkanlarının nəzərdən keçirildiyini bildirib. Azərbaycan və BƏT arasında iki Layiqli Əmək Ölkə Proqramı uğurla həyata keçirildiyini deyən Anar Əliyev ötən ilin sonunda növbəti, 2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının imzalandığını bildirib. O, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işlərini, doğma yurdlarına köçürülən sakinlərin layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığının təmin edildiyini vurğulayıb.

Sessiya çərçivəsində nazir BƏT-in Baş direktoru Jilber Hunqbo ilə görüşüb. Görüşdə BƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Jilber Hunqboya təqdim edib. Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşündə ölkələrimiz arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib.

BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə ölkəmizin BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.

XQ



Son xəbərlər