Beynəlxalq platformada gedən sülh danışıqlarında “rəqabətədavamlı gündəlik” formalaşdırmağa çalışan İrəvan qeyri-ciddi arqumentlərdən, məzmunsuz açıqlamalardan əl çəkmir...
Bu dəfə Belçika paytaxtından müsbət xəbərlərin gələcəyinə ümidlər daha çox idi. Çünki Aİ Şurasının rəhbəri Şarl Mişelin Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında təşkil etdiyi üçtərəfli görüş əvvəlcədən elan olunduğu vaxtdan altı gün tez baş tutdu. Elə bu faktın özü sülh danışıqlarının növbəti raundunun konkret nəticə ilə, yəni tərəflər arasında hansısa sənədin imzalanması ilə yekunlaşağını proqnozlaşdırmağa əsas verirdi.
Üçtərəfli görüşdən bir gün əvvəl – iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfərə gedib. İkitərəfli görüş çərçivəsində İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə ona təşəkkürünü bildirib, Brüssel formatının səmərəli olduğunu vurğulayıb. Üç saat davam edən söhbət əsnasında tərəflər Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıblar.
Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşündə bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Şarl Mişel bildirib. O, qeyd edib ki, görüşdə hər iki ölkənin – Ermənistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilib. “Bugünkü görüş çox məhsuldar keçib”. “Report”un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri Aİ Şurasının Prezidenti Şarl Mişel deyib. “Biz altıncı görüşü yenicə başa vurduq. Bu, çox məhsuldar oldu. Biz səylərimizdə çox mühüm dövr keçirik”, – deyən Ş.Mişelin sözlərinə görə, görüş zamanı iki ölkənin lideri 1991-ci il “Almatı Bəyannaməsi”nə, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə sadiq qaldıqlarını təsdiqləyiblər.
Məlumatda o da qeyd olunur ki, tərəflər arasında müzakirə olunan məsələlərin həlli istiqamərində işin sürətləndirilməsi barədə razılıq əldə edilib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, bununla da İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.
Real nəticəsiz daha bir görüş
Gözlənilən sülhün vaxtını ölçən şəffaf qum saatındakı axırıncı dənələrin harada töküləcəyi indi hamının marağındadır: Brüsseldə, Vaşinqtonda, yoxsa Moskvada? Azərbaycan üçün Ermənistanla sülh sazişinin bu şəhərlərin hansında imzalanaraq adının tarixə düşəcəyi az əhəmiyyətlidir. Bakıdan ötrü ən önəmli məsələ düşmənçiliyə – “nə müharibə - nə sülh” durumuna son verilməsi, sülh dönəminin bölgəyə daha tez qədəm qoymasıdır. İntəhası, burada vacib şərt bu təbii istəyin böyük güclərin maraqları ilə üst-üstə düşməsidir.
Bu dairənin qapanması üçün ən önəmli halqanın Rusiyanın olduğunu söyləməyə ehtiyac duyulmur. Hazırda birmənalı şəkildə qəbul edilməli həqiqət odur ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında, sülh danışıqlarının vasitəçisi kimi özünün siyasi eksklüzivliyini itirmək üzrədir. Həm də son vaxtlar Kreml üçün bu xoşagəlməz tendensiyanın sürəti artıb. Bu isə onu güman etməyə əsas verir ki, ABŞ və Avropa İttifaqının (Brüsselin – İ.B.) moderatorluğu ilə imzalanacaq çərçivə sazişi Moskva üçün bu arzuolunmaz tendensiyanı bir az da gücləndirəcək. Doğrudur, Kreml sözdə, guya, Qərb platformalarında aparılan sülh dialoquna tərəfdar olduğunu göstərir. Elə Brüssel danışıqlarından az öncə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlamasında demişdi ki, rəsmi Moskva digər treklərdə konstruktiv məcrada aparılan sülh prosesini dəstəkləyir. Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyük olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyi istisna edilmirdi. Bu, sülh sazişi üzrə niyyət protokolunun, yaxud bəyannamənin imzalanması ola bilərdi. Fəqət, bunların heç biri baş vermədi və Aİ Şurasının rəhbəri Şarl Mişel tərəflərin danışıqların bu raundunda sülh prinsiplərinə sadiq qaldıqlarını söyləməklə kifayətləndi. Bəli, 15 iyul Zirvəsi ilə bağlı skeptik proqnozlar verən siyasi ekspertlər yanılmadılar.
Sözdən əmələ keçməyin vaxtıdır
Brüsseldəki şənbə Zirvəzindən əvvəl Prezident İlham Əliyev bəyan etmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, amma, bu, kağız üzərinə keçməlidir. İndiyə qədər tərəflərin imzaladığı yeganə sənəd Rusiyanın vasitəçiliyi ilə baş tutub, hərçənd, son illər Qərb vasitəçilikdə daha aktualdır, xüsusilə Brüssel formatı artıq ənənəyə çevrilib. Avropa İttifaqı artıq prosesin rəsmi formada sənədləşməsini istəyə bilər. Bu, Aİ-yə həm konkret nəticələrin əldə edilməsi, həm də Rusiyaya qarşı alternativ platformanın gücləndirilməsi baxımından lazımdır. İlham Əliyevin üçtərəfli danışıqlardan öncə Brüsselə səfəri və Şarl Mişellə 3 saat davam edən görüşü bu kontekstdə diqqət çəkir. Üçtərəfli danışıqların yeni mərhələyə daşınması üzərində müzakirələrin aparıldığı ehtimalı istisna deyil. İndiki məqamda rəsmi İrəvanın sülh sazişi ilə razılaşmayacağı aydındır. Nikol Paşinyan “Bakı-Xankəndi formatı”, Qarabağ erməniləri üçün “beynəlxalq mexanizm” kimi məsələlər üzərində dayanacağı gözlənilən idi. Onun Laçın postunun açılmasında israr edəcəyi də “təbiidir”. Əslində, Xankəndidəki aksiya ona danışıqlarda “ermənilər reinteqrasiya istəmirlər”, “Laçın postunun açılması tələbi var” demək imkanı üçün gərək idi. Xankəndidə separatçıların təşkil etdiyi mitinq məhz buna hesablanıb. Bu baxımdan, “ümumxalq mitinqi”nin Brüssel Zirvə görüşü öncəsi Ermənistan iqtidarının sifarişi olduğunu deməyə əsas verir. Yəni bu, Paşinyanın üçtərəfli görüşə “özünəməxsus hazırlığı”, bir növ oyunu idi. Ötən gün ərzində bu versiyanın doğruluğuna dəlalət edən digər məqamlar da ortaya çıxdı.
Vaşinqtonun yeddi şərti
Ermənistanın “İravunk” nəşrinin yazdığına görə, Ağ ev İrəvanın qarşısına 7 tələb qoyub. Qəzet iddia edir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu yaxınlarda Vaşinqtonda səfərdə olarkən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb və həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni müzakirə olunub. “İravunk”un versiyasına görə, Ağ ev Qriqoryanın şəxsində İrəvanın qarşısına 7 tələb qoyub. Bunlar – sülh müqaviləsi ilin sonunadək, həm də yalnız Vaşinqtonda imzalanmalıdır; Ermənistan cənub rayonlarında 65 min azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürməlidir; Zəngəzur bölgəsində Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll edəcək struktur Bakı tərəfindən açılmalıdır; Ermənistan 2026-cı ilə qədər Rusiyanın hərbi bazasını öz ərazisindən çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəz etməyi öhdəsinə götürməlidir; İrəvan SSRİ-nin xəritələrində qeyd olunan anklavları Azərbaycana qaytarmalıdır; Zəngəzur dəhlizi beynəlxalq gömrük təşkilatının iştirakı ilə, yəni Rusiyanın iştirakı olmadan açılmalıdır; Ermənistan Qarabağdan tamamilə imtina etməlidir.
Vaşinqtonun bu tələblərinin reallığa nə dərəcədə yaxın olduğu, yaxud, ictimai rəyi “öyrənmə” niyyətini güddüyü tezliklə bilinəcək. İlk baxışda həmin tələblərin heç birində beynəlxalq hüquqa zidd nəsə yoxdur.
Günah bizdən ötdü
Hər şeydən göründüyü kimi, Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, dediyini kağız üzərində rəsmiləşdirməyə tələsmir. Bu isə regionda, o cümlədən şərti sərhəddə, Qarabağ iqtisadi rayonumuzda gərginliyin artacağını vəd edir. Məsuliyyət isə, buna qədər törətdiyi bütün hərbi təxribatlarda olduğu kimi, yenə İrəvanın boynuna düşəcək. Yəni, bundan sonra baş verəcəklərə görə məsuliyyət daşıyacaq bir tərəf olacaq – Ermənistan. Necə deyərlər, günah adladı qarşı tərəfə.
P.S. Brüsseldə üçtərəfli sülh danışıqları başa çatmamış Rusiya XİN bəyanatla çıxış edib: “Rusiya Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü, ardınca isə Moskvada sülh müqaviləsinin imzalanması üçün sammit təşkil etməyə hazırdır”. Rusiya XİN-nin dünən verdiyi bəyanatında daha sonra deyilir ki, bundan əvvəl əldə edilmiş razılaşmalar əsasında rəsmi Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına dərhal başlanılmalıdır.
İmran BƏDİRXANLI,“Xalq qəzeti”