Ermənistanda qanunvericilik zəminində yeni avantüra irəli sürülüb. Söhbət Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının kriminallaşdırılması “ideyasından” gedir. Belə görünür ki, 44 günlük müharibə Ermənistanın təkcə darmadağın olmasını şərtləndirməyib, eyni zamanda, hayların ağlını da başından alıb. Hər halda qeyd etdiyimiz məsələ ilə bağlı “Hayakve” təşəbbüsünün ortaya atılmasını başqa cür qiymətləndirmək mümkünsüzdür.
Əslində, belə bir qanunvericilik avantürizminin reallaşması Ermənistan üçün ölüm hökmüdür. Ancaq görünür, ölkədə bunu anlayanlar azdır. Əlbəttə, məqsəd baş nazir Nikol Paşinyana qarşı çıxmaqdırsa, bütün sərsəmləmələrin məqbulluğu məntiqi əsas götürülür, sonrakı nəticələr hesablanmır. Nəzərə alaq ki, Qarabağ da daxil olmaqla, 86,6 min kvadratkilometrlik ərazidə Azərbaycanın suveren haqlarını tanıdığını bəyan edən baş nazir Paşinyandır. Onu devirmək istəyənlər isə elə bilirlər ki, hər cür axmaqlığı gündəmə gətirməklə, baş nazirin mövqelərini sarsıdacaqlar. Hər bir halda, deməliyik ki, kimə ünvanlanmasından asılı olmayaraq, belə bir “təşəbbüsün” ortaya atılması Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə ciddi zərbədir.
Onu da vurğulayaq ki, Ermənistanın hakim siyasi dairələri “Hayakve” ideyasına açıq şəkildə əks çıxmaq istəmirlər. Əlbəttə, bir halda ki, erməni iqtidarı Qarabağ erməniləri müstəvisində manipulyasiyalarını davam etdirir, onun bölgənin Azərbaycan ərazisi kimi tanınmasının kriminallaşdırılmasına sərt etiraz bildirməsi gözlənilən deyil. Təbiidir ki, dəstək verməsi də mümkünsüzdür. Ən azı ona görə ki, buna qarşılıq Bakının mütləq gücə əl atacağından qorxur. Axı, hamı yaxşı bilir ki, Qarabağ Azərbaycan ərazisidir. Ermənistan parlamenti isə bunun tanınmasının yolverilməzliyinə dair qərar versə, deməli, İrəvanın beynəlxalq hüquqa aşkar sayğısızlığı ortaya çıxacaq. Bakının isə sərt reaksiya verməsi üçün ciddi əsas yaranacaq.
Bəs, Ermənistanın hakim siyasi dairələri “Hayakve”yə münasibətdə nə edir, hansı tədbirləri görürlər? Əslində mövcud xüsusda da hər hansı yenilik yoxdur. Paşinyan 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətin günahını kimin boynuna atırsa, eyni hərəkəti başqaları da edirdilər. Bunlardan biri də Ermənistanın hakim “Vətəndaş sazişi” parlament fraksiyasının deputatı Gevorq Papoyandır.
“Uzun illərdir İrəvanın Qarabağın müstəqilliyini niyə tanımaması məsələsində keçmiş Ermənistan hakimiyyətinin mövqeyi ona əsaslanırdı ki, tanınma müharibəyə gətirib çıxaracaq, çünki tərəflərin manevr imkanları puça çıxır və danışıqlar mənasızlaşır. Bu qanunvericilik təşəbbüsünün qəbulu zamanı oxşar vəziyyət yaranır. Bu cür qərarların yolu ilə getsək, onların nəticəsi həm bizim, həm də Azərbaycan üçün manevr imkanlarının azalması olacaq”, – deyə Papoyan bildirib. O, eyni zamanda vurğulayıb ki, Cinayət Məcəlləsinə qeyd etdiyimiz əlavənin qəbulu “erməni tərəfinə heç nə verməyəcək, ancaq təcavüz üçün bəhanə olacaq”.
Göründüyü kimi, deputat Papoyan da baş nazir N.Paşinyan və onun komandasındakı digər şəxslər kimi, keçmişə yüklənmək yolu tutur. Ancaq onun sözlərindən belə nəticəyə gəlmək mümkündür ki, sabiq iqtidar Qarabağın müstəqilliyinin tanınmaması ilə bağlı doğru qərar verib. Deməli, ekslərin hər işi pis idi, yalnız bu, yaxşı imiş. Hər halda, mövcud mənzərə erməni siyasi istableşmentinin çaş-baş duruma düşdüyünün təsdiqidir.
Ancaq ümumən onu da deməliyik ki, Papoyan sözügedən avantüra kontekstində onu ortaya atanları qorxutmaqla, əslində, yaxşı iş görür. Bu mənada deputatın daha sonra söylədikləri də önəmlidir. O deyir ki, əgər Ermənistan sərt mövqelər tutmağa başlayarsa, o zaman “yaxın bir saniyədə genişmiqyaslı təcavüzün başlayacağına” hazır olmalıdır. “Bu təcavüz həm Ermənistana, həm də Qarabağa yayılacaq”.
Əlbəttə, Papoyanın Bakının Ermənistana təcavüz üçün səbəb axtardığını bildirməsi cəfəngiyyatdır. Eləcə də, ölkəmizin, guya, militarist istəklərindən əl çəkmədiyini, yeni müharibə istədiyini deməsi də həmçinin. Papoyanın təmsil olunduğu komandanın çevik siyasəti sayəsində indiyədək işğalın qarşısının alındığını söyləməsi isə cəfəngiyyata rəng qatmaq cəhdindən başqa bir şey deyil. Çünki Ermənistan hakimiyyəti kontruktiv mövqe tutmur. Burada səbrini basıb dayanmış tərəf isə Azərbaycandır. Əlbəttə, səbrin və təmkinin də bir sərhədi var. Təbiidir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının kriminallaşdırılması cəfəngiyyatı reallaşmış olsa, bu, bütün “qırmızı cizgilər”in aşılması reallığını doğuracaq, Paşinyanın vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından da ağır vəziyyət formalaşdıracaqdır.
R.ƏVƏZ, “Xalq qəzeti”