Naxçıvanın blokadası Zəngəzurun Ermənistana verilməsi ilə başlanmışdı

post-img

Qədim zamanlardan Oğuz türklərinin məskunlaşdığı, əzəli və tarixi torpağımız olan, indiki Ermənistan Respublikasının cənub-şərqində yerləşən Zəngəzur ərazisi Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə sərhədlənən, qədim zamanlardan Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olan və əhali tərəfindən Zəngəzur mahalı kimi tanınan bu ərazinin bir hissəsi xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlıqlarının tərkibində olmuşdur. 

Mahal ərazisinə daxil olan torpaqlar el qaydası ilə Qarakilsə, Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələrinə bölünmüşdür. XIX yüzilliyin əvvəllərində Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra ölkəmizə məxsus digər torpaqlar kimi, əhalisi əsasən Azərbaycan türklərindən ibarət olan Zəngəzur ərazisinə də  müxtəlif yerlərdən xeyli erməni əsilli əhali köçürülmüş, bununla da ərazidə ermənilərin sayı məqsədli şəkildə,  süni surətdə artırılmışdır.

1829-cu ildən Qarabağ əyalətinin tərkibində olan Zəngəzur ərazisinin hesabına 1861-ci ildə Rusiya imperatorunun fərmanı ilə eyni adlı qəza – Zəngəzur qəzası yaradılmışdı. Ancaq, bir neçə il sonra, 1867-ci ilin dekabrında Yelizavetpol (Gəncə) quberniyası yaradılarkən Zəngəzur qəzası onun tərkibinə verilmişdi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, həmin vaxt qəza idarə sistemi fəaliyyət göstərən Zəngəzurun ərazisi 6742, 92 kvadratverst idi. 1918-ci ildə Zəngəzur qəzasında mövcud olan 222 yaşayış məskənindən 116-sı azərbaycanlılara məxsus idi. 1920-ci ildə Zəngəzurda yaşayan 224 min 197 nəfər əhalinin 70 faizini Azərbaycan türkləri təşkil edirdi. Ermənilərin dövlət siyasəti səviyyəsinə qaldırdığı etnik təmizləmə siyasəti nəticəsində bütün Ermənistan Respublikasında olduğu kimi, ona sovet hökuməti tərəfindən hədiyyə edilən Zəngəzurda da əhalinin deportasiyası öz mənfi nəticələrini vermiş, orada azərbaycanlılar yaşayan kəndlərin sayı 1931-ci ildə 87-yə, 1986-cı ildə 40-a enmişdi. 

XIX yüzillik boyu buraya köçürülən və yaranmış vəziyyətdən istifadə edən ermənilər Rusiya imperiyası dağıldıqdan sonra – 1917-ci ilin martından 1918-ci ilin mayınadək Zəngəzur ərazisində türk-müsəlman əhaliyə qarşı böyük soyqırımları törətmiş, onlarca yaşayış məskənini dağıtmış, əhalini deportasiya etmişlər. Bu qırğınlar 1918-ci il may ayının sonlarında Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının  yaranmasından sonra da davam etdirilmişdir. Təkcə erməni quldurlarından Andronikin, Njdenin və Dronun dəstələrinin basqınları nəticəsində 1918-ci ildə Zəngəzurun 115 kəndi yerlə-yeksan edilmiş, əhalisinə divan tutulmuşdu. Bu qırğınlar zamanı 3257 kişi, 2776 qadın, 2196 uşaq qətlə yetirilmiş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, bütün qəza üzrə 10068 nəfər müsəlman əhalisi öldürülmüş və şikəst edilmiş, 50 mindən çox şəxs didərgin düşərək Azərbaycanın qonşu kəndlərinə pənah gətirmişdi.

Həmin dövrdən Azərbaycan Xalq Cümhuriyyəti imkan daxilində Zəngəzurda və Azərbaycanın digər yerlərində ermənilər tərəfindən törədilən qırğınlara son qoymaq üçün müəyyən tədbirlər həyata keçirdi: 27 iyul 1918-ci ildə Zəngəzur komendantına qayda-qanunun bərpası üçün 50 min manat pul ayrıldı. 13 yanvar 1919-cu ildə Cavanşir, Şuşa və Cəbrayıl qəzalarının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradıldı. Bütün bunlara baxmayaraq,  Ermənistan öz təcavüzkar hərəkətlərini davam etdirir, ərazidə yeni faciələr törədirdi. 

23 noyabr 1919-cu ildə Tiflisdə ABŞ nümayəndələrinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanan 5 bənddən ibarət müqavilənin 2-ci bəndində nəzərdə tutulurdu ki, “Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilməsi və açılması, onlarla dinc hərəkətlər üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar”. Müqavilənin imzalanmasından az sonra bu sənədin digər bəndlərinin şərtlərinə də əməl edərək Azərbaycan öz qoşunlarını Zəngəzurdan çıxardı, Ermənistan isə nəinki qoşunlarını Zəngəzurdan çıxarmadı,  əksinə buraya əlavə qoşun hissələri gətirdi və yerli müsəlman-türk əhaliyə qanlı divan tutdu. Ümumiyyətlə, 1920-ci ilədək törədilmiş milli qırğın və terror hesabına Azərbaycanın 9800 kvadratkilometr  ərazisi Ermənistan tərəfindən zəbt edildi. O dövrdə Basarkeçər və Vedibasar mahalı,  Zəngəzur qəzasının bir hissəsi Ermənistanın əlinə keçdi.

Xalqımıza qarşı ermənilər tərəfindən törədilən soyqırımları Ermənistanda sovet hökuməti qurulduqdan sonra da davam etdirildi. Ona görə də, 1920-ci il aprelin 30-da Azərbaycan SSR XKİK sədrinin müavini Mirzə Davud Hüseynov tərəfindən Ermənistan hökumətinə nota göndərildi. Notada onlardan 3 gün müddətində Qarabağı və Zəngəzuru öz qoşunlarından təmizləmək, öz sərhədlərinə çəkilmək, millətlərarası qırğına və ədavətə son qoymaq tələb olunurdu. Ancaq, Anastas Mikoyan və digər erməni liderlərinin “Zəngəzurun, Naxçıvanın və Qarabağın Ermənistana verilməsi ermənilərin sovet hakimiyyətinə inamını və rəğbətini artıra bilər” ideyasından çıxış edərək, həmin ilin dekabrında Azərbaycan Sovet Rusiyasi tərəfindən Zəngəzurun böyük bir hissəsini Ermənistana “bağışlamağa” məcbur edildi. 

Cənubi Qafqazda sovet hakimiyyəti bərqərar olduqdan sonra vaxtilə daşnak S.Şaumyan və A.Mikoyan tərəfindən Zəngəzurla əlaqədar hazırlanmış planın gerçəkləşdirilməsinə başladılar. Ərazidə “etnik təmizləmə” siyasətinin həyata keçirilməsi, azərbaycanlıların deportasiya edilməsi, müxtəlif bəhanələrlə həbs olunmaları, güllələnmələri, sürgünə məhkum olunmaları, beləliklə, bölgədə onların sayının azaldılması, ermənilərin sayının isə süni surətdə artırılması sahəsində fəaliyyətlərini genişləndirdilər. Zəngəzurun yuxarı və qərb hissəsində möhkəmlənən və bütün bunlarla kifayətlənməyən ermənilər Zəngəzur mahalına məxsus digər torpaqların da ələ keçirilməsi üçün canfəşanlıqla çalışır, bunun üçün hər cür vasitələrə əl atırdılar. Buna görə də onlar Zəngəzurun cənub hissəsini ələ keçirmək üçün məkrli planlar həyata keçirməyə başladılar. 

Ancaq, bütün bunlar Ermənistanın Azərbaycan torpaqlarını ələ keçirmək sahəsində iddialarını təmin etmirdi. Ona görə də, Zaqafqaziya MİK Rəyasət Heyəti 18 fevral 1929-cu ildə qəbul etdiyi qərarla Naxçıvan bölgəsinə aid olan 10 kənd (657 kvadratkilometr ərazi) Ermənistana verildi. Zaqafqaziya MİK Rəyasət Heyəti həmin gün ermənilərin xeyrinə daha bir qərar çıxardı. Bu qərara görə, Mehridə yeni rayon yaratmaq bəhanəsi ilə Zəngilan rayonunun Nüvədi, Ernəzir və Tuğut kəndləri də Ermənistana verildi. Bununla əlaqədar ZSFSR-sı Fəhlə, Kəndli, Qızıl Ordu və Matros Deputatları Sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu ildə M. Sxakayanın sədrliyi ilə keçirilən iclasda Azərbaycan SSR Cəbrayıl qəzasının Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Ermənistan SSR-in Mehri qəzasına aid edilməsi haqqında məsələyə baxıldı. Həmin üç kəndin öz torpaqları ilə Ermənistan SSR Mehri qəzasının inzibati idarəetməsinə verilməsi qərara alındı. İclasda iştirak edən 16 nəfərdən yalnız 6 nəfəri azərbaycanlı idi. Həmin vaxt keçirilən iclaslarda iştirak edənlərdən çoxu digər xalqlara mənsub adamlar olduğu üçün istədikləri qərarları qəbul edə bilirdilər.  

1930-cu il sentyabrın 9-da Ermənistan SSR ərazisinin yeni inzibati ərazi bölgüsü yaradılarkən burada dörd rayon – Qarakilsə (2 mart 1940-cı ildən Sisyan, ərazisi 1719 kvadratkilometr), Qafan (ərazisi 1245 kvadratkilometr), Gorus (ərazisi 752 kvadratkilometr) və Mehri (ərazisi 664 kvadratkilometr) yaradıldı. Beləliklə, Zəngəzur bir tarixi vilayət kimi ləğv edildi və Zəngəzur yer adının rəsmi sənədlərdə istifadə olunmasına qadağa qoyuldu. Bu da son olmadı. 1938-1939-cu illərdə Ernəzir, Nüvədi və Tuğut kəndləri isə ermənilər yaşayan Astazurla birləşdirildi. Birləşdirilən Ernəzir və Tuğut kəndlərinin əhalisi zorla köçürülərək Nüvədi, Əldərə və Astazur kəndlərində yerləşdirildi. 

1969-cu ilin mayında isə ermənilər öz istəklərinə doğru daha bir addım atdılar. Həmin vaxt haqqında bəhs olunan qərar 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nin bürosunda müzakirə edildi və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 may 1969-cu il tarixli qərarı ilə hər üç kəndin (Ernəzir, Nüvədi, Tuğut) Ermənistana verilməsi aktı təsdiq etdi. Bununla da 18 min hektardan çox Azərbaycan torpağı ermənilərə hədiyyə edildi.

SSRİ-nin dövlət aparatında yuva salmış və yüksək vəzifələrə yiyələnmiş ermənilərin müxtəlif üsullarla göstərdiyi təzyiq nəticəsində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti yuxarıda adı çəkilən 26 noyabr 1968-ci il tarixli qərarı ilə 5 may 1938-ci ildə Azərbaycanın iki min hektardan çox torpağının, o cümlədən Zəngəzur bölgəsinə daxil olan Laçın rayonundakı Qaragöl yaylağının, Qubadlıda Çayzəmin ərazisinin, Qazaxda Kəmərli kəndi torpaqlarının bir hissəsinin, Kəlbəcərdə qızıl mədəninin və s. Ermənistan SSR-ə verilməsi haqqında qərarı da təsdiq etdi.

 Lakin, bəhs etdiyimiz dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin Sədri vəzifəsində işləyən Heydər Əliyev 1953-cü ildə erməni əsilli Kələntərov və Qabaqçiyan tərəfindən tərtib edilərək Moskvaya təqdim olunmuş xəritələrin saxtalığının üzə çıxarılmasına nail oldu. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə o dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyuldu. “Mübahisəli” hesab olunan ərazilərdə qanuni iş aparmaq üçün Heydər Əliyev tərəfindən bölgəyə ekspert qrupu göndərildi. 1898 və 1903-cü illərdə tərtib olunmuş xəritələr Ermənistan nümayəndə heyətinə təqdim olundu və 1968-ci ildə Moskvaya təqdim olunan xəritənin ermənilər tərəfindən saxtalaşdırıldığı bildirildi. Bununla da, iki min hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsinin qarşısı Heydər Əliyev tərəfindən qətiyyətlə alındı.

Bütün bunlara əsasən demək olar ki, qədim Azərbaycan torpağı olan Zəngəzur mahalının böyük bir hissəsi 1920-ci və sonrakı illərdə “Sovet rəhbərliyi” tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistana verildi, Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradıldı. Nəticədə 44-45 kilometr  enində torpaq zolağı cənuba,  Araz çayına  doğru uzanaraq Naxçıvan bölgəsini, indiki Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının əsas ərazisindən ayrı saldı, mərkəzin bu bölgə ilə əlaqəsi çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Azərbaycan parçalandı, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin və şərait yaradıldı. Bununla da, 1920-ci ildə Zəngəzurun bir hissəsinin ermənilərə verilməsi ilə Naxçıvan bölgəsinin blokada şəraitində yaşamasının əsası qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 8 aprel 2014-cü ildə Naxçıvan şəhərində keçirilən təntənəli yubiley mərasimində çıxış edərkən  Zəngəzurun ermənilərə verilməsi məsələsini belə qiymətləndirmişdir: “...O vaxt xalqımıza qarşı ədalətsizlik  edilmişdir. Çünki, Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki, Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məskənlərinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu, sağalmayan yaradır”.

Bu ədalətsizliyi aradan qaldırmaq, sovet hökuməti tərəfindən XX yüzilliyin əvvəllərində ölkəmizə vurulmuş bu yaranı sağaltmaq, yəni, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan ərazisi ilə Azərbaycanın əsas hissəsi arasında rabitə yaratmaq Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində əsas istiqamətlərdən biridir. Ona görə də, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlanan və 44 gün ərzində qalibiyyətlə başa çatan Vətən müharibəsinin ən mühüm nəticələrindən biri də 10 noyabr 2020-ci ildə Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanatın mətninə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təkidi ilə  Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsinin salınması oldu. 

Zəngəzur dəhlizini “tarixi nailiyyət”, “böyük siyasi qələbə” kimi dəyərləndirən Azərbaycan  Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev 20 aprel 2021-ci ildə Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələdən bəhs edərək demişdir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”. Bütün bunlara və Zəngəzur dəhlizinin açılması istiqamətində dövlət səviyyəsində aparılan işlərə əsasən tam əminliklə deyə bilərik ki, Zəngəzur dəhlizinin açılacağı və qədim Naxçıvan diyarının ana torpağa, Azərbaycanın əsas hissəsinə qovuşacağı gün çox da uzaqda deyildir.

 

Hacı Fəxrəddin SƏFƏRLİ, 

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

Siyasət