Xeyr, Ermənistanın baş naziri hazırda dəlixanada deyil. Yəni, bu sərlövhəni onun söylədiklərinə görə seçmişik. Hərçənd, bu qəbildən olanların həmişə dilinin bəlasına düşdüyünü nəzərə alsaq, Nikolun da dəlixana aqibətinin qaçılmazlığını düşünürük. Yeri gəlmişkən, onun bir dəfə “Qarabağ Ermənistandır və nöqtə” deyib dilinin bəlasına düşdüyünü görmüşük. Nikolun öz hökumətinin iclasındakı hazırkı sərsəmləmələrini də nəzərə alsaq və hesab etsək ki, Azərbaycan əsgəri dövlət yox, ərazi kimi mövcud olan Ermənistanın içərilərinə doğru istiqamət götürüb, o zaman Paşinyanın xilas üçün ancaq dəlixanaya üz tutacağı qaçılmazdır. Axı, toxunulmaz ancaq dəlilər olurlar.
***
Əlqərəz, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra ya cəsarətlənib, ya da olan-qalan ağlını itirib. O, necə deyərlər, divara kəllə vurmaq istəyir. Ölkə hökumətinin iclasındakı çıxışında Azərbaycana ünvanladığı ittihamın dozasını xeyli qaldırması belə düşünməyə əsas verir. Deyəsən, Nikol 44 günlük müharibə rüsvayçılığını unudub.
Paşinyan Laçın yolunun başlanğıcında, Həkəri çayı üzərində yerləşən sərhəd-buraxılış məntəqəsindəki təxribatı Azərbaycanın törətdiyini bildirib və deyib ki, iyunun 15-dən Qarabağ bütün növ malların tədarükündən məhrum duruma düşüb: “Hətta bölgədə yerləşdirilmiş Rusiya sülhməramlıları da malları çatdıra bilmir, çünki Laçın dəhlizi tamamilə bağlanıb”.
Məlum olduğu kimi, Paşinyanın haqqında söz açdığı insident Azərbaycan hərbçilərinin Həkəri çayı üzərində ölkəmizin Dövlət bayrağını qaldırmaq istəyən zaman baş verib. Hərbçilərimizə qarşı tərəfdən atəş açılıb və onlardan biri yaralanıb. Belə olan halda təxribatı Azərbaycanın törətdiyini iddia etmək absurddur. Digər tərəfdən, Nikolun komandası hadisəyə görə Rusiyanı günahlandırmışdı. İş o yerə çatmışdı ki, ölkənin Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılmışdı. Ona görə hazırda Paşinyanın Azərbaycanı ittiham etməsi absurddur.
Erməni baş nazirin mövqeyindəki bu absurdizmi şərtləndirən növbəti məqam onun Qarabağda Ermənistanın silahlı qüvvələrinin bölmələrinin olmadığını bildirməsidir. İndiyədək Ermənistanın müxtəlif rəsmiləri bacardıqları qədər bunu inkar etsələr də, silahlıların Qarabağdakı qondarma rejimin özünümüdafiə dəstələri kimi qələmə versələr də, Nikol ötən müddətdə məsələnin üzərinə gəlməyib, bacardığı qədər ondan yayınıb. İndi isə o, faktı birbaşa danmaq yolunu tutub.
Belədə sual yaranır: iyunun 26-da Azərbaycana qarşı təxribat törədən zaman gəbərib cəhənnəmə vasil olanlar kimlər olublar? Axı, onlardan ikisi Ermənistan vətəndaşlığını daşıyan hərbçilər idilər və İrəvanda gömüldülər. Göründüyü kimi, Nikol özünün həyasız damarını işə salıb. Əlavə edək ki, erməni silahlılarının Qarabağdan çıxarılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb.
***
Ermənistan baş nazirinin çıxışındakı ən böyük həyasızlıq isə onun Azərbaycanın Qarabağ ermənilərinə qarşı, guya, etnik təmizləmə və soyqırımı həyata keçirmək istədiyini bildirməsidir. Nikol bununla bağlı artıq ittihamlara keçib. Belə görünür ki, dünya erməniliyi Qarabağ ermənilərinə qarşı soyqırıma hazırlaşır. Onları məhv edib günahı Azərbaycanın üstünə atmağı düşünürlər.
Nəzərə alaq ki, oxşar “təcrübədən” vaxtilə istifadə edilib. 1988-ci ilin Sumqayıt hadisələri zamanı daşnak erməni dəstələri və keçmiş SSRİ-nin xüsusi xidmət orqanlarında çalışan ermənilər şəhərin dinc erməni sakinlərinə qarşı vəhşiliklər törədiblər. Bunu xalqlar arasında nifaqı gücləndirmək üçün ediblər. Əlbəttə, müqəssir Azərbaycanı çıxarıblar.
Eyni zamanda, yada salaq ki, 44 günlük müharibənin sonlarına doğru da oxşar mənfur planın işə salınması düşünülürdü. Müharibədəki məğlubiyyətini və Qarabağı Xankəndi də daxil olmaqla itirmək təhlükəsini görən Ermənistan rəhbərliyinin, habelə xaricdəki erməni lobbi və diaspor təşkilatlarının dinc erməni sakinlərinin məhvinə hazırlaşmaları ilə bağlı məlumatlar dolaşırdı. Bunun üçün hətta Fransanın desant qüvvələrinin də ayrıldığı və hərəkətə keçməyə hazır vəziyyətə gətirildiyi vurğulanırdı. Məqsəd qırğın törədib hadisəni Azərbaycanın üstünə atmaq idi. Yeri gəlmişkən, o vaxt Xankəndiyə və digər ərazilərə dünyanın müxtəlif media orqanlarının təmsilçilərinin gətirilməsi də yaradılacaq dəhşət səhnələrinin dünya ictimaiyyətinə çatdırılması üçün idi. Amma 10 noyabr 2020-ci ilin üçtərəfli Bəyanatı bu anti-insani niyyətin qarşısını aldı.
Görünür, Paşinyan administrasiyası hazırda vaxtilə yarımçıq qalmış işi davam etdirmək istəyir. Nəzərə alaq ki, dünya erməniliyi Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşamalarındansa, “ermənilərsiz Qarabağ” formuluna üstünlük verir. Elə Nikol da həmin niyyətlərin icraçılarından biridir. Buna görə hazırda yüksək səslə Qarabağda etnik təmizləmə və soyqırımı ritorikasını gündəmə gətirərək onları Azərbaycanın üzərinə atmağa cəhd göstərməkdədir.
***
Paşinyanın hökumətin iclasındakı çıxışında diqqətçəkən məqamlardan biri də onun Fransaya, belə demək mümkünsə, qahmar çıxmasıdır. Nikol Azərbaycanın bu ölkəyə qarşı genişmiqyaslı təbliğat apardığını bildirib və bundan təəssüfünü ifadə edib. O, dedikləri ilə kifayətlənməyib və mövzunu özünün “Tvitter”dəki hesabında da davam etdirib və yazıb ki, artıq bir neçə aydır Azərbaycan Qarabağın erməni əhalisinə qarşı qanunsuz hərəkətlərə məqsədyönlü qiymətini və narahatlığını rəsmi və açıq şəkildə səsləndirən Fransaya qarşı genişmiqyaslı anti-təbliğat aparır: “Fransaya qarşı təbliğat Dağlıq Qarabağdakı humanitar böhranın digər ölkələr tərəfindən mümkün qiymətləndirilməsinin qarşısını almağa yönəlib”.
Göründüyü kimi, “kiçik bacı” – Ermənistan “böyük bacı” – Fransanın müdafiəsinə qalxıb. Həmişə əksinə olmaz ki? Bir dəfə də Paşinyan Makronu qorumaq üçün sinəsini irəli verməlidir də. Nikol bir azdan paytaxt Parisdə və Fransanın digər ərazilərində davam edən nümayişlərin Azərbaycan tərəfindən hazırlandığını iddia etsə, qətiyyən təəccüblənmərik. Hələ “irəli gedib” deyə bilər ki, 17 yaşlı əlcəzairli yeniyetməni qətlə yetirən fransız polisi yox, azərbaycanlılar olub. Paşinyandan nə desən, gözləmək mümkündür.
***
Ermənistan baş nazirinin çıxışındakı dramatizm özünü Zəngəzur dəhlizi müstəvisində göstərib. Qeyd edək ki, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun açılması məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini tapıb. Prezident İlham Əliyev bu yola “Zəngəzur dəhlizi” adı verib və belə adlandırma artıq termin kimi qəbul edilməkdədir. Dünyanın bir çox ölkələrinin rəsmi şəxsləri və ekspertlərdə “Zəngəzur dəhlizi” ifadəsini işlədilməkdədir.
Yada salaq ki, Ermənistan Naxçıvana gedən yolun dəhliz məntiqi kimi qəbul edilməsinə qarşı çıxır. Paşinyan mövcud istiqamətdəki etirazını ilk dəfə bu ilin əvvəlində Almaniyaya səfəri zamanı özünə ünvanlanmış suala cavab verərkən bildirmişdi. Nikolun Zəngəzur dəhlizi məsələsi ilə bağlı isteriyasının pik nöqtəsi isə 2023-cü il mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında qeydə alınmışdı. İclasa qonaq qismində qatılmış Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin vacibliyinə regionun gələcək inkişaf prioriteti baxımından toxunmuşdu: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”.
İclasda növbədənkənar söz alan N.Paşinyan isə buna etirazını bildirmişdi. Nəinki etirazını bildirmiş, eyni zamanda, “dəhliz” məntiqini Ermənistana ərazi iddiası adlandıracaq qədər həyasızlığa yol vermişdi: “Azərbaycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi. Demək istəyirəm ki, bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir”.
N.Paşinyan Ali Avrasiya İqtisadi Şurasının iclasında, həmçinin ölkəsinin regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamışdı. Bildirmişdi ki, bunu, guya, erməni yolayrıcı adlandırırlar. O, çıxışında, eyni zamanda, regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılması üzərində dayanmışdı.
Nikol Ermənistan hökumətinin haqqında söz açdığımız 6 iyul iclasında da oxşar mövqeni səsləndirib. “Ermənistan heç vaxt, heç bir yerdə nə yazılı, nə də şifahi şəkildə dəhliz öhdəliyi götürməyib və belə şərhləri heç vaxt qəbul etməyəcək. Ölkələrin yurisdiksiyası və suverenliyi altında regional kommunikasiyaların blokadadan çıxarılmasına gəlincə, Ermənistan dəfələrlə buna hazır olduğunu bildirib”.
Paşinyan onu da deyib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində “Ermənistan zəmanət verir” qeydi yer alıb. O, bu zəmanətin Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə təhlükəsizliyin təminatına aidliyini dilə gətirib.
***
N.Paşinyan söz oyununa üstünlük verir. Əslində, görünən budur ki, Ermənistan Naxçıvana gedən yolun da açılmasına razı deyil. Yəni, faktiki olaraq, üçtərəfli bəyanatın icrasından boyun qaçırır. Azərbaycan hazırda yolun açılması üçün üzərinə düşən bütün işləri reallaşdırıb. Yəni, söhbət şərti sərhədədək olan işlərin gerçəkləşdirilməsindən gedir.
Buna qarşılıq, Ermənistan rəhbərliyi boş sözlərdən başqa heç nə demir. Azərbaycan Laçın yoluna alternativ yolun inşasını da reallaşdırıb. O yolun ki, üçtərəfli bəyanata əsasən Qarabağ ermənilərinin Ermənistan ilə əlaqəsini təmin etməli idi. İrəvan mövcud istiqamətdə də hansısa iş görməyib. Elə Naxçıvan istiqamətində də.
Söz oyunu və müxtəlif siyasi manipulyasiyalarla, gərginliklər yaratmaqla, Ermənistan çalışır ki, nəzərdə tutulan layihələr reallaşmasın. Bu, erməni avantürizmini davam etdirmək, Azərbaycanın 44 günlük müharibədəki zəfərlə yaratdığı reallığı saymazdan gəlmək, yeni reallıqlar formalaşdırmaq üçün zaman udmaq “istəklərindən” qaynaqlanır.
***
Bəli, Paşinyan hökumətin iclasındakı çıxışında cəsarətlənərək ölkəmizi daha bir məsələdə də ittiham etməyə qalxıb. O, Azərbaycanın Ermənistanı blokadada saxlamaqla bağlı 30 illik siyasətini davam etdirdiyini, ona yol vermək istəmədiyini deyib.
Həyasızlıq olar, daha bu qədər yox. Nikol, deyəsən, unudub ki, bütün bu 30 il ərzində Ermənistan Azərbaycan ərazilərini işğalda saxlayıb. Hazırda açılmasına maneçilik törətdiyi Naxçıvana gedən yolu da həmçinin. Tipik erməni xəstəliyi, başqa söz tapmıram.
Qeyd etdiklərimizin fonunda belə qənaətə gələ bilərik ki, Paşinyan, ümumən, Ermənistan hökuməti Azərbaycanla danışıqlara xələl gətirmək istəyir. Nikolun hökumətin iclasında proses ilə bağlı məsələdən söz açmasında da qeyri-pozitiv məqam duyulmaqdadır. Məsələn, Paşinyan iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşə toxunaraq deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar məzmunlu olacaq”.
Paşinyanın ritorikasını sərtləşdirdiyini nəzərə alsaq, Ermənistanın Azərbaycanla nizamlama prosesini tamamilə pozmaq olmasa da, danışıqlardakı hazırkı razılaşmalardan imtina etmək qərarına gəldiyini düşünmək mümkündür. Bunun Nikolun Rusiya Prezidenti V.Putinlə telefon danışığından sonra nəzərə çarpması suallar doğurmaqdadır.
Yeri gəlmişkən, həmin telefon danışığı ilə bağlı Kreml bir, İrəvan isə başqa bir məzmunlu məlumat paylaşmışdı. İrəvan məlumatında bildirirdi ki, telefon təması zamanı Qarabağda Laçın yolunun bağlanması ilə əlaqədar yaranmış humanitar böhran müzakirə olunub. Kremlin məlumatında isə ölkə liderlərinin Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən Laçın yolu boyunca maneəsiz nəqliyyat əlaqələrinin təmin edilməsi məsələlərini müzakirəyə çıxardıqları vurğulanırdı. Habelə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış bütün sazişlər kompleksinin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti önə çəkilirdi.
Moskva tərəfindən yayılmış məlumatdakı ən vacib məqam isə bu idi: “Rusiya Prezidenti Rusiyanın Ermənistan–Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımın davamına hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb”.
Göründüyü kimi, hansı tərəfə hansı məqam sərfəlidirsə, onu qabardıb. Deməli, Paşinyan üçün üçtərəfli bəyanatların icrası məsələləri vacib deyil. O, Putinə nə barədə şikayətlənibsə, ölkənin Nazirlər Kabineti də məhz həmin mətləbi məlumatına daxil edib. Üstəlik, onu da düşünək ki, Ermənistan mətbuatı Paşinyan-Putin telefon danışığının Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın “tələbi” ilə baş tutduğunu yazıb. Deməli, Nikol özü zəng etməyi düşünmürmüş, ona görə təmas zamanı bildiyi, özünə sərf edən danışıq tərzini işə salıb.
***
Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq. Paşinyan Putinlə telefon danışığından sonra cəsarətlənib, yoxsa əsəbiləşib? Nikolu Azərbaycana qarşı, belə demək mümkünsə, dolduran Putinmi olub, yoxsa Rusiya lideri ilə danışıq onu razı salmadığından belə ritorikaya baş vurmaqdadır? Mövcud istiqamətdə sualların sayını artırmaq da olar. Məsələn, demək olar ki, Putin Paşinyanı aldadıb yeni avantüranın içinə salıb. Amma, hələlik, bu kimi məqamlardan söz açmırıq. Bildiririk ki, Paşinyanın nə deməsindən, hansı tərzdə bəyanat verməsindən asılı olmyaraq, Ermənistanın sülh danışıqlarından yayınmaq, Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur. Əlbəttə, uğursuzluq yumşaq ifadədir. Bu gedişlə ölkəni məhv gözləyir. Bunu Ermənistanda anlayan bir Paşinyan qalmışdı, belə görünür, onun da ağlı yerində deyil.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”