Bölgəyə sülhün işartıları düşür...
“Bu, münaqişənin nizamlanması çərçivəsində tərəflərin yanaşmalarını yaxınlaşdıran tədbirlərdən biridir”. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu sözləri ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin bölgəyə planlaşdırılan növbəti səfəri ilə bağlı verdiyi açıqlamasında deyib. RF diplomatiya idarəsi rəsmisinin sülh danışıqları ilə bağlı başqa bir açıqlaması isə xüsusi maraq doğurub: “Kreml Vaşinqton danışıqlarında Ermənistan–Azərbaycan sülh prosesindəki irəliləyişi alqışlayır”.
İyunun 28-29-da Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının ikitərəfli danışıqlarına Moskvanın reaksiyasında maraq doğuran nüans odur ki, Rusiya diplomatiya idarəsi buna qədər Qərbin sülh danışıqlarında vasitəçiliyinə belə pozitiv mövqe nümayiş etdirməmişdi. Əksinə, tərəflər arasında sülhə nail olma missiyasında şəriklərinin bütün cəhdlərinin və onların əldə edəcəkləri nəticələrin yalnız Moskvanın siyasi iradəsi çərçivəsində reallaşacağını birmənalı şəkildə açıqlamışdı.
Rusiya XİN-in mövqeyində danışıqlar prosesinə və onun müxtəlif aspektlərində yumşalmanın hiss olunması Bakı üçün xüsusi əhəmiyyət kəsb edir. Yəni, bu amil sülh dialoqunda arzuedilən nəticənin daha tez əldə olunacağına ümidləri artırır. Bu, həm də ona dəlalət edir ki, Kremlin özü də bölgədə sülhün tezliklə bərqərar olmasında maraqlıdır. Ən azı ona görə ki, Cənubi Qafqaz respublikaları arasında komminikasiya xətlərinin qarşılıqlı şəkildə işə düşməsi, xüsusilə Zəngəzur dəhlizinin açılması Rusiya üçün həm iqtisadi cəhətdən faydalıdır, həm də regionda maraqlarını möhkəmləndirmək baxımından strateji əhəmiyyət kəsb edir. “Rusiya tərəfi tərəflərin yanaşmalarının yaxınlaşdırılması üzrə səylərini bundan sonra da artıracaq. O cümlədən, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin bölgəyə səfəri də yaxın planlarımıza daxildir. Bu çərçivədə üçtərəfli görüşlər də mümkündür”, – deyən M.Zaxarova əsas vasitəçi kimi Rusiyanın regionda vəziyyəti normallaşdırmaq məqsədilə həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə mütəmadi əlaqə saxladığını diqqətə çatdırıb. Bu əlaqələrin, eyni zamanda, siyasi səviyyədə və sülhməramlı kontingentin xətti ilə davam etdirildiyini vurğulayan diplomatın sözlərinə görə, çox şeyin münaqişə tərəflərinin özündən, onların siyasi iradəsindən və bir-birinə qarşı atacaqları addımlardan asılı olduğunu söyləyib: “Əlbəttə, biz də öz tərəfimizdən bütün zəruri səyləri göstərəcəyik”.
Brüssel görüşünə hazırlıq
Hayastan mediasının hələ də ATƏT-in Minsk qrupunun həmsədri kimi qələmə verməyə çalışdığı İqor Xovayevin Cənubi Qafqaza səfərinin Avropa İttifaqının vasitəçiliyi ilə iyulun 21-də Brüsseldə planlaşdırılan sülh danışıqlarının yüksək formatlı növbəti raundu ərəfəsində baş tutması faktının özü də təsadüfi sayıla bilməz. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün iyulun 21-də Brüsseldə keçiriləcəyi barədə məlumatı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel beştərəfli Kişinyov sammitindən sonra bildirmişdi. Mayın 14-də baş tutan Kişinyov görüşünə gəlincə, Şarl Mişelin bununla bağlı açıqlaması diqqət çəkmişdi: “Tərəflər Kişinyovda bundan əvvəlki Brüssel görüşündə müzakirə olunmuş sərhədlərin delimitasiyası və sülh müqaviləsi məsələlərinə toxunublar. Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti təmaslar üçün çox yaxşı hazırlıq oldu”. Ş.Mişelin bu açıqlaması özündə Vaşinqtonda ikitərəfli dialoqun uğuruna inam və qarşıdakı Brüssel görüşünə hazırlıq məqsədi daşıdığını söyləyə bilərik. ABŞ-ın Virciniya ştatındakı Arlinqton şəhərində gerçəkləşən XİN başçılarının görüşü konkret nəticə ilə yekunlaşmasa da, Dövlət katibi Antoni Blinken danışıqların son mərhələsinin həmişə çətin keçdiyini vurğulamaqla müsbət tendensiyanın müşahidə olunduğunu söyləməyi də unutmadı.
Minimum nəticə: Qarabağ hərbsizləşdirilməlidir!
Cənubi Qafqazda möhkəm sülhün əldə olunmasına mane olan amillərdən biri kimi Ukraynada davam edən savaşı göstərmək mümkündür. Aİ-nin 21 iyul Brüssel Sammiti ilə bağlı yerli ekspertlərin əksəriyyəti bu qənaətdədir ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmasa da, Ermənistan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonumuzdakı tör-töküntüləri oradan çıxarılacaq, bununla da son vaxtlar “özünümüdafiədən”, “müharibədən” dəm vuran separatçı rejimin “qazı” alınacaq.
Brüsseldən gözləntilərin arasında respublikalar arasında kommunikasiyaların açılması yönündə prinsipial irəliləyişin əldə edilməsi də var. Amma indi Bakı üçün ən önəmli məsələ Azərbaycanın suveren ərazisinin – Qarabağ iqtisadi rayonunun hərbsizləşdirilməsidir. Bu isə 2020-ci il 10 noyabr tarixli Bəyanatın 4-cü bəndində göstərilən şərtin, gec də olsa, yerinə yertirilməsi demək olacaq. Separatçı-daşnak silahlı quldurları Azərbaycan ərazisindən təmizlənəndən sonra danışıqlar masasına qoyulacaq mövzu bölgəyə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı hərbi kontingentinin fəaliyyət müddətinin başa çatması ilə bağlı məsələdir. Vaşinqton dialoqu ərəfəsində məhz sülhməramlıların nəzarəti altında olan ərazidə erməni separatçılarının törətdiyi silahlı təxribat bu məsələnin mütləq gündəmə gətirilməsini zərurətə çevirib. Bununla bağlı Bakı hələlik özünün son sözünü deməyib. Bəli, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə hərbi təxribatlarını davam etdirən avantürist Hayastan iqtidarını başasalma üsulu, deyəsən, “dəmir yumruq” olacaq.
Hələlik diplomatlarımız sülh danışıqlarını davam etdirsin, bununla paralel olaraq müzəffər Azərbaycan Ordusu alternativ həll variantlarını nəzərdən keçirsin, igid əsgərlərimiz də yağıya layiq olduği cavabı artıqlaması ilə versin...
İmran BƏDİRXANLI,
“Xalq qəzeti”