Erməni diversantlar layiq olduqları cəzanı aldılar

post-img

Dünən Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub.

Məhkəmənin yekun iclasında hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hakimlər kollegiyası hökmü elan ediblər. Hökmə əsasən, Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, iki gün əvvəl keçirilən məhkəmə prosesində dövlət ittihamçısı – prokuror təqsirləndirilən şəxslərin 12 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılmasını istəmişdi. 

Rəsmi məlumatlara əsasən, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktına dair Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanaraq, iş məhkəməyə göndərilmişdi. İstintaqla Ermənistan vətəndaşları olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçdikləri sübuta yetirilmişdir.  Onların qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə həmin ünvanda yerləşən və Azərbaycanın dövlət sərhədini mühafizə edən hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilmişdi.                                                                                                                                     İstintaqla, həmçinin müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı AKM modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.    

İş üzrə 4 nəfər azərbaycanlı – Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Babaşov və İbrahim Şıxlarov zərərçəkən kimi tanınıb.

*** 

Erməni hərbi cinayətkarların ələ keçməsindən tutmuş istintaqın və məhkəmə prosesinin davam etdiyi qırx gün ərzində Ermənistanın rəsmi və qeyri-rəsmi media qurumları bu barədə davamlı xəbərlər yayırdı. Artıq cinayətləri sübuta yetirilmiş erməni hərbi qulluqçularının, guya, Azərbaycan Ordusunun diversiya qrupu tərəfindən, həm də Ermənistan ərazisindən oğurlandığını tirajlayan hayların news.am saytı isə məhkəməni “saxtakarlıqda” ittiham edib. Hakimlər kollegiyasının son hökmü barədə xəbəri yerli mediadan alıb qərəzli şəkildə, şər-böhtanla yayımlayan bu sayt, nədənsə, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində hərbi xidmət zamanı dumanlı havada yolu azaraq Ermənistan ərazisinə keçən və əsir götürülən əsgərlərimiz Hüseyn Əhliman oğlu Axundov və Aqşin Qabil oğlu Bəbirov barədə uydurma ittihamlarla cinayət işinin qaldırıldığını unudur. Üstlərində heç bir silah və sürsatı olmayan iki əsgərimizdən birinin vəhşicəsinə döyülməsi səhnələrini isə erməni vandalları “qəhrəmanlıq nümunəsi” kimi sosial şəbəkədə yaymışdılar. Məhz bu səbəbdən, Beynəlxalq Qızıl Xaç Komitəsinin təkidlərinə baxmayaraq, uzun müddət günahsız əsgərlərimizin ailələri ilə əlaqə saxlamalarına şərait yaradılmamışdı. Amma Arutyun və Karen nə saxlandıqları zaman, nə istintaq təcridxanasında, nə də məhkəmə prosesində hər hansı bir təzyiqə məruz qalmadıqlarını valideynləri ilə canlı bağlantılarda etiraf etdilər. Çünki Hayastandan fərqli olaraq, Azərbaycan hərbi əsirlərlə davranış qaydalarının yer aldığı beynəlxalq konvensiyaların şərtlərinə riayət edən sivil bir dövlətdir.       

İndi layiq olduqları cəzalarını həbsxana kameralarında çəkəcək iki erməni hərbçisinin narahat valideynləri bir məsələdə rəncidə olmaya bilərlər: burada onlarla insan kimi davranacaqlar...              

“Xalq qəzeti”

 



Siyasət