Azərbaycan–Albaniya arasında diplomatik münasibətlər qurulandan sonra bu dost və tərəfdaş ölkələrin ikitərəfli münasibətləri uğurla inkişaf edib. İqtisadi əlaqələrin davamlı inkişafı, ticarət dövriyyəsinin artırılması hər zaman diqqətdə saxlanılıb.
Azərbaycan və Albaniya Avropa ölkələrinin enerji təchizatının diversifikasiyasında və enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın dəstəyi ilə yerli qazpaylayıcı sistemin qurulması TAP-ın Albaniya üçün faydalarını artıracaq perspektivlərdir. Korça şəhərinin qazlaşdırılması layihəsi ilkin texniki-iqtisadi əsaslandırılma mərhələsindədir. Qaz şəbəkəsinin qurulacağı təqdirdə nəinki ölkənin enerji balansı şaxələnəcək, həm də Balkan regionunun enerji təhlükəsizliyinin gücləndirilməsində hər iki ölkə birgə iştirak edəcək. Həmçinin SOCAR-ın Albaniyada fəaliyyətinə və enerji əməkdaşlığımıza töhfə verəcək bir sıra yeni layihələr üzrə də hazırda intensiv məsləhətləşmələr aparılır.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə indiyədək keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Ötən ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir”.
Dövlətimizin başçısı, həmçinin Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu, hazırda həm TAP, həm də TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsinin prioritet məqsəd olduğunu bildirib.
Azərbaycan artıq bir ildən artıq müddətdir ki, Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib. Eyni zamanda, Albaniyanın yüksək səviyyəli nümayəndə qrupu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında daim iştirak edib və həmin layihənin icrasına böyük töhfə verib.
Xatırladaq ki, dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan CQD layihəsi çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında adıçəkilən dəhlizin rəsmi açılışı olub. Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə verilib, daha sonra isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə uğurla davam edib.
Yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan CQD layihəsi bu gün Avropanın enerji təhlükəsizliyində strateji amildir.
TAP Albaniya ilə Azərbaycanı birləşdirən yeganə layihə deyil. Ölkəmizin şirkətləri tərəfindən indiyədək Albaniyada enerji, infrastruktur və turizm sahələrinə sərmayə qoyulub. Bu da iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olmasından xəbər verir.
İkitərəfli əlaqələrin inkişafında enerji sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biridir. Bundan başqa sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün geniş imkan mövcuddur.
İlkin araşdırmalara görə, Albaniyanın təbii qaza olan tələbatı 1,2 milyard kubmetrə bərabər olacaq. Təbii ki, bu tələbatın böyük hissəsinin bu ölkədən tranzitlə keçən Azərbaycan qazı hesabına təmin ediləcəyi ehtimalı daha yüksəkdir. Bu isə istər-istəməz iki ölkə arasında ticarət dövriyyəsinin on dəfələrlə yüksəlməsinə səbəb olacaq. Həmçinin SOCAR da Albaniyada qazpaylayıcı şəbəkənin yaradılmasına öz töhfəsini verə bilər.
Azərbaycan–Albaniya iqtisadi əməkdaşlığından bəhs edərkən, ilk növbədə, bu gün hər iki dövlət arasında münasibətlərdə mühüm rol oynayan bu ölkənin qaz təminatı ilə bağlı vəziyyətə toxunmaq istərdik. Əvvəlcə onu deyim ki, respublikamızın qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və dövlətimiz bu sahədə də son illər ərzində etibarlı təchizatçı kimi tanınır. Təbii qaza olan ehtiyaclar nəzərə alınaraq hazırda Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP-ın ötürmə qabiliyyətinin 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bütövlükdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək. Ötən il ölkəmiz 43,9 milyard kubmetr “mavi yanacaq” hasil edib ki, bunun 19 milyard kubmetri ixrac olunub. Təbii qazın təxminən 8,5 milyard kubmetri Avropaya, digər qismi isə Türkiyə və Gürcüstana nəql edilib. Avropa təbii idxal marşrutlarını şaxələndirmək üçün daha çox ölkədən qaz almaqda maraqlıdır.
Son illər ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və İtaliyanın qaz təchizatında önəmli rol oynayır. Artıq Bolqarıstan da onların sırasına daxil oldu. Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatında açıqladı ki, Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istəyindədir. Bu onu göstərir ki, Mərkəzi, Qərbi və Cənubi Avropa ölkələri üzləşdikləri enerji böhranından xilas yolunu Azərbaycanla əməkdaşlıqda görürlər.
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək. Cənub Qaz Dəhlizinin, onun yeni qolu olan IGB-nin ərsəyə gəlməsi, Azərbaycan qazının ən çox ehtiyac olan vaxtda Avropaya tədarükünün mümkün olması ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın, həmrəyliyin, qarşılıqlı etimad və dəstəyin nəticəsidir. Bununla yanaşı, IGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”