İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, Pirallahı Sənaye Parkında yeni rezident–“Supreme Pharmatech Azerbaijan” MMC qeydiyyata alınıb.
Tailand–Azərbaycan birgə şirkəti olan “Supreme Pharmatech Azerbaijan” MMC tərəfindən sənaye parkının 2,5 hektar ərazisində bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək.
İnvestisiya həcmi 8,3 milyon manat təşkil edən müəssisədə 56 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, “Made In Azerbaijan” brendi altında ixracı da planlaşdırılır.
Qeyd edək ki, bununla da Pirallahı Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatıb.
“Xalq qəzeti”