Azərbaycan və “Avropa siyasi birliyi”: sülh və təhlükəsizlik naminə sərbəstlik zirvəsi

post-img

Azərbaycan “Avropa siyasi birliyi”nin Zirvə toplantısında təmsil olundu. Prezident İlham Əliyev Moldovanın paytaxtı Kişineuda keçirilən nüfuzlu tədbirdə iştirak etdi. Əlbəttə, ölkəmizin ictimaiyyəti üçün bu zirvə toplantısı daha çox Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı Qərb formatının aktivlik fazasıdır. 

Söhbət toplantı çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin va­sitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makro­nun qatıldığı görüşdən gedir. Cəmiyyəti­miz bu görüşdən Cənubi Qafqazda sülhün real təzahürlərini gözləməyə köklənmək­də haqlıdır. Nəhayət, dövlətimiz üçün də fayda amili əsasdır və bunu Azərbaycan Prezidenti müxtəlif birliklərdə iştirakçılı­ğın, yaxud iştirakdan kənar dayanmağın timsalında dəfələrlə vurğulayıb.

Ancaq özlüyündə “Avropa si­yasi birliyi”nin Zirvə toplantısının əhəmiyyətini də vurğulamalıyıq. Yəni, haqlı gözləntimiz tədbirin əhəmiyyətini ikinci plana keçir­məməlidir. Çünki ölkəmizin belə bir nüfuzlu toplantıda növbəti dəfə iştirakının əhəmiyyəti son dərəcə böyükdür. Söhbətimiz həm də bu barədədir.

***

Ondan başlayaq ki, “Avropa siyasi birliyi” Avropa İttifaqı tərə­findən təşviq edilən platformadır. Bu platformaya, ümumi şəkildə ifadə etsək, dünyaya baxışla­rın təkmilləşdiyi meydan kimi də qiymət vermək mümkündür. Tək­milləşmə isə inkişafın labüdləş­dirdiyi gerçəklikdir. Bu mənada Aİ-nin əslində uzun yol gəldiyini söyləmək mümkündür. Tarixə qısa ekskurs etsək, görərik ki, formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edil­miş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqavilə­sinə əsasən Avropa Kömür və Polad Cəmiyyətinin yaradılması ilə qoyulub. Əlbəttə, Avropa ide­alının real siyasi proyektə çevrilib Aİ üzvü olan dövlətlərin hökumət siyasətlərində uzunmüddətli hə­dəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşa­dığını da vurğulamalıyıq. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri ideyasının humanist və sülhsevər xəyalın parçası kimi bəşəriyyətin inkişafı nöqteyi-nəzərdən müxtə­lif mərhələri adlatdığını da həm­çinin. 

Dünyanın özünün, o cüm­lədən, dünyaya baxışların də­yişdiyinin də şahidiyik. Əslin­də “Avropa siyasi birliyi” Zirvə toplantılarının keçirilməsi həm də həmin baxışlara adekvat ya­naşmaya, daha işlək və çevik sisteminin qurulmasına duyulan zərurətdən irəli gəlməkdədir. Bu mənada “köhnə qitə”də sülh və təhlükəsizliyin təminatı, enerji təhlükəsizliyinin təkmilləşdiril­məsi və ölkələrarası əlaqənin gücləndirilməsi mövzularındakı genişmiqyaslı müzakirələrdə iş­tirak, Avropanın Azərbaycana bu məsələlərdəki dəyəri baxımından müstəsna məqamdır. 

Ölkəmiz dəyəri və qiymə­ti özü qazanıb. Respublikamız sammitə ənənəvi stereotiplərə, əsasən dəvət olunmuşlardan fərqli olaraq, haqqında söz açdı­ğımız prioritetlər baxımından va­cibliyini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb. “Avropa siyasi birliyi” ideyası Avropanın yeni dünya şəkillənməsinə yanaşma tərzinin məhsulu kimi də mey­dandadırsa, Azərbaycan mövcud şəkillənmədə aparıcı, hətta re­gional lider mövqeyinə sahibdir. Bu yerdə Prezident İlham Əliye­vin ölkəmizlə dünya miqyasın­da hesablaşıldığını təsdiqləyən fikirlərinə diqqət yetirək: “Bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inki­şaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni za­manda, bu gün dünya miqyasın­da bir çox məsələlərdə Azərbay­canın mövqeyi önəmli mövqe kimi sayılır”. 

Bir məqamı da xüsusi vurğu­layaq ki, Azərbaycanın mötəbər toplantılarda iştirakı, nüfuzlu plat­formalara dəvətlər böyük ölçüdə dövlətimizin başçısının şəxsi nü­fuzunun nəticəsidir. Bəli, cənab İlham Əliyevin populyarlığı ölkə­mizin dünyanın mühüm aktoru obrazını, beynəlxalq proseslərə təsirini şərtləndirməkdədir. Heç şübhəsiz, Kişineudakı ikinci zirvə toplantısı bu təsəvvürün daha da möhkəmlənməsi baxımından mü­hüm əhəmiyyətə malikdir. Həm də ona görə ki, birinci toplantının müsbət təcrübəsi var. 

***

Qeyd edək ki, “Avropa siya­si birliyi”nin ilk Zirvə toplantısı ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilmişdi. Söhbət sülh və təhlükəsizliyinin təminatı ilə bağlı prioritetlərdən gedirsə, birinci sammitin Cənubi Qafqazda sülh egidasına xidmət baxımından faydalılığı üzərində dayana bilərik. 

Məlum olduğu kimi, Azərbay­can və Ermənistan liderlərinin 2022-ci ilin Praqa sammiti çərçi­vəsində, Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşü zamanı İrəvan ölkəmizin ərazi bütövlüyünü tanıdığını bə­yan etmişdi. Sonradan Azərbay­canla Ermənistanın münasibətləri müstəvisində bir çox ziddiyyətlər və gərginliklər yaşansa da, bil­dirməliyik ki, Praqa sammiti Bakı və İrəvanın bir-birilərinin suve­ren haqlarını qarşılıqlı əsasda tanıması kontekstində, bu zirvə toplantısına xas ümumi ideya baxımından prioritet əhəmiyyət daşıdı. Söhbət yaşadığımız coğ­rafiyanın müstəsna gözləntisinə çevrilmiş sülhə doğru inamlı ad­dımın atılmasından gedir. Demə­li, mövcud platformanı ölkəmiz üçün uğurlu saymaq mümkündür. 

Ümumən, onu da xatırladaq ki, ötənilki Praqa sammiti çər­çivəsində səsləndirilən fikirlər Azərbaycanın Avropada etibarlı və perspektivli tərəfdaş kimi ta­nındığını, ölkəmizlə əməkdaş­lığın qitə dövlətlərinin strateji baxışlarından irəli gəldiyini növ­bəti dəfə təsdiqləmişdi. Prezident İlham Əliyev ayrı-ayrı görüşlərdə həqiqətlərimizi, regional təhlükə­sizlik məsələlərini diqqətə çatdır­mışdı. Ölkəmizin rəhbəri, həm­çinin, sammit çərçivəsində baş tutmuş “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusundakı dəyirmi masada çıxışı zamanı ikitərəfli və çoxtərəfli münasibət­lər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar aydın və prinsipial ya­naşma, qətiyyətli mövqe nümayiş etdirmişdi. 

***

Sonda bir məsələyə də diqqət yetirək. Bəzən elə təsəvvür for­malaşır ki, “Avropa siyasi birli­yi” Aİ-nin genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niy­yəti daşıyan platformasıdır. Bu baxımdan üzərində dayanılan başlıca cəhətlərdən biri də zirvə toplantılarına dəvətdə ayrıcalığın, məxsusiliyin vurğulanmasıdır. Axı, yaşadığımız dünyada ikili standartlar var. Söhbət sırf mö­təbər toplantılar müstəvisindəki ayrı-seçkilikdən gedirsə, mövcud xüsusda yada ABŞ-ın təşəbbüsü ilə keçirilməkdə olan Demokrati­ya Sammiti düşməkdədir. 

Məlum olduğu kimi, bir çox siyasi ekspertlər həmin tədbiri Birləşmiş Ştatların demokratiya­dakı bəşəriliyi siyasi alətə çevir­məsi kimi qiymətləndirmişdilər. Azərbaycan və Türkiyə sammitə çağırılmadığı halda, Ermənis­tan dəvətli idi. Toplantıda nəinki Ermənistanın, bütövlükdə təbiə­ti demokratiya anlayışına zidd başqa dövlətlərin rəsmilərinin olması, haqqında bəhs etdiyimiz ikili standartlar məntiqini aktual­laşdırırdı ki, heç şübhəsiz, belə yanaşma yolverilməzdir. 

Məsələyə göstərdiyimiz as­pektdən yanaşsaq, “Avropa siyasi birliyi” ideyasının bu cür xoşagəl­məz imic qazanması gözlənilmir. Çünki Aİ zirvə toplantılarında yer alan ölkələrin nə vaxtsa quruma üzvlüyünün mütləq anlam da­şımadığını vurğulayır. Yəni, bu o deməkdir ki, mövcud platfor­mada hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Aİ onu da bəyan edir ki, bu platforma Avro­panın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəs­mi və sərbəst mühit yaratmaq məqsədi daşıyır.

R.ƏVƏZ, “Xalq qəzeti”



Siyasət