Bakı–İrəvan ziddiyyətləri və Qərblə Rusiya arasındakı “soyuq müharibə”

post-img

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Moldovanın paytaxtı Kişineuda keçirilmiş Avropa Siyasi Sammiti çərçivəsindəki görüş Rusiyanın siyasi dairələrində Qərbin Cənubi Qafqaz uğrunda nüfuz davasının növbəti plasdarmı kimi qiymətləndirilməkdədir. Aydındır ki, ümumən, rəsmi Moskva, eləcə də Rusiyanın hakim və aparıcı siyasi elitası Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsinin Qərb formuluna qısqanclıqla yanaşmaqdadır. Mövcud xüsusda bir sıra məqamları vurğulamaq mümkündür. Ən başlıca məqam isə Kremlin rəqiblərinə nizamlama ilə bağlı tutarlı alternativ təqdim edə bilməməsidir. Bu, nə ilə bağlıdır?

Əvvəla, Rusiya ənənəvi stereotiplər­dən xilas ola bilmir. Yəni, ölkənin, belə demək mümkünsə, erməni sevdası hələ də aktuallığını saxlamaqdadır. Ermənis­tanda 2018-ci ilin “məxməri inqilabı” kimi Moskvaya xəyanət ssenarisinin gerçək­ləşməsinə, inqilab nəticəsində hakimiy­yətə gəlmiş baş nazir Nikol Paşinyanın və onun komandasının bütün anti-Rusiya tezislərinə rəğmən, Kreml “ürəyin dərinli­yindəki sevgi” məntiqini bir kənara qoy­mur. Elə təəssürat yaranır ki, Ermənistan tərəfindən bir əməli jest Rusiyanı Bakı ilə mübarizəsində İrəvana dəstək üçün ruh­landıra bilər. 

Lakin Moskvanın siyasi dairələrinin gözü yollarda qalıb. Paşinyan obraz­lı desək, sevgi yerinə minnət məntiqinə üstünlük verir. Ən əsası isə Nikol erməni maraqlarının nicat yolunu Qərbdə axta­rır, Qərbi ədalət mücəssiməsi kimi görür, beləliklə onun, Rusiyanın tarixən hakim rol oynadığı, Cənubi Qafqaz siyasi akva­toriyasına təməlli gəlişinə şərait forma­laşdırır. 

***

Haşiyə çıxaq ki, Qərbin regionda möhkəmlənmək cəhdləri SSRİ-nin süqu­tundan dərhal sonrakı dövrdən başlayıb. Bu mənada zəngin Azərbaycan enerji bazası kimi cəlbedici idisə, Ermənistan və Gürcüstan “Qafqazın benilüksü” ide­yasının başlanğıc nöqtələri baxımından əsas götürülürdü. Azərbaycan ulu öndər Heydər Əliyevin balanslı, düşünülmüş siyasəti ilə özünü Qərbə tərəfdaş kimi göstərdi. Avropanın və dünyanın bir sıra nəhəng şirkərlərinin ölkəmizə gəlişi, əs­lində, həmin vaxtadək bölgənin görmə­diyi bir mənzərə idi. Heydər Əliyev şəx­siyyəti misilsiz bacarığı ilə sanki suyun axınını əksinə çevirdi. Axın həm də Şimal istiqamətini dəyişdi. Ancaq bu qədər. Qərb sırf Azərbaycan üzərinə köklənib özünün ənənəvi təfəkküründəki üstünlük paradiqmasını gerçəkləşdirməyə müvəf­fəq olmağı bacarmadı. Çünki ölkəmiz müstəqil siyasət yolundan dönmədi. 

Gürcüstanda Mixail Saakaşvilinin rəhbərliyi ilə həyata keçirilmiş 2004-cü ilin “qızılgül inqilabı” nəticəsində sabiq sovet sisteminin qalığı sayılan Eduard Şevardnadze hakimiyyətinin devrilməsi əsaslı addım olsa da, Qərb məsələyə kompleks yanaşılmasının vacibliyini gec anladı. Zaman göstərdi ki, Gürcüstanda əldə edilmiş nəticələr kövrəkdir. Lakin onu da vurğulamaq lazımdır ki, ölkədə Saakaşvilinin Qərb sisteminin qurulması ilə formalaşmış dövlətçilik stereotipləri hazırkı Gürcüstanın da Rusiya və Qərb arasında balanslı siyasət ənənəsini şərt­ləndirən faktor rolunda çıxış etməkdədir. 

Qalırdı Ermənistan. Qərb bu is­tiqamətdə çox uzun müddət işləməli oldu. Koçaryan-Sarkisyan xuntasını və rusbaşlıları hakim siyasi səhnədən uzaq­laşdırmaq xeyli zaman aldı. Buna görə indi baş nazir Nikol Paşinyanın zəif ha­kimiyyəti üzərində əsmək labüddür. Pa­şinyan tez-tez demokratiyadan danışır. Nəzərə almaq lazımdır ki, Ermənistana demokratiya, obrazlı desək, qapıdan ke­çib gəlməyib. Heç pəncərədən də daxil olmayıb. Ölkəyə demokratiyanın dürtül­düyü yer pəncərəsiz evin kiçik, yalnız nəfəslik üçün olan bacasıdır və hazırda Ermənistanda baş verən proseslər həm də həmin bacanın tutulması cəhdlərinin mövcudluğundan xəbər verir. 

***

Bütün bunlara görə demək müm­kündür ki, indi Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi fonunda Qərb-Rusiya rəqabəti özünün kuliminasi­ya anına çatıb. Yəni, bu, əvvəllərin ayrı­lıqda Gürcüstan və Ermənistan uğrunda mübarizəsinə bənzəməyən rəqabətdir. Mövcud situasiyada Qərb üçün əsas olan haqqında söz açdığımız “Qafqazın benilüksü” ideyasını gerçəkləşdirməkdir. Azərbaycan və Gürcüstanda bu baxım­dan sabit durum mövcuddur. Söhbət hər iki ölkə cəmiyyətinin münasibətindən ge­dirsə, Gürcüstanda anti-Rusiya köklənişi özünü saxlamaqdadır. Yeri gəlmişkən, bu köklənişin əsasını həmin Saakaşvili qoy­muşdu. Azərbaycan cəmiyyəti isə dövlə­timiz kimi balanslı yanaşma tərəfdarıdır. Hər bir halda ölkəmizdə milli maraq priz­ması əsas götürülür. Ermənistana gəl­dikdə, burada hakimiyyət Qərbpərəstdir, cəmiyyətdə anti-Rusiya köklənişi var, an­caq siyasi sistemdə Moskvanın təsirləri özünü saxlamaqdadır. 

...Əsas məqam Qarabağdır. Rusiya ona bölgədə varlığının, bir növ, qalası kimi yanaşır. Nəzərə almaq lazımdır ki, Kremlin varlıq anlayışı “velikarus” baxış­larından irəli gələn dominantlıq təfək­kürü üzərindədir və bu təfəkkür hazırda ənənəvi erməni xəstəliyinə xas mənfi stereotiplərlə manipulyasiya yolu tut­maqdadır. Əlbəttə, “velikarus” baxışları üçün jandarm funksiyası da aktualdır. Əslində Rusiya da, Ermənistan da də­yişə, münasibətlərin normal məcrasını təsəvvürə gətirə bilmir və Cənubi Qafqaz siyasi səhnəsindəki gərginlik mühiti, eyni zamanda, bu tendensiyanın doğurduğu mənzərədir. 

***

Bəli, bildirdiyimiz kimi, Cənubi Qafqaz Azərbaycan-Ermənistan gərginliyi fonun­da Qərblə Rusiya arasında “soyuq mü­haribə” meydanını xatırlatmaqdadır. Bu mənada Rusiyanın nəzərlərinin Moldo­vanın paytaxtında olması gözləniləndir. O Moldovanın ki, onun da daxilində Qa­rabağa bənzər separatçılıq yuvası var. Söhbət tanınmamış və Moskvanın əli ilə hərəkətə gətirilən “Dnestryanı Respub­likadan” gedir. Yeri gəlmişkən, onu da bildirək ki, 44 günlük müharibədən sonra Qarabağda gərginləşən siyasi təbəddü­latlar fonunda Rusiyadakı bəzi dairələr Dnestryanı “modelinin” Azərbaycan əra­zisində də tətbiqini irəli sürmüşdülər. An­caq o da məlumdur ki, Kreml ölkəmizdə Moldovadakı kimi “açıq oyun” göstəmək imkanından məhrumdur. Həm də ona görə ki, Ermənistandakı hakimiyyət onun dediyi hakimiyyət deyil və Rusiyanın bö­yük anlamda tutacaq yeri yoxdur. 

Belədə Kreml gözləmə mövqeyində­dir. Yəni, əslində, başqa çarəsi yoxdur. Bu məntiqə Rusiyanın siyasi ekspert­ləri də kifayət qədər geniş yer verirlər. Onlar Moskvanın Qərbin büdrəməsini gözləməli olduğunu bildirirlər. Dilə gə­timəsələr də, tapındıqları, tutacaq yeri kimi gördükləri başlıca məqam ermə­ni xəstəliyidir. Diqqət yetirək, hazırda Qarabağdakı separatçı rejim daxilində Rusiyanın əli ilə hərəkətə gətirilən Ru­ben Vardanyan faktoru var ki, bu faktor məhz həmin xəstəliyi körükləməklə məş­ğuldur. Əlbəttə, Vardanyan kimilər az deyillər və onlar, faktiki olaraq, hazırda Azərbaycan-Ermənistan nizamlanma­sının həm Qərb xəttinə, həm də rəsmi İrəvanın danışıqlardakı mövqeyinə təsir göstərməyə cəhd edirlər. Onlar, həmçi­nin, mövcud müstəvidə milli heysiyyat, ləyaqət, igidlik, qorxmazlıq kimi pupulist məntiqi xalqların öz müqəddaratını təyi­netməsi ilə bağlı spekulyasiyalarla çulğa­laşdırıb Azərbaycanın ərazi bütövlüyünə qarşı qoyurlar. Bunlar “Qafqazın beni­lüksü” hədəfini güdən Qərb üçün arzu­olunmaz yanaşmadır. Axı otuz ilə yaxın zaman kəsiyində həmin Qərb bizə Qara­bağın da həmin ideyada yer alacağını və ərazinin kimə məxsusluğunun önəminin olmadığını sırımaq istəyirdi. İndi eyni şeyi ermənilərə deyirlər. İkincilər isə sözdən və beynəxalq hüquqdan heç nə anlamır­lar. Anladıqları Azərbaycanın güc dilidir və düzünə qalsa, Rusiya da, Qərb də bu güc dilini məntiqi sayır. Ancaq onların hər ikisinin gücün ortaya qoyduğu reallığa uyğun oyunları tükənmək bilmir. Hazırda danışıqların Qərb və Rusiya formatının mövcudluğu məhz həmin tükənməzliyin məhsuludur. Görünür, qütblərin bir-birilə rəqabət industriyası, kifayət qədər, zən­gin və çoxgedişlidir. Bu zənginlikdən Ki­şineu sammitinə də pay düşür. 

Məsələn, Rusiyadakı Proqressiv Siyasət Fondunun direktoru Oleq Bon­darenko hesab edir ki, Fransa və ABŞ nəhayət ki, Azərbaycan–Ermənistan münaqişə ilə bağlı əsas danışıqlar esta­fetini Rusiyadan ala bilər. “Onlarda sis­temli xarici siyasət yanaşması var. Eyni zamanda, həm Azərbaycan, həm də Er­mənistan Fransa və ABŞ nümayəndələ­rini dinləyəcəklər. Hər iki ölkənin bunun üçün böyük xarici siyasət motivi olacaq”, - deyən ekspert əlavə edib ki, Qərb döv­lətlərinin Ermənistana daha çox rəğbət bəsləmələrinə baxmayaraq, bu, Azər­baycan üçün problem deyil.

O.Bondorenkonun fikrincə, Azərbay­can Qərblə çəkişmək istəmir, çünki ölkə qazını və neftini ona satır. Yəni, Bakı bu amili düşünməsə, İrəvanı çoxdan əzmiş­di. “Bəs, Bakının xarici siyasət baxımın­dan “əl sıxdığı” tərəf hansıdır? Aydındır ki, bu, Rusiya deyil” kimi fikirlərilə gün­dəm yaradan siyasi analitik Moskvada Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında yaşanmış gərginliyə (mayın 25-də Ali Avrasiya İqtisadi Şura­sının iclasında Paşinyanın Azərbaycanın dövlət başçısının çıxışına mənasız rep­likası nəzərdə tutulur – red.) diqqət çə­kib. Onun fikrincə, hazırda cənab İlham Əliyev öz üstünlüyünü hiss edir. Həm də ona görə ki, Azərbaycanın lideri inqilab dalğasında baş nazir olmuş Nikol Pa­şinyandan fərqli olaraq, regionun hakim siyasi elitasının üzvü kimi Rusiya tərəfinə daha yaxındır.

Qeyd edək ki, Rusiyanın siyasi da­irələri Azərbaycan-Ermənistan müna­sibətləri kontekstində Qərb-Rusiya zid­diyyətlərindən söz açarkən, iki Cənubi Qafqaz ölkəsi arasındakı gərginliyin tez­liklə aradan qalxmasının qeyri-mümkün­lüyü düşüncəsini də qabardırlar. Əlbəttə, bu, Bondorenkonun dilə gətirdiyi estafet məntiqindəki uğura hazırda Qərbin daha yaxın olmasından irəli gəlir. Lakin digər ekspertlərdən fərqli olaraq, Bondorenko, ümumən, vasitəçilik institutunun fayda­larına fokuslanır və bildirir ki, bu institut o zaman səmərə verəcək ki, tərəflərin təklifləri nəzərə almayacağı təqdirdə, itir­məyə nəyisə olacaq... 

Əlbəttə, Azərbaycan Prezidenti özünə əmindir. Ancaq Ermənistanın lide­rində əminlik nə dərəcədədir? Hər halda dövlətimizin başçısı İrəvanın ölkəmizin şərtləri ilə razılaşmayacağı təqdirdə, nələri itirəcəyinin anonsunu subliminal mesajlarla anlatmaqdadır. Buna qarşılıq Paşinyan administrasiyasının cavabı isə yalnız vay-şivəndir. Belə yanaşma itkilər­dən sığortalamır... 

Fikirlərinə istinad etdiyimiz O.Bon­dorenkonun məntiqinə görə isə, Ermə­nistanın böhranı öz xeyrinə həll etmək niyyəti göz qabağındadır. Ekspert deyir ki, İrəvan danışıqlardakı mövqeyini artıq fatihəsi verilmiş ATƏT-in Minsk qrupunun üzvləri hesabına gücləndirmək məqsədi güdür. Bu isə Rusiyanın Cənubi Qafqaz­dakı siyasi təsirini xeyli zəiflədir: “Qlobal miqyasda bu, hətta, regionda əməkdaş­lıq vektorunu Qərbə dəyişmək təhlükəsi yarada bilər. Uzunmüddətli perspektivlər­dən danışsaq belə, Rusiyanın bu qədər riskə getməyə haqqı yoxdur”.

Bəli, ümumən, Kremlin məqsədi Cə­nubi Qafqaz ölkələrinin öz orbitindən çıxmasının qarşısını almaqdır. Mövcud xüsusda Rusiya ekspertləri bu ölkələrin, konkret olaraq, Azərbaycanın və Ermə­nistanın diplomatik dalana dirəndikləri üçün Qərbə istiqamətləndikləri fikri üzə­rində dayanırlar. Onların qənaətincə, ikinci özünün xaricdəki diasporuna, bi­rinci isə neftinə güvənir. Əslində Bondo­renko da həmkarlarının gəldikləri nəticə­ni təkrarlayır. Ancaq bu da bir faktdır ki, istər Bondorenko, istərsə də onun dost­ları Moskvanın münaqişələrin tənzimlən­məsi üzrə real xəttinin yoxluğunu unudur. Həm də bu xəttin, daha doğrusu, səmi­mi və ədalətli yanaşmanın olmamasının nəticəsidir ki, Rusiya da gözünü Kişineu sammitinə dikən tərəfdir.

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət