Büdcədə ən çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına ayrılıb

post-img

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsində dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər sırasında işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa-yenidənqurma işlərinin aparılması, vaxtilə öz doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın mərhələli şəkildə öz ata-baba ocaqlarına qayıdışının təmin edilməsi, həmçinin ordumuzun müdafiə qabiliyyətinin artırılması, ölkənin sərhədlərinin möhkəmləndirilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılıb. Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı deyib:

– Cari ilin dövlət büdcəsinə edilən də­yişikliklərə əsasən, daha çox vəsait Qa­rabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək. Belə ki, işğaldan azad olu­nan Qarabağ və Şərqi Zəngəzurda həya­ta keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclə­rin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. Bu il ərzində bü­tövlükdə sözügedən istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsini, sürətləndiril­məsini və bu istiqamətdə daha çox vəsai­tin ayrılmasını şərtləndirir. 

Müdafiə qabiliyyətinin və milli təhlükə­sizliyin daha da artırılması üçün 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 1 milyard manatı birbaşa xü­susi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan son­ra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək. 

Digər zəruri xərclər üçün 973,4 mil­yon manat nəzərdə tutulur. Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı xərclər, dəmir yolu, elektrik təchizatı və digər infrast­ruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işləri, beynəlxalq münasibət­lər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər, dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların büdcədənkənar xərcləri­nin artırılması, bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılma­sı, Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin Muxtar Respublikanın büdcəsindən çıxa­rılaraq dövlət büdcəsinin mərkəzləşdiril­miş xərcləri hesabına təmin edilməsi və başqa zəruri dövlət xərclərinin maliyyə təminatı daxildir.

Hazırladı: V.BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat