Böyük maraqların kəsişdiyi nöqtə: Zəngəzur dəhlizi

post-img

Azərbaycanın, Rusiyanın və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun növbəti iclası ən yaxın vaxtlarda keçiriləcək. Bunu Rusiya baş nazirinin müavini və işçi qrupundakı nümayəndə heyətinin rəhbəri Aleksey Overçuk bildirib. O, görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin müzakirəyə çıxarılacağını deyib.

Overçukun sözlərinə görə, görüşün keçirilməsinə dair razılıq mayın 31-də əldə edilib: “Bu gün biz Azərbaycanın qərb ra­yonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini (Zəngəzur dəhlizi-S.H) bərpa edə bilərik deməyə çox yaxınıq”. Rusiya baş nazirinin müavini İrəvanın əldə edə­cəyi imkanlardan da söz açıb: “Ermənis­tan Naxçıvan, Azərbaycan vasitəsilə Ru­siyaya, Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə, eləcə də İrana çıxış qazana­caq”.

Rusiya hökuməti sədrinin müavini əlavə edib ki, görüşdə Azərbaycan və Ermənistan arasında sərhədin modal ke­çidi ilə bağlı texniki detalların da nəzər­dən keçiriləcəyi gözlənilir: “Burada söh­bət sərhəddə pasport, gömrük, eləcə də beynəlxalq sərhədlərdə mövcud olan nə­zarətin bütün digər formalarının fəaliyyət göstərməsindən gedir”.

Qeyd edək ki, Zəngəzur dəhlizi Ru­siya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci ildə imza­lanmış və 44 günlük Vətən müharibəsini başa çatdırmış üçtərəfli Bəyanata əsasən açılmalıdır. Bəyanatın 9-cu maddəsində deyilir: “Bölgədəki bütün iqtisadi və nəq­liyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat va­sitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayon­ları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizli­yinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azər­baycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası tə­min ediləcək”.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2021-ci ilin yanvarın 11-də keçirilmiş üçtərəfli görüşündə kommuni­kasiyaların açılması ilə bağlı işçi qrupu­nun yaradılması haqda razılaşma əldə edilib. Həmin ilin iyun ayından etibarən qrupun Moskvada bir neçə görüşü baş tutub. Uzun müddət idi ki, qrupun işin­də fasilə yaranmışdı. İndi onun yenidən aktivləşməsi Zəngəzur dəhlizinin açılma­sına ümidləri artırır. Ona görə ümidləri artırır yazırıq ki, rəsmi İrəvan üçtərəfli Bəyanatın imzalanmasından iki il yeddi aya yaxın müddət keçməsinə baxmaya­raq, hələ də dəhlizin işə düşməsinə heç cür imkan vermir. Bəyanatda bölgədə­ki bütün iqtisadi və nəqliyyat əlaqələri­nin bərpa olunmasının açıq-aydın qeyd olunmasına baxmayaraq, Ermənistanda nədənsə Zəngəzur dəhlizi ifadəsindən qıcıqlanır və bunu ölkənin suverenliyinə qarşı yönəlmiş layihə hesab edirlər. Hal­buki tarix boyu Azərbaycanın heç bir qonşusuna ərazi iddiası olmayıb və indi də yoxdur. Əksinə, Azərbaycan özü Er­mənistanın silahlı təcavüzünə məruz qa­lıb. Sonuncu dəfə mayın 25-də Azərbay­can Prezidentinin iştirakı ilə Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Nikol Paşinyan cənab İlham Əliyevin Zəngəzur dəhlizi ifadəsini işlət­məsinə reaksiya verdi. O, Zəngəzur dəh­lizi sözünü “son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadə” adlandırdı. Bununla belə N.Paşinyan Ermənistanın regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və respublikanın ərazisindən keçən kom­munikasiyaların işləkliliyinin təminatına hazır olduğunu vurğuladı. Əlavə etdi ki, bunu “erməni yolayrıcı” (?) adlandırırlar.

Azərbaycan Prezidenti Ermənis­tan baş nazirinə anındaca tutarlı cavab verdi: “Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Ermənistana qarşı ərazi iddi­alarımızın olması barədə ittihamlar səs­ləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlə­rimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasi­bətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə müna­sibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna ver­məzdilər”.

Qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizi vasitəsilə ölkəmizin əsas hissəsi Naxçı­van Muxtar Respublikası ilə birləşəcək, eyni zamanda, Naxçıvan üzərindən Tür­kiyə ilə birbaşa dəmir yolu və avtomobil yolu əlaqəsi qurulacaq. Ermənistanın Azərbaycana silahlı təcavüzü başlamaz­dan öncə bu yoldan istifadə olunub, ancaq sonradan Azərbaycanın Naxçıvanla quru əlaqəsi yalnız İran ərazisindən keçməklə gerçəkləşib. Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində son vaxtlar intensiv danışıqların aparıldığı­nı və tərəflərin nəticə əldə etməyə yaxın olduqlarını nəzərə alsaq, Zəngəzur dəh­lizinin açılması məsələsində də irəliləyiş mümkündür.

* * * 

Bu arada Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı aparılan müzakirələrin detalları bəlli olub. “Hraparak” qəzetinin yaydığı məlu­mata görə, erməni tərəfi öz ərazisindən dəhliz verməkdən imtina edə bilməyəcək. Qəzet yazır ki, dəhlizin verilməsini Azər­baycandan çox Rusiya tələb edir. Nəşr bildirir ki, Paşinyan Ermənistandan keçə­cək yolda Rusiya sülhməramlılarının 3-5 il müddətinə yerləşdirilməsinə razılaşacaq.

Hayastanın baş nazirinin müavini və işçi qrupundakı nümayəndə heyətinin rəhbəri Mqer Qriqoryan isə mayın 30-da jurnalistlərə açıqlamasında deyib ki, ilkin hesablamalara görə, regional infrastruk­turların bərpası çərçivəsində Ermənistan­da dəmir yolu infrastrukturunun qurulması təxminən 2-3 il çəkəcək. O qeyd edib ki, dəmir yolu region üçün daha səmərəli infrastruktur həllidir: “Biz Ermənistanın regionda logistika mərkəzi kimi rolunu gücləndirəcək və artıracaq həllər istəyirik. Dəmiryolu variantı hazırda ən çox ehtimal olunan variant kimi görünür. Regionda bunun infrastrukturuna nəzər salsaq, ay­rı-ayrı hissələrin bərpası ilə regional səviy­yədə ciddi logistik həll əldə edəcəyik”.

M.Qriqoryan da bu həftə Moskvada Ermənistanın, Rusiyanın və Azərbayca­nın baş nazirlərinin müavinlərinin üçtərəf­li görüşünün keçiriləcəyini təsdiqləyib və əlavə edib ki, bu görüş çərçivəsində yalnız kommunikasiyaların blokadadan çıxarılması məsələsi müzakirə olunacaq.

* * * 

Dəhlizin açılmasında sözsüz ki, şimal qonşumuz da maraqlıdır. Yazını hazırla­yarkən Aleksey Overçukun hələ 2021-ci ilin iyununda “Rossiyskaya qazeta”ya verdiyi müsahibədəki fikirlər diqqətimizi çəkdi. O, həmin müsahibəsində demişdi: “Tarixdə müharibə edən tərəflərin belə qısa müddət sonra nəqliyyat əlaqələrini açmaq və ölkələrinin iqtisadiyyatlarının inkişafı üçün şərait yaratmaq vəzifəsi ilə danışıqlar masasına oturduqlarına dair az nümunə var. Ən əvvəl başlanğıc nöqtəsi tapmaq vacib idi, heç kim da­nışıqların başlamadan əvvəl bitməsini istəmirdi. Bu yanaşma iki ölkə arasında bütün mümkün dəmir və avtomobil yolla­rının açılmasının müzakirəsinə keçməyə imkan verdi. Azərbaycanın qərb rayon­ları ilə Naxçıvan MR arasında Ermənis­tan ərazisi vasitəsilə nəqliyyat əlaqəsi imkanları nəzərdən keçirilir. Bununla yanaşı, eyni vaxtda Ermənistandan Azər­baycan ərazisi vasitəsilə Rusiyaya, ya da Ermənistan və Rusiyadan Naxçıvandan keçməklə İrana hərəkətə başlamaq və­zifəsi həll olunur. Ermənistanın özünün dənizə çıxışı yoxdur, Türkiyə və Azərbay­canla çox mürəkkəb tarixi münasibətləri var və bu ölkələrlə sərhədləri bağlanıb. Ermənistanın İranla kiçik quru sərhədi var, lakin orada çətin relyef və pis yol­lar mövcuddur. Bu isə tammiqyaslı nəq­liyyat əlaqəsinin həyata keçirilməsinə mane olur. Bundan əlavə, İranın özü də məhdudlaşdırıcı tədbirlər görür və bu da vəziyyətə təsir edir. Bölgədə nəqliyyat blokadasının aradan qaldırılması Rusiya, Avrasiya İqtisadi İttifaqı və bütün qonşu ölkələr üçün vacibdir”.

Əslində, Ermənistan artıq Zəngəzur dəhlizinin açılmasına dirəniş göstərə bil­məyəcəyini anlayıb. Eyni zamanda, “Zən­gəzur dəhlizi” ifadəsinin guya, Ermənista­na ərazi iddialarının irəli sürülməsinə əsas verdiyi ilə bağlı interpretasiya da deyəsən, aradan qalxmaq üzrədir. Hər halda rəs­mi İrəvan rasional yanaşma göstərsə, xəstə təxəyyüllərə qapılmaz və dəhlizin açılmasının yaradacağı üstünlüklərdən faydalanar. Yazımızı sözü imzası qədər keçərli olan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 2022-ci ilin dekabrın 31-də xalqa müraciətində dediyi fikirlər­dən iqtibas gətirməklə bitiririk: “Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiq­yaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir. Azərbaycanın əsas hissəsi ilə onun ayrıl­maz hissəsi olan Naxçıvan Muxtar Res­publikası ilə bizim bağlantımız olmalıdır və olacaqdır”.

İlqar VƏLİZADƏ,
politoloq

Zəngəzur dəhlizi ilə bağlı məsələyə mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında da toxunulması təsadüfi deyil. Çünki ic­lasda iştirak edən, demək olar ki, bütün dövlətlər Zəngəzur dəhlizinin reallaş­masında maraqlıdırlar. Bu böyüklükdə coğrafiyadakı bütün ölkələrin Zəngə­zur dəhlizinin açılmasında maraqlı ol­ması Ermənistana, onun baş nazirinə də müəyyən işarə ola bilərdi. Əlbəttə, bundan Ermənistanın da konkret fayda götürməsi mümkündür. İrəvan ideyanın reallaşmasına ciddi yanaşmalı və lazı­mi addımları atmalıdır. Ona görə də fik­rimcə, Moskva görüşündə əldə olunan razılaşmalar göstərir ki, artıq məsələ konkretləşir.

Təəssüf ki, Zəngəzur dəhlizinin açıl­ması məsələsində bizim əməkdaşlıq etməli olduğumuz ölkə Ermənistandır. İrəvanın isə sözlərinə yox, əməllərinə inanmaq lazımdır. Zənnimcə, tezliklə yol infrastrukturunun qurulması ilə bağ­lı Ermənistan tərəfindən konkret işlər başlanılmasa, o zaman təəssüf ki, dəh­lizin reallaşmasından yaxın müddətdə söhbət gedə bilməyəcək. Yox əgər, konkret addımlar atılsa, fəaliyyət qrafi­ki tərtib olunsa, bu qrafik çərçivəsində dəqiq işlər görülsə, məntəqə qurulsa, layihələndirmə işlərini başa çatdırıb dəmir yolunun qurulması ilə bağlı işlər getsə, o zaman deyə bilərik ki, Zəngə­zur dəhlizinin işə düşməsi vaxt məsələ­sidir. Yalnız belə olacağı təqdirdə dəh­lizin yaxın müddətdə ərsəyə gəlməsini gözləmək mümkündür.

Səxavət HƏMİD,
“Xalq qəzeti”

 

 





Siyasət