Hayastanda döyüşə yenə fərarilər gedəcək...

post-img

Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, bu ölkədə “daxili qaydalar” əsasında çox adama səfərbərlikdən azad olunma, yaxud möhlət hüququ verilib. 

Qəzet özünün Mü­dafiə Nazirliyindəki özəl mənbələrinə istinadla məlumat verir ki, bu döv­lət qurumunun məmurları ən müxtəlif bəhanə və qərarlarla yüzlərlə insana orduya çağırışdan “bron” təqdim ediblər. Bu “özfəa­liyyətin” iki il yeddi ay əv­vəl hərbi əməliyyatların getdiyi dövrdə, eləcə də sonralar təlim və toplan­tılara çağırışlarda özünü daha çox göstərdiyini qeyd edən nəşr “bron” əldə edənlərin böyük əksəriyyətinin parlamentin, müxtəlif nazirliklərin sıravi əməkdaşlarından tutmuş, şirkət və firmalarda çalışan bir sıra şəxslərə qədər olduğunu üzə çıxarıb. 

Araşdırma nəticəsində məlum olub ki, “bron” verilmiş adam­ların sənədlərində onlar “olduqca vacib əhəmiyyətli mütəxəs­sislər” kimi təsnifatlandırılıblar. Yəni, həmin “mütəxəssislərin” fəaliyyəti ölkə üçün o dərəcədə vacibdir ki, hətta müharibə şə­raitində belə həmin obyektlərdə iş prosesi dayandırıla, yaxud onlar işlərindən uzaqlaşdırıla bilməz. Məhz bu kimi keçilməz səbəblərə və “dəmir alibiyə” görə, belə “mütəxəssislər” səfər­bərliyə cəlb olunmurlar. 

İndi Ermənistanın prokurorluq orqanları, eləcə də digər müvafiq qurumlar qəzetin yazdığı fakt və arqumentləri yoxla­maqla məşğuldur. Daxili təhqiqatların rəsmi dövlət idarələrin­dən başladığı xəbər verilir. 

Sonra da Hayastanın birinci ledisi 44 günlük müharibədə 11 min hərbçinin fərarilik etməsi faktına heyrətlənir. Əgər yox­lama şəffaf və ədalətli aparılarsa, əminik ki, “mülki fərarilərin” sayı bundan azı iki dəfə çox olacaq. 

Bir müddət əvvəl Azərbaycanla şərti sərhədə yaxın kənd­lərdə ahıl qocaların da Ermənistan ordusunun sıralarına cəlb olunması barədə oxucularımıza məlumat vermişdik. Əlinə si­lah verməyə adam tapmayan ölkənin daşnak-millətçi kəsimi isə yeni müharibədən, revanş götürməkdən dəm vurur. İngi­lislər belə yerdə deyiblər: “no komment”. Yəni, şərhə ehtiyac duyulmur... 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət