Cənubi Qafqaz sülhə təşnədir

post-img

Paşinyanın Kişineudakı beştərəfli qeyri-formal görüşdəki mövqeyi, onun danışıqların bu raundunu da uğursuzluğa sürükləmək niyyətindən xəbər verirdi. 

Moldova paytaxtından 35 kilo­metr məsafədə yerləşən Bulboa­ka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Sammitdə li­derlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin və Avropada ölkələrarası əlaqələrin gücləndirilməsi mövzularında mü­zakirələr aparıblar.

Toplantı çərçivəsində Azərbay­can Prezidenti İlham Əliyev, Ermə­nistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron arasında qey­ri-rəsmi görüş keçirilib. 

* * * 

Kişineu Zirvəsi sülh sazişi­nin imzalanacağına kövrək də olsa, müəyyən ümidlər yaratmış­dı. Amma sülh prosesinin Avropa Siyasi Birliyinin (ASB) 2-ci Zirvə toplantısına qədərki azı üç aylıq siyasi xronologiyaya nəzər yetir­sək, dünən qeyri-adi, gözlənilməz nəyinsə baş vermədiyinə təəccüb­lənməli deyilik. Hərçənd Aİ Şurası­nın rəhbəri Ş.Mişelin qeyri-formal görüşlə bağlı açıqlamasındakı ay­rı-ayrı məqamlar, xüsusən də möv­cud müstəvidəki muzakirələrin davamlı olacağına dair fikirləri nik­binlik atmosferi yaratmaqdadır. O, bu il iyulun 21-də liderlərin Brussel­də yenidən bir araya gələcəklərinin anonsunu verib. Deməli, Azərbay­can–Ermənistan münasibətlərinin Qərb formatı pozitivlik notlarını qo­rumaqdadır.

Bir ay əvvəl Vaşinqtonda iki ölkənin XİN rəhbərlərinin dördgün­lük sülh müzakirələrində tərəflər masadan sualların böyük əksəriy­yətinə cavab tapmadan qalxmış­dılar. İrəvanın və Bakının razılığa gələ bilmədiyi əsas məsələlər Qa­rabağdakı erməni icmasının “hüquq və təhlükəsizliyinin” təmin edilməsi üçün “beynəlxalq mexanizmdən is­tifadə”, artıq kitabı bağlanmış “Ba­kı-Xankəndi dialoqu”, eləcə də ank­lavlar da daxil olmaqla, sərhədlərin delimitasiyası ilə bağlı idi. 

ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə baş tutmuş tet-a-tet dialoqun ardınca Kremlin təşkil et­diyi üçtərəfli görüşdən də tərəflər əliboş döndülər. İntəhası, Parisin də dəstək verdiyi Aİ-nin ASB Kişi­neu Zirvə görüşündə daha “uduşlu mövqeyə” malik olacağını düşünən Paşinyan hətta iyunun 1-də sülh sazişinin imzalana biləcəyinə işarə edirdi. Əslində, onun Qarabağ və anklavlar daxil olmaqla, Azərbay­canın 86,6 min kilometrlik ərazi bü­tövlüyünü tanıdığını bəyan etməsi də siyasi gündəliyi öz xeyrinə də­yişməyə hesablanmış “kart-blanş” sayıla bilərdi. Bakı isə qısamüddətli diplomatik pauzadan sonra, dia­loqun Moldova raunduna təxminən bir həftə qalmış Kişineuda sülh sazişinin imzalana biləcəyi barədə açıqlama verdi.

* * * 

Amma beştərəfli sammit ərəfə­sində həm ön, həm də arxa cəbhə­də cərəyan edən hadisələr göstərdi ki, İrəvan çox çalışsa da, Vaşinqton müzakirələrindən sonra ümid etdiyi Kişineu formatına qədər gündəliyi dəyişməyi bacarmadı. Bunun əvə­zində Bakının nümayiş etdirdiyi siyasi iradə, sərgilədiyi “diplomatik menyu” daha tutarlı və effektli alın­dı. Cənab Prezidentin sülh vasitə­çilərinə, o cümlədən beynəlxalq ictimaiyyətə yönəlik Laçın tezis­lərinə Paris reaksiya verməsə də, Vaşinqton və Brüsselin açıqlama­ları təqdiredici ruhda oldu. Hayla­rın baş nazirinin bir ay əvvəl sülh sazişi ilə bağlı nikbin fikirlərini indi dəyişməsinin əsas səbəbi məhz buradan qaynaqlanırdı. Beştərəfli görüşdən üç gün öncə Azərbay­can Prezidenti İlham Əliyevin La­çından Qarabağdakı separatçılara amnistiya çağırışı etməsi və rəsmi Vaşinqtonun bunu dərhal dəstək­ləməsi barədə açıqlama yayması İrəvanda şok effekti yaratdı. ABŞ-ın dövlətimizin başçısının çağırışını Bakının xoşməramlı humanist ad­dımı kimi dəyərləndirməsi İrəvanın daşnak-revanşist qüvvələrində və Xankəndidəki separatçılarda iste­rik durum formalaşdırdı. Deməli, Azərbaycan Prezidentinin böyük diplomatik məharətlə yaratdığı yeni hərbi-siyasi situasiya Azərbaycana həm ABŞ-ın timsalında beynəlxalq müstəvidə dəstək əldə etməsini, həm də məsələnin fərqli səmtdə müzakirəsini arxa plana keçirmək imkanı verdi. 

Bu sətirləri yazanda Kişineu sammiti hələ davam edirdi və yuxa­rıda sadaladığımız amillər nəzərə alınmaqla, beştərəfli görüşdə iki ölkə arasında sülh sazişinin im­zalanma ehtimalı olduqca az idi. İrəvanın hələ Zirvəyə qədər Qa­rabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinə” dair “beynəlxalq mexanizm”in yaradılması iddiasını irəli sürməsi zatən danışıqların bu raundunu da uğursuzluğa sürük­ləmək niyyətindən xəbər verirdi. 

* * * 

Bu arada ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Kişineu sammiti ilə bağlı mediaya maraq­lı açıqlama verib. Onun sözlərinə görə, Fransa Prezidenti Emma­nuel Makronun prosesə qatılması Bakı üçün yaxşı heç nə vəd eləmir. “Makron bu məsələdə Ermənista­nı dəstəklədiyini çoxdan bildirib. Deməli, o, obyektiv vasitəçi deyil. Amma Olaf Şoltsun balans yarada­cığını və ya onu qoruyacağını düşü­nürəm”, – deyən Brayza onu da de­yib ki, əgər Makron görüşdə iştirak edirsə, sülh müqaviləsinin imzalan­ması barədə razılığa gəlmək müm­kün olmayacaq: “Ümumiyyətlə, Kişineudakı görüşün prosesi müəy­yən qədər irəli aparmağa təsir edə­cəyinə inanıram. Güman edirəm ki, bu görüş tərəflər arasında fikir ayrılıqlarının azalmasına, sonrakı mərhələdə isə Co Bayden, Antoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh sazişinin imzalanması ilə bağlı razılığın əldə olunması­na töhfə verəcək”. Yeri gəlmişkən, sammitin açılış mərasimində Fran­sa Prezidenti Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması barə­də sualı cavabsız qoyub. 

Açılış mərasimində çıxış edən Şarl Mişel “Ümid edirəm ki, bu gö­rüş iki ölkə arasında münasibətlə­ri normallaşdırmaq istiqamətində ümumi siyasi iradəni təsdiqləmək üçün bir fürsət olacaq”, – dedi. 

Azərbaycanın mövqeyi aydın və dəyişməzdir. Bundan sonra Qarabağla bağlı bütün suallara özünün cavab tapacağı ilə bağlı si­yasi iradəsini ortaya qoymuş Bakı üçün, sadəcə, vaxtı dəqiqləşdirmək məsələsi var. Növbəti dəfə sülhə gəlməkdən boyun qaçıran İrəvan üçün isə hələlik əqrəblər geriyə doğru hərəkət etməkdədir... 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət