Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

post-img

Dünən Bakı Konqres Mərkəzində Beynəlxalq Enerji Həftəsi çərçivəsində “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunmuş 28-ci Bakı Enerji Forumu öz işinə başladı. Tədbirdə qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə olundu.

Xatırladaq ki, builki forumda dün­yanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edirdi. Forumun proqramına həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil edilmişdi. Tədbir zama­nı keçid dövründə qlobal enerji təhlükə­sizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu və s. məsələlər daxil ol­maqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Konfransda, həmçinin Xəzər regionu­nun bərpaolunan enerji mənbələri və potensialı, onlardan istifadə imkanları, bərpaolunan enerji mənbələrinin infrast­rukturunun inkişafı, “yaşıl enerji” sahə­sində layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Bütövlükdə isə, 50 məruzəçi tərəfindən energetikanın müxtəlif sahələrinə aid 25-dən çox mövzuda çıxışlar səsləndi­rildi, geniş diskussiyalar aparıldı. “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunmuş plenar iclasa beynəlxalq ekspert Metyu Brayza sədrlik edirdi. 

Forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış edərək son illər ölkəmizin enerji sahəsində həya­ta keçirdiyi uğurlu siyasətindən söhbət açdı. Nazir bildirdi ki, beynəlxalq yaşıl platformanın fəal iştirakçısına çevrilmiş Azərbaycan bərpaolunan enerji mən­bələrini uğurla inkişaf etdirir. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük po­tensiala malik olduğunu diqqətə çatdıran energetika naziri qeyd etdi ki, hazırda Azərbaycan özəl sektorla əməkdaşlıq çərçivəsində 1800 meqavat gücündə la­yihə üzərində fəal iş aparır. 

P. Şahbazov bildirdi ki, Azərbaycan Avropa İttifaqını təbii qazla təmin edən Cənub Qaz Dəhlizi layihəsinin təşəb­büskarı kimi hazırda 6 ölkəyə “mavi yanacaq” ixrac edir. Nazir, həmçinin Azərbaycanın təbii qaz mənbələrinin ar­tırılması üzərində işlədiyini vurğulayaraq bildirdi ki, bu gün ölkəmizin ehtiyatında 1,7 trilyon kubmetrə yaxın təbii qaz var ki, onun da gələcəkdə digər ölkələrə ix­rac edilməsi planlaşdırılır. Qeyd olundu ki, 2028-ci ilə qədər bərpaolunan enerji mənbələrindən istifadənin genişləndi­rilməsi hesabına Azərbaycan təxminən 1 milyard kubmetr qaza qənaət edərək ixraca yönəldəcək.

SOCAR-ın prezidenti Rövşən Nə­cəf çıxışında rəhbərlik etdyi şirkətin son zamanlar neft və qaz hasilatına inves­tisiyaların artırdığını diqqətə çatdırdı. Yaxın onilliklərdə neft və qaz hasilatını dayandırmağın mümkün olmadığını vur­ğulayan SOCAR prezidenti neft ehtiyat­larının ekoloji təmiz çıxarılmasını, təmiz enerji istehsalı ideyasını dəstəklədiklə­rini bildirdi. R. Nəcəf, həmçinin Şuşada BP və “Masdar”la birlikdə bərpaolunan enerji mənbələri üzrə müqavilələrin im­zalanmasından bəhs edərək SOCAR-ın tərəfdaşları ilə işləməyə və layihələrin sayını artırmaqda qətiyyətli olduğunu diqqətə çatdırdı. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz çıxışında dəyişən enerji dünya­sında Azərbaycanın rolunun getdikcə artdığı bir dövrdə Bakı Enerji Həftəsi­nin enerji sektorunun qarşısında duran məsələlərin və imkanların müzakirəsi baxımından çox önəmli olduğunu bil­dirdi. Ölkəmizin həm karbohidrogenlər, həm də bərpaolunan enerji mənbələri baxımından nəhəng potensiala malik olduğunu vurğulayan Qəri Counz bu imkanlardan istifadə imkanları ilə bağlı təklif və mülahizələrini bildirdi. 

Təmsil etdiyi şirkətin Xəzərdə dünya səviyyəli karbohidrogen biznesi həyata keçirdiyini diqqətə çatdıran natiq BP-nin Azərbaycanda reallaşdırdığı nəhəng enerji layihələrindən bəhs etdi. Bununla yanaşı, təmsil etdiyi qurumun ölkəmizdə yeni qaz mənbələrinin axtardığını bildir­di. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın enerji strategiyasının re­allığa çevrilməsində əvəzedilməz rol oy­nadığını qeyd edərək BP şirkəti tərəfin­dən bu nəhəng şəxsiyyətin hər an dərin hörmət və minnətdarlıqla yad edildiyini vurğuladı. 

Daha sonra Q. Counz enerji keçidinə investisiya siyasətindən bəhs edərək BP-nin karbonsuzlaşdırmanın və emissi­yaların azaldılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verdi. Qeyd olundu ki, BP şirkəti artıq Cəbrayıl­da 240 meqavat gücündə günəş elektrik stansiyasının inşasına başlamaq üçün sahədəki tədqiqat işlərini yekunlaşdır­maq üzrədir. Bununla belə, o, təmsil etdiyi şirkətin Azərbayanın yeni enerji gələcəyinə keçidinə dəstək verməkdə davam edəcəyini diqqətə çatdırdı.

Konfransda, həmçinin Böyük Brita­niya Baş nazirinin Azərbaycan üzrə ti­carət elçisi Baronessa Emma Nikolson, Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə di­rektoru Kristina Lobillo Borrero, Maca­rıstanın təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə məsul dövlət katibi Piter Staray, Moldovanın enerji naziri Konstantin Borosan, BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku, “Türkiye Petrolları Anonim Ortaqlığı” şirkətinin prezidenti və baş icraçı direktoru Melih Xan Bilgin, “Total Energy Avropa”nın birinci vitse-prezidenti Jan Lyuk Qizyu və başqaları çıxış edərək Azərbaycanın enerji imkanları, bu sahədə əməkdaş­lığın mövcud vəziyyəti və perspektiv vəzifələr, eləcə də “yaşıl enerji”yə keçid istiqamətində həyata keçirilən tədbirlər­dən bəhs etdilər. 

Konfrans iyunun 2-də öz işini davam etdirəcək.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat