Enerji təhlükəsizliyi: Marşrutlarla bərabər, mənbələr də şaxələndirilir

post-img

Bakı Enerji Həftəsi çərçivəsində gerçəkləşən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz–“Caspian Oil&Gas” sərgisi ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi tədbirlərlə eyni vaxta təsadüf edir. Yeri gəlmişkən, dahi şəxsiyyətin neft strategiyası 1994-cü ildən etibarən bu sərgi ilə beynəlxalq investorlara təqdim olunur. 

Xatırladaq ki, elə həmin il “Əsrin müqaviləsi” imzalanıb. Bununla da ölkə­mizin dünyada nüfuzu artmağa başlayıb, sərmayələrin cəlbi sürətlənib, iqtisadi sabitlik reallaşıb və bununla da Azərbay­canın firavan gələcəyinin möhkəm təməli qoyulub.

Prezident İlham Əliyev bütün bunlarla bağlı mayın 31-də “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərinin açılış məra­simindəki çıxışında ətraflı bəhs edərək Bi­rinci Qarabağ müharibəsi başa çatandan bir neçə ay sonra “Əsrin müqaviləsi”nin imzalandığını və bu uğurun Azərbayca­na dayanıqlı inkişaf, iqtisadi və siyasi müstəqillik gətirdiyini söyləyib. 

“Əsrin müqaviləsi”nin imzalanması ilə bağlı tarixi bir məqamı xatırladaraq qeyd edək ki, o zaman Azərbaycan iqtidarının bəzi Qərb dövlətləri ilə apardığı danışıq­ların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam otu­ruşmadığı, bəzi qonşu dövlətlərlə müna­sibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxt­da sözügedən müqavilənin imzalanması bir çoxlarına əfsanə kimi görünürdü.

Ümumiyyətlə, həmin vaxt Qərb şirkət­lərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtida­rından ciddi siyasi iradə, əzmkarlıq və qə­tiyyət tələb edirdi. Lakin prinsipial xarak­terə malik ümummilli lider Heydər Əliyev kənar maneələrə mətinliklə sinə gərərək Qərbin aparıcı şirkətlərini bu müqavilə­nin səmərəliliyinə inandıra bildi. Nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda dün­yanın 11 transmilli neft şirkətinin iştirakı ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi.

“Əsrin müqaviləsi” Azərbaycanda iq­tisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı, yeni iş yerlərinin açılmasını reallaşdırdı, ölkəyə xarici investisiya axınını sürətlən­dirdi. Xarici şirkətlərlə imzalanan neft-qaz müqavilələri iqtisadiyyatın digər sahələ­rinin inkişafına əsaslı təkan verdi, iqtisa­di proseslərdə yüksək dinamizmin əldə olunması, əhalinin maddi-rifah halının və alıcılıq qabiliyyətinin yüksəlməsi isə para­lel olaraq milli sahibkarlığın formalaşması prosesinə də müsbət təsir göstərdi. 

Prezident İlham Əliyev nitqində 1994-cü ildən etibarən təşkil edilən Xəzər neft-qaz sərgisinin önəmini də yüksək dəyər­ləndirərək, Azərbaycanın beynəlxalq enerji ictimaiyyətinə təqdim olunmasında bu tədbirin xüsusi rol oynadığını bildirib. Ölkə rəhbəri fikrinin təsdiqi kimi, ABŞ Prezidenti Co Bayden və Böyük Britani­yanın Baş naziri Rişi Sunakın tədbirə öz məktublarını ünvanlamalarını vurğulayıb: “Bu, onun göstəricisidir ki, bizim bu tədbir qlobal əhəmiyyətə malikdir. Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onla­rın buradakı nümayəndələrinə təşəkkürü­mü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlan­dırır”.

Beləliklə, Azərbaycan 30 ildir ki, ener­ji sahəsində uğurlu əməkdaşlıq edir. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ və Böyük Britaniya hökumətləri tərə­findən respublikamızın bütün təşəbbüs­ləri dəstəklənir. Bu isə Azərbaycana öz resurslarını inkişaf etdirmək imkanlarını genişləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, əvvəllər bu, təkcə neftə aid idisə, hazırda qaz sahəsinə də priori­tet istiqamət kimi yanaşılır. 

Bəli, dövlətimizin başçısının müdrik siyasəti ilə Azərbaycanda hazırda nəhəng enerji infrastrukturu yaradılıb və bununla da, Avrasiyanın enerji xəritəsi dəyişdirilib. Bu gün respublikamız tərəfindən isteh­salçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradılıb. 

Prezident İlham Əliyev çıxışında Azər­baycanın neft strategiyasının uğurla ger­çəkləşməsində Avropa İttifaqının (Aİ) rolu­nu da yüksək qiymətləndirib. Ölkə rəhbəri bu fikrin təsdiqi olaraq Aİ ilə respublika­mızın ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair hazırda uğurla icra edilən Anlaşma Memorandumu imza­lanmasını xatırladıb. 

Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru 

Prezident İlham Əliyev Bakı Ener­ji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgi­sində müəllifi ulu öndərimiz olan neft strategiyasından danışarkən qeyd edib ki, “Əsrin müqaviləsi” azad iqti­sadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyanı, yeni iş yerlərinin açılmasını gerçək­ləşdirib, ölkəyə investisiya axınını sürətləndirib. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi in­kişaf strategiyasının əsasını qoyub, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının bey­nəlxalq səviyyədə təminatına real zə­min yaradıb. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında müsbət presedent formalaşıb. Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri stra­teji müstəvidə inkişaf etməyə başlayıb və müstəqil respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçı­sına çevrilib. 

Dövlətimizin başçısı nitqində so­nuncu Bakı Enerji Həftəsindən indiyə­dək keçirilən tədbirlərə də nəzər sala­raq bildirib ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. İyulda respublikamızın Aİ ilə enerji sahəsində strateji tərəfdaşlığa dair An­laşma Memorandumu imzalaması da bunun bariz ifadəsidir: “Bizim planımız ondan ibarətdir ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artıraq. Bu, olduqca real rəqəm­dir. Bizim qaz təchizatımızın dinami­kasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 mil­yard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr artıq var, onlardan biri bizim nəhəng “Şahdəniz” yatağımızdır, digər yataq “Abşeron”dur. Ümid edirəm ki, olduqca qısa bir zamanda “Abşeron”dan çox yaxşı xəbərlər alacağıq. Oradan çox qısa bir zamanda ilk qaz alacağımıza dair xəbər gözləyirik”.

Ölkə rəhbəri çıxışında respublika­mızda bərpaolunan enerji layihələrinin reallaşdırılmasının prioritet istiqamət olduğu barədə də ətraflı məlumat verərək, bu sahənin inkişafını, sözü­gedən istiqamətdə tədbirlərin geniş­ləndirilməsini daim diqqət mərkəzin­də saxladığını vurğulayıb. Prezident İlham Əliyev daha sonra ötən ilin de­kabr ayında Buxarest şəhərində “yaşıl enerji”yə dair mühüm tədbir keçirildi­yini, Azərbaycan, Gürcüstan, Macarıs­tan və Rumıniyanın bir araya gəldiyi­ni, həmçinin Avropa Komissiyasının Prezidentinin də həmin tədbirdə işti­rak etdiyini, orada “yaşıl enerji”yə və transmissiyaya dair müvafiq sənəd im­zalandığını xatırladıb: “Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqti­sadi əsaslandırılması həyata keçirilir”. 

Bu məqamda onu da qeyd edim ki, respublikamızın strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80 faizinin ixrac olunaca­ğı nəzərdə tutulur. Bununla yanaşı, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da planlaş­dırılır.

V.BİNYATOĞLU, “Xalq qəzeti”



İqtisadiyyat