Rusiyanın Cənubi Qafqaz vasitəçiliyi, “avrasiyaçılıq”… və Paşinyan diversiyanizmi

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya mayın 25-dəki səfərinə iki aspektdən yanaşmaq mümkündür. 

Əlbəttə, ilk növbədə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünü və mövcud xüsusda Bakı–İrəvan münasi­bətlərinin tənzimlənməsinin Moskva formatını vurğulamaq lazım­dır. Nəzərə alaq ki, ölkəmizin ictimaiyyəti səfəri başlıca olaraq buna görə diqqətdə saxlayırdı. Amma ikinci vacib məqam da var. Məlum oldu ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdəki iclasına da dəvət edib. Əlbəttə, söhbət qonaq qismində dəvətdən gedir. Yəqin, iclasın adındakı “geniş tərkibdə” ifadəsi də məhz bundan qaynaqlanmaqdadır.

Heç şübhəsiz, V.Putin Azərbaycanı Rusiyanın hakim rol oynadığı Avrasiya İqtisadi İttifaqında (Aİİ) görmək istə­yir. Ümumən, Moskvanın keçmiş So­vetlər Birliyini vahid orqanizm olaraq təsəvvürə gətirib, onu dünyaya yeni SSRİ kimi təqdim etmək niyyəti indinin söhbəti deyil. Əlbəttə, biz bu ideyanın nə dərəcədə məqbulluğu, eləcə də müstəqil dövlətlər birliyi məkanın ona münasibətdəki əks reaksiyalardan söz açmaq niyyətində deyilik. Həm də ona görə ki, görünən dağa bələdçi lazım deyil. Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin Ali Avrasiya İqtisadi Şurasının iclası müstəvisində Rusiya­nın İttifaq dövləti təşəbbüsü əleyhinə səsləndirdiyi fikirlərdəki qəbuledilməz­lik hər sözü deyir… 

Bəs, Azərbaycan? Ölkəmiz müstəqil siyasi və iqtisadi xəttinə sadiqdir. Bu siyasətdə başlıca məqam ayrı-ayrı it­tifaqlarda birləşmək yox, fərdi əlaqələ­rin qurulmasıdır. Məsələyə mövcud müstəvidən yanaşsaq, ölkəmiz Aİİ-də təmsil olunan bütün ölkələrlə, kifayət qədər, yüksək əməkdaşlığa malikdir və bu əməkdaşlıq ölkəmizin milli maraqla­rının təminatına imkan verməkdədir. Di­gər tərəfdən, daha bir prinsipial məqam var: Azərbaycan bütün sahələrdə ol­duğu kimi, iqtisadi sferada da yüksək sürətlə inkişaf etməkdədir və inkişafın diktə etdiyi məqsədlər hansısa quru­mun kollektivçilik ideyası ilə məhdudla­şa bilməz. 

…İqtisadi inkişafdan söz düşmüş­kən, Prezident İlham Əliyev qonaq qismində qatıldığı Ali Avrasiya İqtisadi Şurasının iclasındakı çıxışında mövcud istiqamətdəki konkret məqamları açıq­ladı: “Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanın Avra­siya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təş­kil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ti­carət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük”.

Deməli, ölkəmiz Aİİ-də yer alma­maqla da, quruma üzv ölkələrlə sıx iqtisadi əlaqələrə malikdir. Prezidentin vurğuladığı başlıca məqam isə iqtisadi müstəqilliklə bağlıdır ki, bunun fəlsəfə­sində müstəqilliyin də ayrı-ayrı təşkilat­larda təmsilçiliklə məhdudlaşmaması dayanır. “Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla hə­yata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir”, – deyən dövlətimizin başçı­sının çıxışının lap əvvəlində Aİİ-yə üzv Ermənistana köklənməsi, heç də təsa­düf sayılmamalıdır: “Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisa­di Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlü­yünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq”.

Siyasi müşahidəçilər Putinin vasitə­çilik təşəbbüsünün Aİİ-in iclası ilə eyni vaxta təsadüf etməsinə diqqət çəkərək, bildirirlər ki, Rusiya lideri bu yolla Azər­baycanın da ölkəsinin hakim rol oyna­dığı təşkilata qoşulmasının vacibliyi mesajını verib. Ekspertlər onu da vur­ğulayırlar ki, Kreml rəhbərinin mesajı İrəvanla münaqişəli durumu aradan qaldırmaq yönündə Moskvanın Bakıya əlavə dəstək eyhamıdır. 

Məsələyə qeyd etdiyimiz kontekstdən yanaşsaq, dövlətimi­zin başçısının çıxışındakı motiv onu deməyə əsas verir ki, ölkəmiz sözü­gedən niyyətdən xəbərdardır, ancaq razılaşmır. Görünür, cənab İlham Əli­yev iclasdakı çıxışında respublikamızın müstəqil iqtisadi xətt yeritdiyini məhz buna görə vurğuladı. Deməli, Rusiya­nın belə bir planı varsa da, onun istəyi Azərbaycan tərəfindən qəbul edilmir. Əksinə, gətirdiyimiz sonuncu iqtibas­dan göründüyü kimi, Prezident İlham Əliyev Ermənistan üçün də şans yara­dan tərəf kimi çıxış etməkdədir. Dövlə­timizin başçısı nitqində üçtərəfli görüşü yada salmaqla, həm də çox incə mesaj verir: Rusiyanın tənzimləmə missiya­sı əlahiddə olsa belə, məsələ ölkənin Azərbaycanı özünün iqtisadi orbitində görmək niyyəti ilə əlaqələndirilə bilməz. 

***

Prezident İlham Əliyev çıxışında, həmçinin “Aİİ-də təmsil olunan Ermə­nistan” məntiqi də var. O Ermənistan ki, Azərbaycana münasibətdə destruktiv mövqe tutmaqdadır. Üstəlik, İrəvanın mövqeyi sülh pozuculuğu baxımından aşkardır və buna Moskvanın təsir im­kanları istisnadır. Əslində, mayın 25-də keçirilmiş üçtərəfli görüşün nəticələri, daha doğrusu, nəticəsizliyi də qeyd et­diyimiz fikri sübuta yetirdi. Ermənistan baş naziri Nikol Paşinyan həmin görüş­dən əvvəl Azərbaycan Prezidentinin (Ali Avrasiya İqtisadi Şurasının iclasındakı) çıxışına mənasız replika verməklə, Pu­tinin təşəbbüsünün səmərəsiz olacağı­na dair yetkin təsəvvür formalaşdırdı. 

Bəli, Ermənistan lideri cənab İlham Əliyevlə şifahi “söz savaşına” başla­mağa cəhd göstərərək, əslində, Putinə münasibətdə nalayiq rəftar nümayiş etdirdi ki, bu, ikincinin İrəvanın Aİİ-dəki təmsilçiliyi barədə düşünməsi üçün cid­di siqnaldır. Nəzərə alaq ki, hazırda Pa­şinyanın komandası Ermənistanın üzvü olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatına da hörmətsiz yanaşmaqdadır. Paşinyanın Azərbaycan Prezidentinin fikirlərinə mənasız replikası onun eyni yanaşmanı Aİİ-yə də şamil etdiyinin ba­riz göstəricisidir. 

Belə nəticəyə gəlirik ki, Ermənis­tan Rusiyanın vasitəçilik missiyasının mənəvi immuniteti kimi qarşılanan platformaları gözdən salmaq xətti yürü­dür. Əlbəttə, bu tendensiya Paşinyanın özünü gülüş obyektinə çevirməsi ilə müşayiət olunmaqdadır. Ancaq gülünc duruma düşmək Nikolu narahat etmir. Bir baş nazir ki, ölkəsində şəxsinə ün­vanlanan “satqın” ifadəsinə öyrəşdiyini bildiririb, bunu normal sayırsa, daha nə deyəsən. Ancaq…

Təsəvvür edin ki, Prezident İlham Əliyev Paşinyana Ermənistanın Azər­baycanın ərazi bütövlüyünü tanıdığı­nı xatırladaraq başlatdığı mübahisə görüntüsünün səmərəsizliyini bildirir, Nikol isə guya, ölkəsi üçün prinsipial qəbuledilməzlik qondarır və söz yığı­nına üstünlük verir. Baxın, hazırda Er­mənistan müxalifəti də baş naziri hə­min replikalarına görə tənqid edir. Çox sadə məntiqlə, çünki Paşinyan İlham Əliyevin Ermənistanın Qarabağı Azər­baycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədi. Yəni, əsas məsələ bu idi və Nikol, yumşaq desək, susdu…

Bəs, etiraz nəyə idi? Dövlətimizin başçısının Zəngəzur dəhlizinin səmərə­liliyi və perspektiv iqtisadi inkişafın əsa­sında dayanması ilə bağlı fikirlərinə: “Bakı–Tbilisi–Qars dəmir yolu Avropa­ya, həmçinin Türkiyənin Aralıq dənizi li­manlarına çıxışı təmin edir. Azərbaycan “Şimal–Cənub” nəqliyyat dəhlizi layihə­sinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmü­şük”.

Əslində, Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasın­dakı növbəti fikirləri də haqqında söz açdığı Zəngəzur dəhlizi ideyasının nəhənglik trayektoriyasına respubli­kamızın adekvat imkanlarının vurğu­lanması idi. Cənab İlham Əliyev Azər­baycanda 8 beynəlxalq aeroportun fəaliyyət göstərdiyini, onlardan ikisinin işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikildiyini, doqqu­zuncu beynəlxalq aeroportun azad olunmuş Laçında tikildiyini və 2025-ci ildə istismara veriləcəyini, ölkəmizin illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikli­yini, iqtisadiyyatımızın müstəqilliyinin demək olar ki, bütün dövrü ərzində da­yanıqlılıq və artım nümayiş etdirdiyini heç də əbəs yerə vurğulamadı. 

Yəni, normal baş bu imkanların qarşısında ona sahib ölkənin uzatdığı əməkdaşlıq əlini sıxmalıdır. Ermənistan siyasi istableşmenti, o cümlədən, ha­kim qüvvələri isə normal düşüncədən uzaqdırlar. Paşinyanın Ali Avrasiya İq­tisadi Şurasındakı replikası da, əslində, həmin anormallığın ifadə meydanı kimi son dərəcə miskin mənzərə formalaş­dırdı. Belə görünür ki, erməni xəstəliyi öz aktuallığını saxlamaqdadır. Bunu sübuta yetirən digər məqam da var. 

***

Söhbət Putinin qeyri-məqbul qiy­mətləndirmək imkanının olmadığı və pozitiv notlarla qələmə verdiyi 25 may üçtərəfli görüşündən sonra Azərbay­can–Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələ­rinin təxribat-diversiya qrupunun peyda olmasından gedir. Yəni, ortada dövlət sərhədimizi pozmaq cəhdi var. Əlbəttə, cəhdin qarşısı alındı. Amma bu hadisə düşüncələrə yol açmaqdadır. 

Azərbaycan Prezidenti Ali Avrasiya İqtisadi Şurasının iclasında ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən yoldan danışırsa, həmin yolu Zəngəzur dəhlizi adlandırıb-adlandırmamasın­dan asılı olmayaraq, İrəvanın bunun­la bağlı öhdəliyi Paşinyanın Rusiyaya başqaxıncı kimi dilə gətirdiyi üçtərəfli bəyanata əsasən müəyyənləşib. Yəni, Nikol bu dəhliz ilə Ermənistanın ərazi bütövlüyünün pozulacağı məntiqinə söykənə bilməz. Həm də ona görə ki, artıq qatar gedib. Yəni, üçtərəfli bəya­natda Paşinyanın imzası var. Sadəcə olaraq, həmin imzanı ona xatırlatmaq lazımdır. Çünki unutqandır…

Əlbəttə, unutqanlıq həyasızlığa maneçilik törətmir. Paşinyan Azər­baycanı üçtərəfli Bəyanatı pozmaq­da, dolayısı ilə isə Rusiyanı ölkəmizin hərəkətinə – Laçın–Xankəndi yolunda sərhədburaxılışı məntəqəsi qurması­na – göz yummaqda ittiham edir. Digər yandan isə Azərbaycan Prezidentinin dəhliz məntiqi üçün təhlükə yaradır. Üçtərəfli görüşdən bir gün sonra ermə­ni diversiya qrupu göndərilirsə, başqa cür düşünməyə əsas yoxdur. Nəzərə alaq ki, diversiya qrupunun məqsədi­nin Zəngilan istiqamətində Azərbaycan ərazisinin dərinliyinə doğru irəliləyib təxribat törətməkdən, dinc vətəndaş­ları həyatlarından məhrum etməkdən ibarət olduğu şübhə doğurmur. 

İlk baxışdan bu nəticə hasil olur ki, Ermənistan Cənubi Qafqaz vasitəçili­yinin Rusiya formatını manipulyasiya platformasına çevirməkdədir. Rusiya­nın da özünün vasitəçilik missiyasın­dan fərqli müstəvidə yararlanmaq istə­yinə dair şübhələr var. Mənzərəyə İrəvanın diversiya qrupu “təşəbbüsünü” də əlavə etsək, gözlər V.Putinin dedi­yi kimi, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin görüşünün keçiriləcəyi Moskvaya yox, Kişineuya yönələcək. Söhbət postsovet ölkəsi olan Moldovanın Azərbaycan–Ermənistan münasibətlərinin nizam­lanmasının Qərb formatının növbəti raunduna evsahibliyini həyata keçirmə­sindən gedir. 

Məlum olduğu kimi, iyunun 1-də Kişineuda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Pre­zidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş nəzərdə tutulur. Hər­çənd, həmin görüşün də əsaslı müsbət nəticələr verəcəyinə inam azdır. Çünki Moskva Kişineuya nikbin estafet ötür­məyib.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət