Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına yersiz replika ilə müdaxilə edən və anındaca tutarlı cavab alan Ermənistan baş naziri Nikol Paşinyan ənənəsinə sadiq qalaraq hərbi təxribata əl atıb. Belə ki, mayın 26-da Ermənistan–Azərbaycan şərti sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Hayastan ordusunun diversiya qrupu təxribata cəhd göstərib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən təxribatın qarşısı dərhal alınıb.
Bununla bağlı Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilib ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırma zamanı diversantların Azərbaycan ərazisində terror-təxribat əməlləri törətməyi planlaşdırdıqları məlum olub. Nəticədə Ermənistan ordusunun 2 hərbi qulluqçusu saxlanılıb. Toplanmış sübutlar əsasında cinayət işi açılıb. Harutyun Ovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək, geri qaça biliblər.
Erməni diversantlar qrupu Azərbaycan vətəndaşlarını, o cümlədən, hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar ediliblər. Əgər diversiya baş tutsaydı, onlar Azərbaycanın digər ərazilərində də təxribat törədib mülki insanları hədəfə götürə bilərdilər.
Təxribatçıların ələ keçməsinə dair Azərbaycan mediasında məlumatın yayılmasından sonra erməni tərəfi məsələyə öz xislətinə uyğun münasibət bildirib. Hayastanın müdafiə nazirliyi ilk olaraq, xəbəri həmişəki kimi təkzib etməyə çalışıb: “Azərbaycan mediasında Ermənistan tərəfinin sərhəd xəttinin cənub-şərq hissəsində təxribat cəhdi barədə yayılan məlumat tamamilə yalandır”. Sonra, artıq gecəyarısı təcavüzkar ölkənin müdafiə nazirliyi “döyüş mövqelərini qida ilə təmin edən Ermənistan silahlı qüvvələrinin iki hərbçisi ilə əlaqənin kəsildiyini” bəyan edib. Erməni tərəfi mayın 27-də günorta saatlarında, guya, həmin hərbçilərin olduğu qida və su ilə dolu hərbi yük maşının meşəlik ərazidə tapılması barədə məlumat yayıb. Əslində, bunu səhnələşdirilmiş oyun adlandırmaq daha doğru olardı. Yəni, onlar, sadəcə olaraq, “KamAZ”ı meşəlik əraziyə sürüb, əlverişli rakursdan bir neçə kadr çəkib və bununla da təxribat törədilməsi ilə bağlı ittihamlardan qaçmaq istəyiblər. Yəqin ki, əməliyyatın uğursuz olmasından sonra Ermənistan müdafiə nazirliyində bununla bağlı fəal müzakirə aparılıb. Güman etmək olar ki, bu müzakirə zamanı erməni tərəfi hərbçilərinin “itkin düşməsi” ilə bağlı vəziyyətin yeni “təfərrüatları”nı və versiyaları düzüb-qoşub. Bu yanaşmanın məqsədi bəllidir – özünü “günahsız keçi” qismində göstərmək. Bu, həm də diqqəti əməliyyatın uğursuzluğundan yayındırmaq cəhdidir.
44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğrayan, kapitulyasiya sənədinə imza atan Nikol Paşinyan qeyd etdiyimiz kimi, Moskvada Prezident İlham Əliyevlə “söz savaşı”na başlamağa cəhd göstərib. Lakin son nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada gülüş obyektinə çevrilib. Bu hadisə, vaxtaşırı pis vəziyyətlərə düşən N.Paşinyan üçün növbəti biabırçılıq idi, – desək, səhv etmərik. Paşinyan cənab İlham Əliyevin sammitdə Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün ölkə müxalifəti tərəfindən sərt tənqid edilib. Görünür, bu vəziyyətdə, baş nazir “uğurlu lokal qələbə” ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Nikol Paşinyan bununla həm daxildə siyasi mövqeyini gücləndirəcəyinə, həm də iyunun 1-də Kişineuda keçirilməsi nəzərdə tutulan görüşdən əvvəl danışıqlarda irəliləyiş əldə olunmasının qarşısını alacağına ümid edib. Çünki sülh prosesini uzatmaq Ermənistanın həm əvvəlki rejimlərinin, həm də indiki hökumətinin məlum taktikasıdır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi bundan əvvəlki təxribatların da qarşısının Azərbaycan hərbçiləri tərəfindən qətiyyətlə alındığını nəzərə alaraq, nəhayət, bu taktikadan əl çəkməli və hələ dərk etmədiyi sadə həqiqəti anlamalıdır. İrəvan rəhbərliyi başa düşməlidir ki, Ermənistan üçün iqtisadi inkişaf, xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Bunun üçün İrəvan Bakı və Ankaraya ərazi iddialarına, təxribatlara son qoymalı, Azərbaycanla sülh danışıqlarını uzatmamalı, tezliklə sülh sazişinin imzalanmasına çalışmalı, Zəngəzur dəhlizinin açılmasına mane olmağa cəhd etməməlidir. Ermənistan sülh gündəliyinə sadiqlik nümayiş etdirməli və təxribatçı əməlləri ilə sülhün qarşısını almaqdan əl çəkməlidir. Çünki sülhdən, regionda kommunikasiyaların açılmasından ən çox xeyir görən tərəflərdən biri Ermənistan olacaq. Hər halda, Ermənistanın regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu mayın 25-də Nikol Paşinyan özü Moskvada etiraf edib.
Ermənistanın törətdiyi son təxribata münasibət bildirən politoloq Tural İsmayılov deyib ki, Azərbaycanın sülhdən danışdığı bir vaxtda İrəvanın ölkəmiz əleyhinə təxribat-diversiya qrupu vasitəsilə hücumlar təşkil etməsi, tez-tez şərti sərhəddə və cəbhə bölgəsində vəziyyəti gərginləşdirməyə çalışması bu dövlətin terrorçu mahiyyətini növbəti dəfə ortaya qoymuş olur: “Moskva görüşündən sonra Kişineuda iki ölkə arasında yekun sülh sazişinin imzalanması ilə bağlı razılığın əldə olunacağı məqamında İrəvanın Zəngilana diversantlar göndərməsi bir daha bunu deməyə əsas verir ki, Ermənistan yenidən Qarabağ və Şərqi Zəngəzurda vəziyyəti gərginləşdirməyə çalışır. Həmçinin diversantların ərazilərimizə göndərilməsi Zəngilana qayıdacaq soydaşlarımıza qarşı müxtəlif məkrli planların olduğunu göstərir. Məlumdur ki, Azərbaycan vətəndaşları artıq Zəngilanın Ağalı kəndinə geri dönüblər. Yaxın zamanda Zəngilanın digər kəndlərinə də soydaşlarımızın qayıdışı planlaşdırılır. Ona görə də Ermənistan qəsdən Zəngilana diversantlar göndərərək, müxtəlif təxribatçı əməllər törədə, o cümlədən, orada minalar basdıraraq soydaşlarımıza qarşı terror aktları həyata keçirə bilərdi. Sərhədçilərimizin ayıq-sayıqlığı nəticəsində növbəti dəfə Ermənistanın məkrli planları ifşa edildi”.
Tural İsmayılov onu da bildirib ki, Kişinyov görüşü öncəsi Zəngilanda həyata keçirilən diversiya hücumu həm Qərb, həm də Rusiya tərəfindən mütləq daha aydın şəkildə qiymətini almalıdır: “Siyasi güclər Ermənistanın bu hərəkətlərini pisləməlidir. Əks-təqdirdə Azərbaycan sülh əlini uzatdığı halda, Ermənistan yenə təxribatlara davam edəcək”.
Səxavət HƏMİD,
“Xalq qəzeti”