Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 105 il keçir. Xalqımız müstəqillik gününü qalib olaraq qeyd edir. Uzun illər təcavüzkar Ermənistanın işğalı altında qalan torpaqlar müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilib. Qürur mənbəyi olan üçrəngli müqəddəs dövlət bayrağımız Şuşada və işğaldan azad edilmiş digər ərazilərdə dalğalanır. Zülmətdən işıqlığa çıxmış torpaqlara Azərbaycan mədəniyyəti qayıdır.
Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin qurulmasına aparan yol necə olub, ona hansı amillər təsir edib? Azərbaycan hökumətinin daxili siyasəti necə həyata keçirilib və əhəmiyyəti nədən ibarət olub? Cümhuriyyətin xarici siyasət fəaliyyəti necə olub? Hansı amillər Cümhuriyyətin süqutuna gətirib? Cümhuriyyət dövrü tariximizdən nələr öyrənilməli və hansı ibrət dərsləri alınmalıdır?
Cümhuriyyətə gətirən yol
Cümhuriyyətin elanı göydəndüşmə deyil, bir sıra amillərin təsiri altında oldu. Məlumdur ki, şimal torpaqlarının xanlıqlar formasında çarizm tərəfindən işğalına qədərki dövrlərdə də Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. İşğaldan sonra tamamilə yeni bir şərait yarandı. Torpaqları iki yerə bölüşdürülsə də, Azərbaycan xalqı işğalla barışmadı. Müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik məfkurəsinin, onun daşıyıcılarının məhvinə başlandı. Müstəmləkəçiliyə qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Mənbələrdən aydın olur ki, Cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi.
Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq ümumi müstəmləkəçilik mənafelərinə, milli ucqarları imperiya mərkəzinə daha möhkəm bağlamağa yönəlmişdi. Bunun vasitələrindən biri Azərbaycanda demoqrafik şəraiti dəyişdirmək idi. Həmin məqsədlə qeyri-azərbaycanlılar, xüsusən ermənilər azərbaycanlıların iri şəhərlərinə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi, sadəcə, demoqrafik şəraiti dəyişdirmədi, onlar eyni zamanda, yerli əhaliyə məxsus münbit torpaqlara sahib oldular və varlandılar. Gəlmələr üçün əlverişli şərait yaradıldı. Bütün bunlar təkcə sosial deyil, etnik-milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən böhranlı anlarda məhz gəlmələr çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrildilər. Azərbaycanın qarşılaşdığı ərazi problemlərinin təməlləri çarizm tərəfindən süni şəkildə qoyuldu.
İmperiya maraqları naminə çarizm Azərbaycanda işlərin aparılmasında iştirak edən yerli etibarlı şəxslərdən ibarət məmurların hazırlanmasında maraqlı idi. Amma hansı məqsədlər güdməsindən asılı olmasına baxmayaraq, açılan yeni tipli məktəblər və mədəni-maarif müəssisələri Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına xidmət edirdi. Ana dilində dərc edilən ilk qəzet xalqın oyanışında mühüm rol oynadı. İlk milli teatrın yaradılması cəhalət, xurafat və radikalizmə qarşı mübarizədə başlıca yerlərdən birini tutdu. Maarifçilik xalqda milli hisslərin oyanmasına, milli şüurun formalaşmasına, milli özünüdərkinə və nəhayət, milli hərəkatın yaranmasına gətirdi. Bu işlərin ağırlığını çiyinlərinə götürən Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və digər ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Azərbaycan xalqının millət olaraq formalaşmasında bu amillər, Rusiyada və dünyada gedən proseslər mühüm rol oynadı. İmperiya tərkibində olan Azərbaycanın şimalında xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi cənuba nisbətən sürətli oldu. “Azərbaycanlılar” ifadəsindən həmin vaxtlarda dərc edilən rus dilli qəzetlərdə istifadə edildi. Azərbaycanın şimalı Rusiya vasitəsi ilə Avropaya daha çox yaxınlaşdı. 1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdəki ictimai-siyasi hərəkatlarda iki böyük cərəyan – millətçilik, milli-azadlıq hərəkatı və sosial-demokratiya paralel gedirdi. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün Azərbaycan ziyalıları ictimai və siyasi təşkilatlar yaratdılar. Müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə kömək göstərilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynadı.
Millətin daxili enerjisindən yaranan millətçilik, milli-azadlıq hərəkatı son nəticədə imperiyanın dağılmasına, zülm altında inləyən xalqların azad olmasına, muxtariyyətinin və ya müstəqil dövlətlərinin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya mahiyyətinə görə, monarxiya üsul-idarəsini, rejimi dəyişdirməklə xalqların imperiyada başqa ad altında yaşamasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öncülləri Difai, Müsavat partiyaları, sosial-demokratiyanın təmsilçisi isə Hümmət oldu. İdeoloji prinsipləri və hədəfləri baxımından fərqli olmalarına, müxtəlif ictimai-siyasi cərəyanları təmsil etmələrinə baxmayaraq, partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin, mədəniyyətinin zənginliyini, çoxtərəfliliyini və xalqın böyüklüyünü göstərir. Eyni zamanda millətin inkişafına dair ictimai-siyasi təşkilatların fərqli yollar axtarması da düşündürcü olub kənar təsirlərin səviyyəsinə və gücünə dair bir sıra suallar doğurur.
Çarizm Azərbaycanda türkçüləri, pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini qorumaq və gələcək həyatlarını necə qurmaq barədə düşündürürdü. İmperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının əvvəlki kimi olmayacağı, yeni dünya qaydasının yaranacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyildir ki, müharibənin sonlarında dünyada və Rusiyada yaranmış mürəkkəb şəraitdə Azərbaycanın gələcəyini düşünən və taleyində müstəsna rol oynayan azərbaycanlı ziyalıları Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və b. ağır məsuliyyəti öz üzərlərinə götürərək müxtəlif yollar aramağa başladılar.
Fevral inqilabı nəticəsində Rusiyada çarizm devrildi və monarxiyaya son qoyuldu. Müvəqqəti hökumət quruldu. Ümumrusiya Müəssislər Məslisinə seçkilər keçirildi. Antanta ölkələrinin yardımı ilə Tiflisdə yeni hakimiyyət orqanı olan Transqafqaz Komissarlığı yaradıldı. Bu zaman Rusiyada faktiki olaraq üç hakimiyyət – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli ucqarlarda isə milli şuralar fəaliyyət göstərirdilər.
Xalqlar təlatümlü hadisələrin astanasında idilər. Əvvəlcə muxtariyyət istəyən azərbaycanlılar hadisələrin sürətli inkişafı nəticəsində müstəqillik yolunu tutdular.
Oktyabr ayında bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi və Rusiyanın müharibədən çıxdığını elan etməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ alaraq Bakı Sovetini yaratdılar. Rusiyanın müharibədən çıxdığını elan edən bolşevik hökuməti Almaniya və müttəfiqləri ilə barışıq imzaladı.
Cənubi Qafqazdan Ümumrusiya Müəssisələr Məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədilər. Müəssisələr Məclisi bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci ilin fevralında Tiflisdə Transqafqaz Seymini yaratdılar. Seymdə Azərbaycan və ya o zaman deyildiyi kimi, müsəlman fraksiyası 44 nəfərdən ibarət idi. Aprel ayında Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.
Bolşevik Rusiyasının müharibədən çıxması, Cənubi Qafqazın müstəqilliyini elan etməsi Osmanlı dövlətinin region siyasətində əlverişli şərait yaratdı. Əhalisinin böyük əksəriyyəti türk, müsəlman olduğundan Osmanlı dövlətinin mövqeləri digər ölkələrdən üstün idi. Zəngin neft mənbələri olan və əlverişli coğrafi-siyasi mövqedə yerləşən Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi gücləndi.
Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni silahlı bandaları Şərqi Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınları Cənubi Qafqazda davam etdirdilər. Bu qırğınlar Cənubi Azərbaycanda, Cənubi Qafqazda Tiflis quberniyasının Borçalı qəzasında, İrəvan quberniyasında və indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində amansızlıqla törədildi. Qırğınların zirvə nöqtəsi Bakı Sovetinin və erməni-daşnak dəstələrinin 1918-ci ilin mart ayında Bakı şəhərində və Bakı quberniyasında azərbaycanlılara qarşı törətdiyi söyqırımı oldu. Soyqırımda başlıca məqsəd müstəqillik tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək və Osmanlı ordusunun irəliləməsinin qarşısını almaq idi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyan sonralar deyirdi ki, azərbaycanlılar qələbə qazansaydılar şəhəri Azərbaycanın paytaxtı elan edəcəkdilər. Transqafqaz Seymi qırğınları dayandıra bilmədi. Azərbaycanlılar məğlub oldular. Bu məğlubiyyət həm də çarizm dövründə azərbaycanlıların hərbi xidmətə çağırılmamalarının acı nəticəsi idi. S. Şaumyan başda olmaqla Bakı Xalq Komissarları yaradıldı.
Ermənilərin əsassız iddiaları nəticəsində Seymdə daxili ziddiyyətlər kəskinləşdi. Xalqların ortaq dil tapa bilməmələri Seymin süqutunu yaxınlaşdırdı.
Cümhuriyyətin yaranması
Almaniyaya arxalanan gürcülər mayın 26-da Seymdən çıxaraq dövlət müstəqilliklərini elan etdilər. Bir gün sonra, mayın 27-də Seymin Azərbaycan fraksiyası toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Transqafqaz Seymi arasında Batumda keçirilən danışıqlarında iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Azərbaycan Milli Şurası xalqın istəyini yerinə yetirdi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi.
Cümhuriyyətin ərazisi 113,9 min kv. km olub Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Onun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km mübahisəli idi.
Bu zaman Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri azərbaycanlı idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi.
Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Parlamentli respublika olan Azərbaycanın başında Milli Şura dayanırdı. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında tək-tək işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə tək millət, tək dövlət, tək vətən və tək bayraq olaraq ayrılıb müstəqil oldu.
Azərbaycanlıların tarixi torpaqlarında ermənilər üçün qurulan Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan Milli Şurası Erməni Milli Şurasının müraciətinə baxaraq iki xalq arasında milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi ilə və xarici təzyiqlər altında İrəvanı paytaxt olaraq güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda gəlmə ermənilərə azərbaycanlı torpaqlarında dövlət yaradıldı və paytaxt şəhəri verildi. Lakin bununla kifayətlənməyən daşnak Ermənistanı azərbaycanlılara qarşı soyqırımları davam etdirdi və əsassız ərazi iddialarını genişləndirdi.
Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər təşkil edildi. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. Hökumət bir müddət sonra Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçdü.
Hökumətin qarşısında dayanan başlıca vəzifə Bakını yadelli qüvvələrdən xilas etmək idi. Milli ordu yaradıldı. Azərbaycan və Osmanlı hərbçilərindən ibarət Nuru Paşa komandanlığında qurulmuş Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakı Xalq Komissarları Soveti süquta uğradı. Onun yerində xarici yardımlarla qurulan Sentrokaspi hökuməti də qaçmağa məcbur oldu. Sentyabrın 15-də Bakı şəhəri azad edildi. Hökumət paytaxta köçdü. “Azərbaycanlılar qalib gələrdisə Bakını paytaxt elan edəcəkdilər” deyənlərin arzuları puça çıxdı. Azərbaycan xalqı təbii, tarixi, mədəni, milli düşüncə mərkəzinə qovuşdu. Bakı şəhərinin yadellilərdən azad edilməsi Cümhuriyyətin elanından sonra ikinci böyük hadisə oldu. Qısa müddətdə şəhərdə qayda-qanun yaradıldı. Dükan-bazar işləməyə başladı. Millətindən asılı olmayaraq şəhərdə yaşayan bütün insanların mal və can güvənliyi qorundu.
Müharibədə Almaniya və müttəfiqləri məğlub olduqdan sonra Osmanlı qüvvələri Bakıdan çıxdı. Azərbaycan xalqı və hökuməti böyük hörmət və ehtiramla onları yola saldı. Noyabrın 17-də Bakıya ingilis generalı V.Tomson başda olmaqla müttəfiq qoşunları gəldi. Bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı bayrağına bənzəyən bayrağı dəyişdirildi və üçrəngli bayraq qəbul edildi. Erməni və rus milli şuralarının anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və Baş nazirinə böyük hörmət bəsləyir, koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.
(ardı var)
Musa Qasımlı,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor