Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbirdə Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, dövlət və hökumət nümayəndələri, çoxsaylı səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Tədbirdə “Azad və çiçəklənən Azərbaycan” adlı foto sərgi təqdim olunub. Sərgidə müstəqil Azərbaycanın nailiyyətləri, ulu öndər Heydər Əliyev və ölkəmizin turizm imkanlarına dair fotoşəkillər yer alıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddətdə gördüyü işlərdən danışıb. Bildirib ki, çətin ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Avropa və Amerikanın 20-dən çox dövləti ilə diplomatik münasibətlər qurub, qısa zamanda xalqımızın tarixində silinməz iz buraxıb. Səfir Cümhuriyyət dövründə Azərbaycanın bayrağı və himninin qəbul edildiyini, ilk parlament və hökumət, dövlət aparatının təşkil edildiyini və Azərbaycan dilinin dövlət dili elan olunduğunu deyib.
Hüseyn Quliyev 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra özünü 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdiyini söyləyib. O, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ölkəmizin öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etdiyini bildirib.
Səfir Heydər Əliyev siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının şanlı Ordumuz tərəfindən azad edildiyini bildirib.
O, Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu fəxrlə qeyd edib.
Fuad Muradov Özbəkistanı Azərbaycan üçün dost-qardaş ölkə kimi xarakterizə edərək, regionda və beynəlxalq arenada daim dövlətlərimizin bir-birini yaxından dəstəklədiklərini vurğulayıb. O, ölkə başçılarımızın səyləri nəticəsində dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib.
F. Muradov Özbəkistanda qırx mindən çox soydaşımızın yaşadığını bildirib, soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdiklərini vurğulayıb.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri rəqslərimizi ifa edib, Özbəkistanın Xalq artisti Fərrux Zakirov Azərbaycan və özbək dillərində mahnılar səsləndirib.
Sonra qonaqlara verilən ziyafətdə Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.
Qulu KAZIMOV
Daşkənd