Dost Pakistanın Azərbaycan sevgisi

post-img

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda 28 May Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib. Mərasimdə Pakistanın təhsil və peşəkar təlim üzrə federal naziri Rana Tanver Hüseyn, Milli Assambleyasının vitse-spikeri Zahid Əkrəm Durani, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatlar, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Səfir Xəzər Fərhadov Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik respublika  olduğunu diqqətə çatdırıb. Diplomat 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqının Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri əsasında müstəqil Azərbaycan Respublikası qurduğunu bildirib. Xəzər  Fərhadov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib.
Azərbaycan–Pakistan münasibətlərinə  toxunan X.Fərhadov 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Pakistanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib. Azərbaycan və Pakistanın əlaqələrinin möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulduğunu qeyd edən səfir hər iki ölkənin həm ikitərəfli, həm də beynəlxalq arenada bir-birini daim dəstəklədiyini deyib və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. 
28 Mayın Azərbaycanın dövlətçilik tarixində şanlı və mühüm günlərdən biri olduğunu bildirən nazir Rana Tanver  Hüseyn Azərbaycan ilə Pakistan arasındakı əlaqələri qardaşlıq münasibətləri adlandırıb, 2023-cü ildə 100 illik yubileyi qeyd olunan dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həm də iki ölkə arasındakı əlaqələrin inkişafının banisi olduğunu söyləyib.
İştirakçılar ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar, videoçarxa baxıblar.


Q.Kəngərli
İslamabad



Sosial həyat