Bütün parametrlər üzrə parlaq uğur qazanılıb

post-img

Türkiyədəki 14 may seçkiləri öz möhtəşəmliyi ilə bütün dünyanı heyrətə gətirib. Son onilliklər ərzində heç bir sivil, hüquqi, demokratik dövlətdə Türkiyədə olduğu kimi, yüksək seçici fəallığı qeydə alınmayıb. Bu səviyyədə azad, şəffaf səsvermə nümunəsi də tapmaq çətindir. 

Bəli, qardaş ölkə seçkilərin bütün parametrləri üzrə tarixi uğura imza atıb. Bu, çox qürurverici bir reallıqdır. Görünən budur ki, Türkiyə 14 mayda son dərəcə şəffaf və demokratik seç­kilər keçirməklə, dostlarını sevindirib, rəqiblərini məyus edib. Bəzi toplumlar bunu açıq şəkildə etiraf edirlər. 

Bakı Dövlət Universitetinin Türk filologiyası kafedrasının müdiri, pro­fessor Rüfət Rüstəmov hesab edir ki, qardaş ölkənin bu parlaq uğuru heç də təsadüfi deyil, əksinə, tarixi bir qanu­nauyğunluqdur. Belə ki, türk xalqı heç vaxt seçki saxtakarlığına yol verməyib. Çünki öz yenilməz, azad ruhu ilə se­çilən türk insanları səs oğurluğu kimi miskinliyi özlərinə rəva bilməzlər. 

Professorun fikrincə, hər bir ölkə­də seçkilər yüksək siyasi və mənəvi mədəniyyətin göstəricisidir. Türk xalqı həm siyasi cəhətdən yüksək yetkin millətdir, həm də zəngin milli-mənəvi, əxlaqi dəyərlərə sahibdir. 

Çağdaş dünyada yüksək seçki mədəniyyəti nümayiş etdirmək böyük vətənpərvərlik missiyası hesab olunur. R.Rüstəmovun sözlərinə görə, məhz 14 may seçkiləri Türkiyə vətəndaşları­nın yüksək vətənpərvərlik duyğularını bir daha bariz surətdə nümayiş etdirdi. 

Türkiyədə seçkilərin birinci turun­dan artıq beş gün keçməsinə baxma­yaraq, bu mühüm siyasi kampaniya qlobal medianın gündəmindən düşmür. Məsələn, ABŞ mətbuatı yazır ki, Tür­kiyədə mayın 14-də keçirilən yüksək səviyyəli demokratik və şəffaf seçkilər çoxları üçün gözlənilməz oldu. Bütün dünya KİV-inin gözü Türkiyədə idi. Oradakı müşahidəçilər seçkilərin azad, sərbəst və şəffaf aparıldığını bildiriblər. Bu, həqiqətdir və bunu danmaq qey­ri-mümkündür! 

“Əl-Cəzirə” telakanalının şərhçisi bildirib ki, Türkiyədə keçirilən seçkilər bütün dünyaya bir daha göstərdi ki, bu ölkə, həqiqətən, müsəlman dünyasının ən aparıcı və bir nömrəli demokratik dövlətidir. Türkiyə bu gün vacib region dövlətidir, dünya gücüdür, onunla he­sablaşırlar. 

Bu seçkilər həm də onu nümayiş etdirdi ki, Türkiyə əhalisinin ən azı ya­rısı hazırkı iqtidarı dəstəkləyir. Bir çox nüfuzlu siyasi təhlilçilər hesab edirlər ki, seçkilərin ikinci turunda böyük ehti­malla R.T.Ərdoğan 50 faizdən çox səs toplayıb, hakimiyyətdə qalacaq. 

Qeyd etmək lazımdır ki, Türkiyənin son illərdəki sürətli inkişafı onun rəqib­lərini çox narahat edir. Onlar ən müxtə­lif yollarla bu uğurlara kölgə salmağa cəhd edirlər. Türkiyəni haqsız olaraq ən çox avtoritar idarəçilikdə günahlan­dırırdılar. Lakin onların Ankaranı nüfuz­dan salmaq niyyətləri gözlərində qaldı.

Məlum olduğu kimi, bu il mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. Bu turda hazırkı dövlət başçısı, AKP lideri R.T.Ərdoğan və ana müxalifətin rəhbəri, CHP-nin sədri Kamal Kılıçdaroğlu dövlətin ail postu uğrunda mübarizə aparacaqlar. Hər iki namizədin seçkilərin birinci tu­runda prezidentliyə namizəd olan Sinan Oğanın səslərini əldə etməyə çalışaca­ğı gözlənilir. 

Bir çox təhlilçilər hesab edirlər ki, birinci turda Sinan Oğana səs verən­lər arasında Məmələkət Partiyasının rəhbəri, səsvermə gününə üç qalmış namizədliyini geri götürən Məhərrəm İncənin də dəstəkçiləri var. Onların hər ikisi milliyyətçi siyasətçi hesab olunur. Türkiyədəki bu seçkilərdə cəmiyyətin millətçi kəsiminin fəal iştirakı müşühidə olunub. 

Ümumilikdə, hesab olunur ki, Sinan Oğana səs verənlərin böyük əksəriyyə­ti bu dəfə R.T.Ərdoğana səs verəcək, çünki ona səs verənlər əsasən milliyət­çilərdir, onlar isə məlum səbəblərdən Kamal Kılıçdaroğluna səs verməyə­cəklər.

Bu arada məlum olub ki, Milliyyət­çi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək. Prezident R.T.Ərdoğan dünən “CNN türk” və “Kanal D”nin ortaq yayımında deyib: “Sayın Dövlət Baxçalı müvəqqə­ti Türkiyə Böyük Dövlət Məclisinin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır!”.

Qeyd edək ki, mayın 14-də Türkiyə parlamentinə keçirilən seçkilərdə MHP 51 deputat yeri əldə edib. Şübhə yox­dur ki, MHP lideri seçkilərin ikinci tu­runda da R.T.Ərdoğana güclü dəstək verəcək. Budəfəki turda qalibi müdrik türk xalqının iradəsi müəyyən edəcək. 

Fikrət SADIQOV, 
professor, siyasi icmalçı

Türkiyədə 14 may seçkilərinin nəticələri, ilk növbədə, onu göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci turda yenidən dövlət başçısı seçilə bilməsə də, səslərin çoxunu qazana bilib. Fikrimcə, bu, böyük uğurdur. Çünki AKP lideri ilə rəqibi CHP rəhbəri Kamal Kılıçda­roğlu arasında seçkilərin nəticələ­rinə görə əldə olunan səslərdə aş­kar fərq hiss olunur. 

Onu da qeyd etmək lazımdır ki, parlamentə seçkilərdə hakim partiya səs çoxluğu ilə qələbə çalıb. Belə ki, ali qanunverici orqanda altı yüz depu­tat yerinin yarıdan çoxunu R.T.Ərdo­ğanın lideri olduğu “Cümhur İttifaqı” əldə edib. Yəni, hakim partiyanın, onun müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının və nisbətən kiçik parti­yaların namizədləri parlamentdə səs çoxluğunu təmin edə biliblər. 

Əlbəttə, indidən ikinci turun gözlənilən nəticələri barədə dəqiq proqnozlar vermək çətindir. Amma Türkiyədə hazırkı daxili siyasi vəziy­yət göstərir ki, əhali arasında hakim partiyanın tərəfdarları daha çoxdur və onların indiki durumda dövlət başçısına açıq şəkildə dəstəyi göz qabağındadır. 

Türkiyə bizə qardaş dövlətdir, ta­rixən müttəfiqimizdir, bütün hallarda münasibətlərimiz sıx olacaq, strateji xarakter daşıyacaq. Düşünürəm ki, bizim gələcək əlaqələrimiz də eti­barlı qardaşlıq münasibətləri zəmini üzərində inkişaf edəcək.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət