Milli və bəşəri incilər saxlancı

post-img

Beynəlxalq Muzeylər Günü hər il müxtəlif deviz altında keçirilir. Bu günün devizi isə “Muzeylər, dayanıqlılıq və rifah”dır. 

Ölkəmizdə muzeylərə, sadəcə, qiymətli əşyaların, maddi-mənəvi sərvətlərin saxlanıldığı yer kimi baxılmır. Muzeylərimizdə qorunub-saxlanılan hər bir eksponat, əşya xalqımızın tarixini, qədimliyini və milliliyini əks etdirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır. 

Bayram ərəfəsində Bakıda Azərbay­can professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi kimi tanınan ictimai xadim Üzeyir bəy Hacıbəylinin еv-мuzeyinə baş çəkdik. Memorial və inzibati binalardan ibarət olan muzey 1975-ci il noyabrın 20-də ümummilli lider Heydər Əliyevin göstərişi və iştirakı ilə açılıb. Muzeydə bəstəkarın zəngin həyat və yaradıcılığını əks etdirən materiallar­la yanaşı, şəxsi əşyaları, əlyazmaları, eyni zamanda qədim kitablar qorunur. Azərbaycanın görkəmli rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət nü­munələr, xalçalar, milli musiqi alətləri və müxtəlif qiymətli hədiyyələr də nümayiş etdirilən qiymətli eksponatlar sırasında­dır. 

Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova bəstəkarın həyat və yaradıcılığını, eləcə də onun məişətini əks etdirən ekspozisiyanın bö­yük maraq doğurduğunu bildirdi. 

10 mindən çox eksponatı olan mu­zeyi Bakı ilə yanaşı, digər şəhər və ra­yonlarımızdan gələnlər, eləcə də xarici qonaqlar ziyarət edir, dolğun təəssüratla buradan ayrılırlar. 

Qeyd edək ki, Gülnarə Ələsgəro­vanın tərtib etdiyi “Üzeyir Hacıbəylinin ev-muzeyi” kitabında muzeyin keçdiyi yol, strukturu, gələn qonaqlar, eksponat­lar barədə müfəssəl məlumat verilib. 

Beynəlxalq Muzeylər Günü mü­nasibətilə Açıq qapı günündə bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Mu­zeyin nəzdində fəaliyyət göstərən “Nur” Uşaq Xorunun ifasında rəngarəng musiqi kompozisiyaları təqdim ediləcək. Eyni zamanda, ev-muzeyin direktoru Sərdar Fərəcovun Heydər Əliyevə həsr etdiyi oda səsləndiriləcək. H.Sarabski adına 7 nömrəli Uşaq musiqi məktəbinin kollekti­vi ev-muzeyin qonağı olacaq, rəngarəng çıxışlar edəcək. Daha bir müəssisənin – Respublika Uşaq-Gənclər İnkişaf Mərkə­zinin üzvləri isə bir həftə ərzində muzeylə yaxından tanış olacaqlar. 

Ölkəmizdəki ilk muzeylərdən biri olan, hazırda 17 mindən çox eksponat saxlanılan Azərbaycan Milli İncəsənət Muzeyində də mayın 18-də bir sıra mədəni-kütləvi tədbirlər keçiriləcək. 

Muzeyin elmi-kütləvi işlər şöbə­sinin müdiri Rəfiqə Quliyeva: Builki Beynəlxalq Muzeylər Gününün devi­zi ekologiya, sosial problemli və psixi problemli insanların sağlam yaşamasını təmin etmək və rifahını yaxşılaşdırmaq, ekoloji sənətkarlıq və s. mövzularla bağlı­dır. “Qorunan təbiət” multimedia layihəsi çərçivəsində isveçli Lyudmila Kristeseva və azərbaycanlı Günel Ravilova tərəfin­dən yaradılan “Dayanıqlı moda” multi­media dialoqu, Aqil Abdullayevin müəllifi olduğu unikorn və idarə olunan günəş sistemləri kimi futuristik və mifoloji ele­mentlər vasitəsilə iqlim dəyişikliyi və ət­raf mühitə təsirləri tədqiq edən “Xəzər dənizinin sahilində” qısametrajlı filmi təqdim ediləcək. Bunlarla birgə ənənəvi musiqi üçlüyündən ibarət Azərbaycan etnik musiqi alətlərinin səsləri və elektron musiqi ilə harmoniya yaradaraq suyun, təbiətin gözəlliyini və gücünü əks etdirən Fərhad Fərzəliyev, İbrahim Babayev və Timur Əmirxan tərəfindən yaradılan “Əks-səda” adlı audiovizual müasir incəsənət layihəsinin nümayişi baş tutacaq. 

Muzeydə hazırda 3 sərgi nümayiş et­dirilir. Ümummilli liderin yubileyinə həsr olunan “Heydər Əliyev – 100: sevimli əsərlər” sərgisi ziyarətçilərdə xüsusi maraq doğurur. Sərgiyə baxmağa gələn Bəsti Məmmədova qeyd edib ki, Tahir Salahov imzalı rəngkarlıq və Ömər El­darovun müəllifi olduğu heykəltəraş­lıq əsərlərində təsvir olunan Heydər Əliyevin obrazları sərginin xüsusi maraq doğuran eksponatlarındandır. Muzeydə sərgilənən sonuncu Qarabağ xanı Meh­diqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana həsr edilmiş “Tək inci”, eləcə də “Çin incəsənəti Azərbaycan Milli İn­cəsənət Muzeyinin kolleksiyasından” adlı sərgilərdə ziyarətçilərin diqqətini cəlb edən çoxlu eksponatlar var. 

Bəli, Azərbaycanın muzeyləri ölkə­mizin muzey sərvətlərinin qorunub sax­landığı dövlət xəzinəsi kimi çox böyük dəyərlərin daşıyıcısıdır. 

Leyla QURBANOVA, “Xalq qəzeti”



Sosial həyat