Poladlıda məktəb binası tikilir

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində yalnız paytaxtda deyil, regionlarda da müasir tələblərə cavab verən məktəblər tikilir. Bu tədris müəssisələri müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olunaraq maddi-texniki bazası möhkəmləndirilir. 

Belə məktəblərdən biri Heydər Əliyev Fondu tərəfindən Ağcabədi ra­yonunun Poladlı kəndində inşa edilir. Ağcabədi Rayon İcra Hakimiyyəti baş­çısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədov deyir: 

– Poladlı kənd tam orta məktəbi təmirsiz, qəzalı vəziyyətdə idi. Fənn kabinetlərinin sadəcə adı vardı, labo­ratoriya təcrübələri keçirilmirdi. Lazım olan avadanlıqlar çatışmırdı, olanlar isə köhnə, yararsız vəziyyətdə idi. Si­niflərdə şagird sıxlığı təhsilin keyfiyyə­tini aşağı salırdı. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Po­ladlı kənd tam orta məktəbinin tikintisi valideynləri çox sevindirdi. 

Yeri gəlmişkən, təhsil müəssisəsi yeni tədris ilində – sentyabrda istifa­dəyə veriləcək. Bu barədə inşa olunan məktəbin iş icraçısı Samir Rəhimov bildirdi: – “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktə­bin inşasına fevral ayından başlanılıb. Əsas məqsəd Poladlı kəndində təhsillə bağlı mövcud olan problemlərin aradan qaldırılması, müasir standartlara cavab verən məktəb binasının tikintisidir. Əv­vəlki məktəb binası qəzalı vəziyyətdə idi. Onu sökərək yerində ikimərtəbəli, 300 yerlik tam orta məktəb binası tiki­rik. Binanın birinci və ikinci korpusları tədris məqsədilə, üçüncü korpusu bu­fet və akt zalı, dördüncü korpusu isə id­man zalı üçün lahiyələndirilib. Binanın dam örtüyü metal kirəmitlə, akt və id­man zallarının damı–metal ferma üzə­rindən sendvic panellərlə örtüləcək. 

İş icraçısı bildirdi ki, Heydər Əli­yev Fondunun təşəbbüsü ilə məktəbin həyətində müasir oyun meydançası da tikiləcək. Lahiyə üzrə stadionun sahəsi 968 kvadratmetr nəzərdə tutulub. Bun­dan başqa, təhsil ocağının həyətində 4500 kvadratmetr sahədə abadlıq işləri görüləcək, park salınacaq. Həmçinin təhsil müəssisəsinin həyətində qa­zanxana, transformator yarımstansiya­sı, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək. 

Beləliklə, tədris korpuslarının inşa­sı şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradacaq və tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Nəticədə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əv­vəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə ediləcək. 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat