Cənnət Qarabağımızın tacı, sevgilərimizin qibləgahı olan Şuşa indilər özünün çox mübarək günlərini yaşayır. Prezident İlham Əliyev və ailə üzvləri növbəti səfərləri ilə “zirvə” şəhərə üstün bir şərəf verdilər.
Neçə-neçə mədəni-sosial obyektin açılışı reallaşdı, yeni layihələrə start verildi. Erməni işğalından azad edilmiş ruhumuzun paytaxtının ötən həftə “Türk dünyasının mədəniyyət paytaxtı” kimi də yeni bir statusu rəsmiləşdi. Eyni zamanda, burada növbəti “Xarıbülbül” musiqi festivalı uğurla keçdi. Cıdır düzündən qanad açan musiqi sədaları dalğa-dalğa aləmə yayıldı. Axşam atəşfəşanlığına isə bədxahlarımız aşağılardan həsədlə, kin-küdurətlə baxdılar.
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşaya daim yüksək dəyər verən, “Şuşasız Azərbaycan yoxdur” – deyən ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə elə bu uca dağların qoynundan xalqa müraciət edərək, Şuşanın önəmini bir daha dünyaya bəyan etdi: “...Hesab etdim ki, mən bu gün burada olmalıyam. Şuşada olmalıyam. Bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hisssəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”.
Möhtərəm Prezidentimiz xalqa müraciətində özünün müdrik siyasəti, atdığı tarixi addımları, arxasında gerçək əməllər duran qətiyyətli sözləri ilə bir daha ürəklərimizə sonsuz sevinc, misilsiz fərəh, tükənməz inam bəxş etdi. Dünya bir daha gördü və əmin oldu ki, ermənilərin əzəldən burada yaşamış olduqlarını iddia etmələri, olsa-olsa, cəfəngiyyatdır, tarix nağılbazlığıdır.
Bəli, düz 28 il 6 aylıq ayrılıqdan sonra, nəhayət, vüsalına qovuşduğumuz Qarabağ, o cümlədən də Şuşa yenidən çal-çağırlı günlərini yaşayır. Pənahəli xanın, İbrahimxəlil xanın, Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin, Mir Mövsüm Nəvvabın, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, əslən şuşalı olmuş Səməd bəy Mehmandarovun, Üzeyir bəy Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Süleyman Ələsgərovun ruhları şaddır ki, artıq erməni qəsbkarlarının murdar nəfəsindən təmizlənmiş Şuşa dirçəldilir, vəfalı sakinlərini, əzəli və əbədi sahiblərini qoynuna almağa hazırlaşır.
Yadımıza 2021-ci ildə dağların qoynunda tarixi Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun günü düşür. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən həmin Bəyannamənin qüvvəyə minməsi ilə Şuşa bir az da əzəmətli, bir az da arxa-dayaqlı göründü. Başının üstündəki duman dağıldı, daha parlaq sabahlarla bağlı xətircəmliyi xeyli gücləndi. Bunun nə böyüklükdə hüquqi, siyasi, mənəvi stimul olduğunu təsəvvürə gətirdiyimiz hər an ürəyimiz sonsuz qürur və iftixarla döyünür. Şuşa bu gün qucaq açdığı əsrarəngiz tədbirlərlə şərəf və şan tariximizi daha da möhtəşəm edir.
...Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti möhtəşəmliyi ilə hər kəsə unudulmaz təsir bağışladı. Səhnədə festivala qatılmış ölkələrin incəsənət ustaları istedad və məharətlərini göstərdilər. “Xarıbülbül” musiqi kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiyası, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları ecazkarlığı ilə seçildi. Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatdı. Amma onun xoş təəssüratları könülləri uzun zaman tərk etməyəcək. Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarını əhatə edən festival tədbirləri ilə mədəniyyət salnaməmizə əlvan və silinməz sətirlər yazıldı.
Xatırladaq ki, ötən il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”elan edilmişdi. TÜRKSOY-un bu münasibətlə düzənlədiyi rəsmi açılış mərasimində təşkilata üzv ölkələrin nümayəndə heyətləri, türk dostluq və əməkdaşlıq təşkilatlarının rəhbərləri, digər qonaqlar iştirak etdilər. Vurğulandı ki, bu gün Şuşa və bütün Qarabağ özünün intibah dövrünü yaşayır. Qələbədən az vaxt keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.
Tədbirdə ürək sözlərini söyləyənlər – mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Rzayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Xalq artisti Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları, ilk növbədə, könüllərimizin paytaxtı olan Şuşaya yeni missiyasında xeyir-dualarını verdilər. Onlar inamla bildirdilər ki, ölkəmizdə davam edən “Heydər Əliyev İli” Azərbaycanın dünyada nüfuzunun daha da artmasına vəsilə olacaq. Türk dünyası ölkələrindən gəlmiş musiqi və folklor kollektivlərinin təqdim etdiyi konsert proqramları mərasimə əlavə rəng qatdı...
Festival və rəsmi tədbir başa çatsa da, Şuşada Türk dünyası mədəniyyətinin təntənəsi hələ bir çox layihə və mərasimlərlə ilin sonunadək davam edəcək. Nadir şəhərsalma və memarlıq sənətinin açıq səma altında möhtəşəm muzeyi olan 271 yaşlı Şuşa Türk dünyasının mədəniyyət paytaxtı kimi şuşasevərləri öz orbitində hələ çox saxlayacaq. Heydər Əliyev Fondu burada müxtəlif yerli və beynəlxalq tədbirlər keçirməyi davam etdirəcək, mədəni irsimizin bərpası üzrə geniş işlər görüləcək. Qarşıdakı dövrdə Şuşada “Qorqud Ata” Türk dünyası 3-cü Film Festivalı, eləcə də Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil olunacaq.
Göründüyü kimi, Şuşanın öz əzəli sahiblərinə qayıtması qəhrəmanlığın zirvə həddi olmaqla, bütün türk dünyasında xüsusi bir canlanma yaradıb. Şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Bu isə dostlarımızı sevindirir, düşmənlərimizi xar eləyir.
Özünəməxsus cazibəsi, qançəkərliyi olan Şuşamızın göylərində ruhumuz, beləcə, pərvaz etməkdədir!
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”