Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı

post-img

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı başlanıb. “Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər – 124) mübarizə aparır.

Avropa çempionatının təntənəli açı­lış mərasimində əvvəlcə iştirakçı ölkələ­rin paradı keçirilib.

Sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayən­dəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandası­nın məşqçisi Vesna Podniç isə məşq­çilər adından təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatır­ladıb.

Avropa Gimnastikasının prezidenti, Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov açılış mərasimində işti­rakçıları təbrik edərək uğurlar arzula­yıb. Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempi­onatına evsahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib. Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib. Yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Gimnastika Federasi­yasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçiril­məsində dövlətin qayğısı danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqətlə yanaşır.

İştirakçılara uğurlar arzulayan F.Qa­yıbov çempionatı açıq elan edib.

Daha sonra tanınmış müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

Açılış mərasimi bədii hissə ilə da­vam edib.

Çempionatın ilk günündə gənclər arasında çoxnövçülük proqramında beş ip və beş topla hərəkətlərin icrasında qaliblər müəyyənləşib. 

Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandasının üzv­ləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova çoxnövçülük proqramında (58.450 xal) və 5 topla hərəkətlərin ic­rasında (29.000) bürünc medala layiq görülüblər. 

Beş iplə çıxışa görə isə komanda­mız hakimlərdən 29.450 bal alaraq ya­rışı 4-cü pillədə başa vurub. 

Çoxnövçülük üzrə birinci yeri İsrailin gənclərdən ibarət komandası (61.600 bal), ikinci yeri isə Bolqarıstan yığması (59.250 bal) tutub.

Gənclər arasında qrup hərəkətləri komandalarının beş iplə proqramın­da isə Bolqarıstan komandası 30,500 xalla qızıl medala sahib olub. İsrail gim­nastları 30,400 xalla gümüş, İtaliya kol­lektivi isə 29,550 xalla bürünc mükafat qazanıblar.

Yarış mayın 21-dək davam edəcək.

 

Leyla AZAD,

“Xalq qəzeti”



İdman