Bakıda “SHE Congress” beynəlxalq qadınlar konqresi keçirilib

post-img

Məclisdə Ailə, Qadın və Uşaq Prob­lemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qa­dınların hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamət­lərindən biri olduğunu vurğulayıb. O, Şərqdə qadına seçmək və seçilmək hüququnun ilk dəfə Azərbaycanda 1918-ci ildə verildiyini diqqətə çatdırıb. 

Komitə sədri qeyd edib ki, ümummil­li lider Heydər Əliyev qadınların idarəet­mədə iştirakına və irəli çəkilməsinə hər zaman önəm verib. Bu gün bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda qadın sahibkarlığının inkişafı, qadın­ların hüquqlarının qorunması istiqamətində bir sıra önəmli sənədlər imzalayıb. 

Vurğulanıb ki, Heydər Əliyev Fondunun preziden­ti Mehriban Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi ölkəmizin tərəqqisi naminə mühüm işlər görür.

Kiçik və Orta Biznesin İn­kişafı Agentliyinin İdarə Heyə­tinin sədri Orxan Məmmədov bildirib ki, qadınların ölkəmizin ictimai, siyasi və iqtisadi həya­tında rolunun artırılması döv­lətimizin daim diqqət mərkə­zində olub. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların çəkisi 19 faiz civa­rında isə, 2023-cü ilin aprel ayının statistikasına əsasən bu rəqəm artıq 22 faizi keçib. Eyni zamanda, ölkə­mizdə iqtisadi fəal əhalinin 49 faizini qa­dınlar təşkil edirlər. 

Tədbirdə Azərbaycan Biznes Qadın Təşkilatının təsisçisi Tatyana Mikayılo­va, “Yelo Bank”ın icraçı direktoru Anar Həsənov və digər çıxış edənlər “SHE Congress” layihəsi barədə məlumat veriblər. Xatırladaq ki, “SHE Congress” beynəlxalq qadınlar konqresinin əsası 2014-cü ildə Kiyevdə qoyulub.

“Xalq qəzeti”

Sosial həyat