Ermənistan–Rusiya münasibətlərində yaranmış uçurum getdikcə dərinləşir. Hayastanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın Latviyada rus və ingilis dillərində çıxan “Novaya qazeta Evropa”ya müsahibəsində səsləndirdiyi fikirlər belə deməyə əsas verir.
Qəzetin müxbirinin A.Qriqoryana ilk sualı belə olub: “Artıq bir ildir ki, Ermənistan hökuməti Şərqlə Qərb arasında qəribə rəqslər edir. Vaşinqtonda görüş –Moskvada görüş. KTMT-nin tənqidi – KTMT-nin tərifi... Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarının cəsarətlə tanınması və bir neçə həftə sonra hər şeyin o qədər də sadə olmadığına dair çoxlu qeyd-şərtlər. Nəhayət, Paşinyanın 9 may paradında iştirak üçün Moskvaya getməsi. Bir addım irəli – bir addım geri. Bu, nə ilə bağlıdır?” A.Qriqoryanın cavabı belə olub: “Burada qəribə heç nə yoxdur. Son illər dünyada, o cümlədən, regionumuzda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib. Əvvəllər hər şey aydın və anlaşılan idi. Şərti desək, düşünürdük ki, telefonla zəng edib “Bizim problemimiz var” demək olar. Düşünürdük ki, cavab olaraq deyəcəklər: “Yaxşı, əzizim, kömək edəcəyik”. Biz bunu sınaqdan çıxarırıq və görürük ki, bu mexanizm işləmir. Müqavilə öhdəliklərinə əməl edilmir. Bizim bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, hələlik yenisi yoxdur. Ermənistanın təhlükəsizliyini təmin etməli olan mexanizmlər iflasa uğrayıb, yeniləri isə yaradılmayıb. Bu isə böhrandır”.
Gəlin, burada A.Qriqoryanın diplomatik şəkildə dediklərinə sadə dillə aydınlıq gətirməyə çalışaq. Məlumdur ki, Nikol Paşinyanın hakimiyyətə gəlişinədək Ermənistan Cənubi Qafqazda Rusiyanın əsas müttəfiqi hesab olunurdu. Əsas beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Ermənistanın mövqeləri üst-üstə düşür və ya çox yaxın idi. Hayastan Rusiyanın Avrasiya İqtisadi İttifaqının möhkəmlənməsinə yönəlmiş yanaşmalarını bölüşürdü. Ermənistanın KTMT formatında əməkdaşlığı, İrəvanın fikrincə, onun milli təhlükəsizliyinin vacib elementi idi. Dövlətlərarası münasibətləri müəyyən edən müqavilə və sazişlər arasında 1997-ci ilin avqustun 29-da imzalanan Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqaviləni, habelə Rusiyanın Ermənistan ərazisində hərbi hissəsinin olmasını tənzimləyən bir sıra sənədləri göstərmək olar. 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyulunda Tovuz istiqamətində törədilən hərbi təxribat və nəhayət, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın hərbi gücü ilə müqayisəedilməz dərəcədə zəif olan və bunu yaxşı bilən Ermənistanın hərbi-siyasi rəhbərliyi məhz yuxarıda adı çəkilən sənədlər əsasında Rusiyaya arxalanaraq, Moskvanın onlara ciddi dəstək verəcəyini düşünərək, həmçinin KTMT-yə güvənərək, bu hərbi avantüralara getmişdir. Vətən müharibəsinin ilk günlərində N.Paşinyan Azərbaycanın Zəfər yürüşünü dayandırması üçün Rusiya Prezidentinə zəng edərək yalvarırdı. Müharibənin ilk 8 günü ərzində Paşinyan V.Putinə bu məqsədlə 5 dəfə zəng etdi. Ancaq məlum olduğu kimi, bu yalvarışlar heç bir nəticə vermədi. İndi Armen Qriqoryanın müsahibəsinin telefon zəngi ilə bağlı olan hissəsi məhz bu məqamı özündə ehtiva edir.
Ermənistan TŞ katibinin müsahibə zamanı qeyd etdiyi “müqavilə öhdəliklərinə əməl edilmir” fikri isə KTMT-dən istədikləri dəstəyi ala bilməməyə verilən reaksiyadır. Rəsmi İrəvan qeyd etdiyimiz kimi, həm Vətən müharibəsi, həm 2021-ci ilin mayında Qaragöl ətrafında yaranmış vəziyyət, həm də 2022-ci ilin sentyabr döyüşləri zamanı KTMT-yə kömək üçün müraciət edib, lakin lazımi dəstəyi ala bilməyib. Bütün bunlar isə Ermənistan hakimiyyətinin müxtəlif mənsubları, o cümlədən baş nazir səviyyəsində KTMT-yə yönəlik ittihamların meydana çıxmasına səbəb olub. Özü də bütün bunlar Ermənistanın təşkilata sədrliyi dövründə baş verib. İş o yerə çatıb ki, Ermənistan rəhbərliyi 2023-cü ilin noyabrın 23-də İrəvanda keçirilən KTMT Sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib.
A.Qriqoryan müsahibə zamanı “Nə etməli?” sulına cavab olaraq deyib ki, yeni mexanizmlər və silah təchizatçısı axtarmaq lazımdır, çünki biz obyektiv olaraq Rusiyaya sifariş verdiyimiz və pulunu ödədiyimiz silahları ala bilmirik. Onun səsləndirdiyi bu fikir aydın səmada çaxan şimşək effekti yaradıb. Erməni jurnalistlər TŞ katibinin səsləndirdiyi fikirlə bağlı əlavə məlumat axtarışına çıxıblar. Onlar parlamentdə olarkən xarici işlər nazirinin müavini Mnatsakan Səfəryandan açıqlama alıblar. Nazir müavini Ermənistanın Rusiyadan lazımi silahlar almadığına dair A.Qriqoryanın dediklərini təsdiqləyib: “İşlər gedir, həqiqətən də, Ermənistana silahlar gəlməyib. Biz işi davam etdirməyə çalışırıq, əlavə edəcək heç nə yoxdur”. M.Səfəryan silahların niyə Ermənistana çatmadığını açıqlamayıb. Rusiya tərəfinə nə qədər pul ödənildiyini də açıqlamayan nazir müavini “çatdırılma həyata keçirilib, lakin silahlar gəlməyib” deyib.
***
Ermənistan–Rusiya münasibətlərində uçurumun dərinləşməsinin daha bir əlaməti Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun “Çarqrad” telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdir. Rusiya XİN-in saytında dünən mətni yerləşdirilən müsahibə zamanı S.Lavrov deyib ki, ABŞ Ermənistana Rusiya hərbi hissəsindən və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə vəd verir: “Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın. Amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, diplomatiya deyil, açıq-aşkar təxribatdır. Bu, rüşvətlə ələ almadır”.
S.Lavrov qeyd edib ki, 2022-ci ilin payızında İrəvanda keçirilən KTMT sammiti zamanı erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq KTMT-nin müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanıb. “Sənəd xarici işlər nazirləri səviyyəsində razılaşdırılıb. Sonra son anda sammitin özündə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o, kağız üzərində qalır və həyata keçirilə bilmir. Amma əgər İrəvan artıq razılaşdırılmış sənədi təsdiqləsə, imzalanmağa və qüvvəyə minməyə hazır olsa, əminəm ki, Ermənistan bundan faydalanacaq və daha sabit vəziyyət əldə edəcək”, – deyən Rusiyanın baş diplomatı KTMT ilə bağlı İrəvanın iddialarının əsassız olduğunu vurğulayıb.
***
Göründüyü kimi, rəsmi İrəvanın apardığı eyni vaxtda iki stulda əyləşmək siyasəti onun sonda bir stuldan da məhrum olmasına gətirib çıxarıb. İndi Ermənistan nə Rusiyanın, nə də Qərbin simasında özünə etibarlı müttəfiq tapa bilir. Həm Qərblə, həm də Rusiya ilə geosiyasi oyunlar oynamasının İrəvana baha başa gələcəyi gözlənilən idi. Ermənistan rəhbərliyinin düşdüyü bu vəziyyətdən çıxması üçün yalnız bir yolu var: Azərbaycanla tezliklə sülh sazişi imzalamaq və normal qonşuluq münasibətləri quraraq, regionda kommunikasiyaların açılmasının yaradacağı üstünlüklərdən faydalanaraq ölkəni inkişaf etdirmək. Bu sadə həqiqəti İrəvanda nə qədər tez dərk etsələr, onlar üçün bir o qədər yaxşı olar.
İlyas HÜSEYNOV,
politoloq
– Ermənistan–Rusiya münasibətlərindəki ziddiyyətlər birbaşa rəsmi İrəvanın yürütdüyü siyasətlə bağlıdır. Paşinyan daha çox Qərb istiqamətində münasibətlərin gücləndirilməsi, Qərbə doğru inteqrasiya kursunun formalaşmasının tərəfdarı idi. Bu da təbii ki, Kreml tərəfindən böyük narahatlıqla qarşılanırdı. Ziddiyyətlər getdikcə daha da dərinləşir. Çünki İrəvan Qərbə doğru daha böyük addımlar atır, Avropa İttifaqının mülki missiyasını öz ərazisində yerləşdirib. KTMT ilə bağlı çoxsaylı fikir ayrı-seçkiliyi mövcuddur. Məhz hərbi sahədə öhdəliklərin yerinə yetirilməməsi, bu sahədə ciddi problemlərin olması, hətta pulun ödənilməsinə rəğmən Rusiyanın Ermənistana silah verməyi yubatması birbaşa Ermənistanın siyasi isteblişmentinin mövqeyi ilə əlaqəli olan məsələdir. Rusiya–Ermənistan münasibətlərinin pisləşməsi Rusiyanın maraqları ilə bağlı deyil, əksinə, İrəvanın Moskvaya qarşı yürütdüyü demarş siyasətinin nəticəsidir.
Səxavət HƏMİD, “Xalq qəzeti”