“Ermənistan Azərbaycanın 86600 kvadratkilometrlik ərazi bütövlüyünü tanıyır. Azərbaycan da öz növbəsində, Ermənistanın 29800 kvadratkilometrlik ərazi bütövlüyünü tanıdığını bəyan edib”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan dünən Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş sammitindəki çıxışında deyib.
Görünür, Paşinyan mayın 14-də “Brüssel formatı” çərçivəsində, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi nəticəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə əldə olunmuş razılaşmanı həm beynəlxalq, həm də yerli ictimai rəyə yeritmək istəyir. Nəinki yeritmək, bunu özünün uğuru kimi təqdim etmək niyyəti güdür. Halbuki, söhbət onun şəxsən qazandığı uğurdan getmir. Çünki rəsmi İrəvan Brüssel görüşünədək, 1975-ci il xəritələrinə baş vurub avantüra gerçəkləşdirmək xəyalına düşmüşdü, amma alınmamışdı.
Qeyd etdiyimiz sonuncu məqamı bir kənara qoyub, erməni baş nazirin daha bir fikrinə diqqət yetirmək istərdik. Nikol bildirir ki, uzun illər Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmamasının bəraətinə çevrilmişdi. Özünün hakimiyyətə gəldiyi 2018-ci ilin məxməri inqilabı isə, sən demə, demokratik inkişaf üçün şərait yaradıbmış.
Paşinyanın bu formada münasibət bildirməsi heç də təsadüfi deyil. O, Qarabağ müstəvisində özünə ünvanlanmış qəzəbi sıradan çıxarmaq naminə demokratiya amilinə söykənir. Nəzərə alaq ki, demokratiya Nikolun, kifayət qədər, ciddi sığortasıdır. Yəni, Paşinyan demək istəyir ki, Qarabağ əldən getdiyi üçün inqilab nəticəsində yaranmış hakimiyyət təhlükə qarşısındadır. Faktiki olaraq, o, beynəlxalq ictimaiyyətdən öz iqtidarının qorunması naminə səfərbərliyi gücləndirməyi tələb edir. Paşinyanın nəzərində Ermənistanın indiki hakimiyyətinin müdafiə olunması, Cənubi Qafqazda demokratiyanın sıradan çıxmasına yol verməməkdir. Əlbəttə, onun sözlərində vurğunu 2018-ci ilədək mövcud olmuş və dünyanın qeyri-demokratik kimi gördüyü Ermənistan iqtidarının üzərinə qoymaq motivi də var. O iqtidara ki, Rusiya tərəfindən idarə olunurdu...
Qeyd edək ki, Paşinyanın demokratiyanı alətə çevirməsi halları bundan əvvəl də yaşanıb. O, dünən İslandiyanın paytaxtında çıxış edərkən, 2020-ci ildə Azərbaycanın Qarabağa hücum etdiyini vurğulayır və bildirir ki, bunun nəticəsində ölkəsi müharibəyə cəlb olundu. Halbuki, özünün səsləndirdiyi “Qarabağ Ermənistandır” bəyanatını unudur. Yəni, müharibəyə səbəb olmuş, həmin vaxtadək Qarabağ münaqişəsi müstəvisindəki danışıqların ruhuna xələl gətirən bəyanatı. Ermənistanın 2018-ci ilə qədərki və anti-demokratik sayılan hakimiyyətlərinin heç biri bu cür hədsizliyə yol verməmişdilər. Demokratik Paşinyan isə bunu etdi və beynəlxalq hüququ tapdaladı. Təbii, cəzasını da aldı.
Bəli, Paşinyan “Qarabağ Ermənistandır” deyib bağıranda da dünyanın Ermənistan demokratiyasını qoruyacağını düşünmüş, özünü isə demokratiyanın qladiatoru saymışdı. Azərbaycan hücuma keçib öz doğma torpaqlarını işğaldan azad edərkən, birincisi, Bakı İrəvanın daha böyük ərazilər ideyasını gerçəkləşdirmək məqsədli təxribatına cavab verdi. İkincisi isə Qarabağ bu gün Paşinyanın tanımaq məcburiyyətində qaldığı 86600 kvadratkilometrlik əraziyə daxildir. Belədə sual olunur: “Qarabağ Ermənistandır” deyib meydan oxumağa ehtiyac var idimi? Nəinki ehtiyac, heç sözün arxasında duracaq güc də yox idi. Bunu anlamayan Paşinyanın 86600 kvadratkilometrlik ərazini tanıdığını bildirməsi isə yalnız son dörd günün işidir. Bunadək, o, rəqəmi dilə gətirməmək yolu tutur, Qarabağ məsələsini mübahisələndirməkdə davamlılıq göstərirdi.
Reykyavikdəki çıxışında 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat barədə söz açmış N.Paşinyanın çıxışından anlaşılan budur ki, sözügedən sənədi imzalamaq ona baha başa gəlib: Ermənistanda dövlət qurumlarına hücumlar baş verib, lakin ölkə iqtidarı demokratik nizamı qoruya bilib. Bunu anladıq. Anlaya bilmədiyimiz Paşinyanın 2021-ci ilin növbədənkənar parlament seçkiləri öncəsi, daha doğrusu, mayın 12-də Azərbaycanın Ermənistan ərazisini işğal etdiyini bildirməsidir.
Deyəsən, Nikol Ermənistan hərbi birləşmələrinin törətdikləri təxribatları unudur. Özünün sülhə gəlməmək üçün həyata keçirdiyi manipulyasiyaları da, həmçinin. Növbədənkənar seçkilərdə komandasının “dinc gündəm” təqdim etməklə, uğur qazandığını vurğulayan Paşinyanın məntiqindən belə çıxır ki, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında baş vermiş hərbi toqquşmalarda dinclik pozulub və Ermənistan ərazisi işğala məruz qalıb. Deməli, Paşinyan həmin hərbi təxribatları öz ordu birləşmələrinin reallaşdırdığını da unudur...
Göründüyü kimi, erməni hökumət başçısı nə danışdığının fərqində deyil. Bəlkə də fərqindədir, sadəcə, necə deyərlər, ənənəvi erməni xislətinə xas xarakterləri dəf edib səmimi davranmağı bacarmır. Onun indiki məqamda bu cür fikirlər səsləndirməsi özünü gülünc hala salmaqdan başqa bir şey deyil. Əvvəla, dünya əsl həqiqətləri bilir. İkincisi, lap tutalım, beynəlxalq ictimaiyyət erməni yalanlarına inanır. Fakt budur ki, hazırda öz qonşusunun, yəni Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən və Qarabağ münaqişəsi səbəbindən ölkəsində uzun müddət demokratiyanın olmadığını deyən odur. Məntiq olmalıdır. Paşinyanın məntiqi də qərarları kimi qısırdır.
R.ƏVƏZ, “Xalq qəzeti”