Ceyhun Bayramov: İspaniya ilə çoxtərəfli əlaqələr genişlənir

post-img

Mayın 17-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azər­baycan ilə İspaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mə­dəni, humanitar, turizm və s. sahələr üzrə əməkdaşlıq gündəliyindən bəhs edərək, əlaqələrin inkişafı perspek­tivlərinin geniş olduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında alternativ enerji resurslarının inkişafı sahəsində də əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.

İkitərəfli münasibətlərin inkişafın­da qarşılıqlı səfərlərin, eləcə də siyasi dialoqun gücləndirilməsi baxımından təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın böl­gədə bərpa, quruculuq və sülh səyləri barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribat­larının, mina təhdidini davam etdirmə­sinin sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardan olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsip­ləri əsasında sülh prosesinə sadiqliyi diqqətə çatdırılıb.

Nazir Xose Manuel Albares Bueno Azərbaycanla həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivə­sində əməkdaşlıqda maraqlı olduqları­nı bildirib. Bu xüsusda, iki ölkə arasında münasibətlərin inkişafında keçirilmiş siyasi məsləhətləşmələrin rolu müsbət qiymətləndirilib. Nazir Xose Manuel Al­bares Bueno İspaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlə­rin normallaşması istiqamətində da­nışıqlar prosesini dəstəklədiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

“Xalq qəzeti”

Siyasət