Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi tədbirləri çərçivəsində Heydər Əliyev Fondunun Vyetnamın Hazianq əyalətində inşa etdirdiyi məktəbin müəllim-şagird kollektivi ilə görüş keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, əyalətin Bakme rayonunun Ziap Çunq qəsəbə məktəbində keçirilən tədbirdə çıxış edən ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə görkəmli dövlət xadimi Heydər Əliyevin öz xalqına xidmətdə keçmiş həyatından danışıb, onun ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsindəki əvəzsiz rolunu vurğulayıb.
Görüşdə bildirilib ki, ulu öndərin adını daşıyan, onun ideyalarını yaşadan Heydər Əliyev Fondu ölkəmizdə və xaricdə bir sıra sosialyönümlü layihə həyata keçirib. Ziap Çunq qəsəbəsində ibtidai məktəb binasının inşası Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi önəmin təzahürüdür.
Məktəbin direktoru qeyd edib ki, ulu öndərin adını daşıyan fondun dağlıq Ziap Çunq qəsəbəsində inşa etdirdiyi məktəb binası burada yaşayan uşaqlara müasir təhsil almaq imkanları yaradıb. O, bu humanist addıma görə Azərbaycana və Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.
Sonda məktəbin şagirdlərinə ölkəmizin milli suvenirləri hədiyyə edilib.
“Xalq qəzeti”