Dünən Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən bu günlərdə açıqlanan dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına qarşı etiraz bəyanatı yayıb. Sənəddə deyilir:
“Bu yaxınlarda ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə beynəlxalq dini azadlıqla bağlı hesabatda Azərbaycan barədə yazı dərc olunub. Hesabatda ölkəmizin dini və mədəni obyektlərin, xüsusilə də bu yaxınlarda Ermənistanın nəzarətindən azad edilmiş ərazilərinin mühafizəsinə səhlənkar yanaşıldığı göstərilir. Bu, təəssüf doğuran təhrifdir.
Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan zərərə və dağıntılara, xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin demək olar tamamilə dağıdılması və talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, məscid, ziyarətgah talan edilib, qəbiristanlıqlarımız vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb, torpaqlarımız minalanmış sahəyə çevrilib.
Necə olur ki, bizim həmişə azadlıq və demokratiya çırağı kimi qəbul etdiyimiz ABŞ heç vaxt bu hərəkətlərdən narahat olmayıb. ABŞ dini fanatiklərin əməllərindən əziyyət çəkdi. Bu ölkə dinindən asılı olmayaraq, “Allahın döyüşçüləri”nin gətirdiyi dəhşətlərdən xəbərdardır. Ancaq görünən odur ki, BMT ölkəmizi öz vətəndaşlarını qorumaq əzminə görə ittiham edir”.
Bəyanatın sonunda qeyd edilir ki, ermənilərin işğal zamanı törətdikləri vandallıqlara heç nə haqq qazandıra bilməz. Ancaq məsələ ondadır ki, Azərbaycan tərəfindən heç vaxt belə bir addım atılmayıb: “Biz Azərbaycanın istənilən dini və ya mədəni irsini qoruyub saxlamağa sadiqik. Bununla belə, biz heç kimə tariximizi təhrif etməyə, yenidən yazmağa imkan verməyəcəyik”.
“Xalq qəzeti”