Son illər Azərbaycanda nəqliyyat-logistika sahəsində həyata keçirilən mühüm tədbirlər ölkəmizə beynəlxalq marağı getdikcə artırır. Artıq ölkəmizin ərazisində bütün magistrallar yüksək səviyyədə yenidən qurulub, həmin yolların üzərində logistik mərkəzlər yaradılıb. İndi ölkəmiz Xəzər sahilində ən böyük dəniz limanına malikdir. Hazırda həmin limanın ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tona çatdırılması məqsədilə layihələr icra olunur.
Bununla yanaşı, Xəzərdə ən böyük dəniz donanması, eləcə də Cənubi Qafqazda güclü hava nəqliyyatı parkı da məhz Azərbaycana məxsusdur. Bütün bunların nəticəsidir ki, qlobal nəqliyyat və logistika layihələrinin fəal iştirakçılarından olan Azərbaycan son illər beynəlxalq yükdaşımalara mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2022-ci ildə ölkəmizin üzərindən aşırılan tranzit yüklərin həcmi 75 faiz artıb.
Ölkəmizin əlverişli coğrafi məkanda yerləşməsi, eləcə də tranzit yüklərin daşınması üçün müasir infrastruktura malik olması diqqəti getdikcə daha çox cəlb edir. Elə bu səbəbdəndir ki, mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə calışan beynəlxalq maliyyə qurumlarının və dünya ölkələrinin sayı ilbəil artır. Yaxın vaxtlarda isə ölkəmiz Avropa Yenidənqurma və İnkişaf Bankı ilə yükdaşımalar sahəsində əməkdaşlıq edəcək. Artıq adıçəkilən bankla Azərbaycan İnvestisiya Holdinqi bununla bağlı razılıq əldə ediblər.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, mayın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankı Rəhbərlər Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 32-ci illik toplantısı çərçivəsində bankla Azərbaycan İnvestisiya Holdinqi arasında niyyət sənədi imzalanıb.
Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi toplantı çərçivəsində ölkəmizin investisiya imkanlarının təqdimatına dair sessiya keçirilib. Tədbir zamanı Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, bərpaolunan və “yaşıl enerji”, eləcə də nəqliyyat-tranzit potensialı barədə məlumat verilib.
Ölkəmizdə xarici investorlar üçün yaradılan əlverişli imkanlar barədə məlumat verən E. Əliyev bildirib ki, Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı kimi əməkdaşlığın əhatə dairəsini genişləndirmək məqsədilə yol-nəqliyyat infrastrukturuna böyük sərmayə qoyub. Qeyd olunub ki, hazırda Azərbaycanın Xəzər dənizində böyük donanması var. Ələt Azad İqtisadi Zonası müasir limanlara və böyük nəqliyyat dəhlizlərinə əlçatanlığı ilə xarici investisiyaların üzünə açıqdır. Bu baxımdan ölkəmizin Şərqlə Qərb arasında nəqliyyat-tranzit, enerji resursları və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynaya biləcəyi diqqətə çatdırılıb.
Yeri gəlmişkən, son illər ölkəmiz, bir qayda olaraq, nəqliyyat-logistika ilə bağlı keçirilən beynəlxalq səviyyəli mühüm tədbirlərdə fəal iştirakı ilə seçilir. Bu baxımdan ötən həftə Almaniyanın Münxen şəhərində keçirilən “Nəqliyyat və Logistika-2023’’ adlı beynəlxalq sərgi də ölkəmiz üçün əhəmiyyətli olub. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sərgi zamanı beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlərdə Orta Dəhliz ilə konteyner yüklərinin Çindən Avropaya sürətlə daşınması, tranzit vaxtının optimallaşdırılması, yük həcmlərinin artırılması və yeni yüklərin cəlb olunması məsələləri geniş müzakirə edilib.
Bütövlükdə isə, Azərbaycanın nəqliyyat-logistika ilə bağlı keçirilən tədbirlərdə iştirakı tranzit yükdaşıma sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, yük dövriyyəsinin artırılmasına təkan verir. Bu da ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilməsinə zəmin yaradır.
Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsinin aparıcı elmi işçisi, dosent
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olan əlverişli investisiya mühiti öz bəhrəsini verir. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizə investisiya yatıran şirkətlərin sayı getdikcə artır, investorların coğrafiyası genişlənir. Təkcə onu qeyd etmək kifayətdir ki, 1995-2022-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 323 milyard 104 milyon dollar investisiya qoyulub ki, onun da 50,5 faizi və ya 163 milyard 222 milyon dolları xarici investisiyalar olub.
Azərbaycanda mövcud investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, eləcə də bərpaolunan və “yaşıl enerji”, nəqliyyat-tranzit potensialı dünyanın güc mərkəzlərinin də diqqətini cəlb edib. Avropa Yenidənqurma və İnkişaf Bankının Rəhbərlər Şurasının 32-ci illik toplantısı çərçivəsində ölkəmizin investisiya imkanlarına dair keçirilən sessiyada Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalarla bağlı imzalanmış niyyət protokolu bərpaolunan və “yaşıl enerji”, həmçinin nəqliyyat-tranzit potensialından istifadənin səmərəliliyinin artırılması məqsədi daşıyır. Bu əməkdaşılıq mövcud nəqliyyat dəhlizləri üzrə Azərbaycanın dəniz, avtomobil və dəmir yolu nəqliyyatının iştirakı ilə multimodal daşımaçılığın səmərəliliyini artıraraq iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, 2023-cü ilin birinci rübü üzrə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 52 milyon 474 min 100 ton təşkil edib ki, bu da 2022-ci ilin birinci rübü ilə müqayisədə 6,4 faiz çoxdur. Hesabat dövründə daşımaların 8,5 faizi (4 miyon 442 min 400 tonu) tranzit yüklər də daxil olmaqla dəmir yolunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artıqdır. Yanvar-mart aylarında Azərbaycanın dəniz nəqliyyatı ilə 1 milyon 824 min 300 ton yük daşınıb. Bu isə ümumi daşımaların 3,5 faizi deməkdir. Bundan əlavə, cari ilin ilk rübündə hava nəqliyyatı ilə 37 min 300 ton, avtomobil nəqliyyatı vasitəsilə 28 milyon 374 min 700 ton yük daşınıb. Bu da ümumi yükdaşımaların 54,1 faizi deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil nəqliyyatında yükdaşımalar 3 faiz, dəniz nəqliyyatında isə 28 faiz artıb.
Gələcəkdə Şərqi Zəgəzur dəhlizinin istifadəyə verilməsindən sonra Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların həcmi xeyli artacaq. Bu da ölkəmizdə yaradılan nəqliyyat hablarına yönəldiləcək investisiyaların səmərəliliyinin daha yüksəlməsinə səbəb olacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”