Ermənistan İkinci Qarabağ müharibəsindən sonra özünə yeni ağa axtarır. Baş nazir Nikol Paşinyan və komandasının üzvləri artıq gizlətmirlər ki, Ermənistanın təhlükəsizlik sistemi problemi var və məmnunluqla Qərbin təhlükəsizlik çətiri altına girməyə hazırdır. Amma günün reallığı budur ki, Qərb Ermənistana missiya göndərməkdən başqa ciddi təhlükəsizlik zəmanət verə bilmir. Bu, həmin missiyadır ki, fəaliyyətindən nə Azərbaycanda, nə Rusiyada, nə də Ermənistanın özündə razıdırlar. Ermənilərin niyə razı olmadıqlarını yaxşı bilirik. Amma Azərbaycan və Rusiyanın narazılıqlarının ciddi əsasları var.
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası (EUMA) fevral ayından Ermənistanda fəaliyyət göstərir. Ötən müddət ərzində EUMA Ermənistanın sərhəd bölgəsində patrul həyata keçirir və Aİ-yə hesabat göndərir. Rəsmi İrəvan Aİ missiyasının regiona gəlməsindən razılığını bildirir. Ermənistan hökuməti düşünür ki, “missiya regionda təhlükəsizliyin, uzunmüddətli sülhün və etimadın möhkəmlənməsinə böyük töhfə verəcək”. Ancaq Azərbaycan və Rusiya Ermənistanın nikbinliyini bölüşmürlər. Yeni missiyanın regiona göndərilməsi Moskvada narazılıq yaradıb. Rusiyada əmindirlər ki, Aİ missiyasının Ermənistan–Azərbaycan sərhədində yerləşdirilməsi qeyri-məhsuldar ola bilər. Hələ yanvar ayında mətbuata açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Aİ missiyası Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, bu, sadəcə olaraq, əks nəticə verər: “Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıq yarada bilər”.
Təbii ki, Azərbaycan da Aİ-nin “mülki” də olsa, regiona yeni missiyası göndərilməsindən razı qalmadı. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı demişdi ki, Avropa İttifaqının Ermənistana növbəti missiyanı göndərməsi çox xoşagəlməz haldır. Dövlət başçısı həmin müsahibəsində qeyd etmişdi ki, Praqa görüşündə missiyanın qısamüddətli olacağı və cəmi iki ay çəkəcəyi razılaşdırılmışdı. Ancaq sonra əldə edilmiş razılaşma pozuldu: “Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik”. Prezident İlham Əliyev müsahibəsində Aİ-nin missiya ilə bağlı manipulyasiya etməsinə diqqət çəkmişdi. Dövlət başçısı birmənalı şəkildə xəbərdarlıq etmişdi ki, Aİ-nin Ermənistana yeni missiya göndərməsi təhlükəsizliyi artırmayacaq.
Xatırladaq ki, hazırda Moskva və İrəvan arasında ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan–Ermənistan şərti sərhədini Rusiya sərhədçiləri qoruyur. Bundan başqa, Rusiya hərbçiləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq birbaşa Qarabağ zonasında öz sülhməramlı funksiyalarını yerinə yetirirlər. Aİ-nin ilk missiyası ötən il oktyabrın 19-da Ermənistana gəlmişdi. Azərbaycan Prezidenti İlham Əliyev buna cavab olaraq bildirmişdi ki, Bakı Avropa missiyasının Azərbaycan ərazisində yerləşdirilməsinin əleyhinədir, lakin Azərbaycan tərəfinin lazım bildiyi dərəcədə onunla əməkdaşlığa qarşı deyil. Missiyanın uzadılması və avropalı müşahidəçilərin yerləşdirilməsinin ikinci mərhələsinin başlanması Azərbaycanın iştirakı və razılığı olmadan baş verdi ki, bu da Bakıda və Moskvada narazılıq yaratdı.
Əlbəttə ki, Aİ-nin Ermənistandakı vətəndaş missiyası qeyri-legitimdir. Əgər onun fəaliyyəti iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılırsa, bu, hər iki tərəflə razılaşdırılmalıdır. Bundan başqa, vətəndaş missiyasına Fransa və Almaniyanın güc strukturlarının nümayəndələrinin daxil olması narahatlıq doğurur. Bütün bunlar onu göstərir ki, missiya mülki xarakter daşımır. Mütəxəssislərin fikrincə, Avropa belə bir addım atmaqla, Rusiyanı regiondan kənarlaşdırmaq istəyir. Rusiyalı ekspertlər də baş verənləri Avropa İttifaqının, ilk növbədə Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq cəhdi kimi qiymətləndirirlər. Mütəxəssislərin əksər hissəsi Avropa missiyasının regionda sülhün bərqərar olmasına xidmət edəcəyinə inanmadığını da bildirir. Belə bir fikir irəli sürülür ki, Aİ missiyasının praktiki faydası olmayacaq və dünya bunu Fransanın həmsədr olduğu ATƏT-in Minsk qrupunda gördü.
Oxşar fikri Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin də səsləndirmişdi. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefon danışığı zamanı, o, bəyan etmişdi ki, Aİ-nin Ermənistanda missiya yerləşdirmək barədə qərarının konkret geosiyasi fonu var və regionda münasibətlərin nizamlanmasına töhfə vermir. Rusiyalı diplomat Bakı ilə İrəvan arasında bu məsələdə konsensusun olmamasına da diqqət çəkmişdi.
Qeyd edək ki, Rusiya Ermənistana şərti sərhəd zonasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşun hissələrinin yerləşdirilməsini təklif etmişdi. Dünən Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Çarqrad” telekanalına müsahibəsində bildirib ki, Ermənistan öz ərazisində KTMT-nin müşahidəçi missiyasını yerləşdirməyə razılıq verərsə, daha stabil vəziyyət əldə edəcək. O, həmçinin jurnalistin ABŞ və müttəfiqlərinin MDB-də vəziyyəti “sarsıtmaq” istəməsi ilə bağlı dediyi fikirlərlə razılaşıb. “Onlar bunu istəyirlər və fəal şəkildə edirlər. Bilirəm ki, ermənilərə deyirlər ki, (bizdə belə məlumatlar var-S.L.), rusları öz ərazinizdən qovun, sərhədçilər də hərbi bazanı çıxarsınlar. Amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcəklər. Açıq desək, bu, təxribatdır, diplomatiya deyil”. Göründüyü kimi, rusiyalı nazir ermənilərə mesaj göndərir ki, Moskvanı hesabdan silmək tezdir və rahatlıq və təhlükəsizlik istəyirsinizsə, Aİ missiyasına yox, Rusiyaya etibar etməlisiniz.
Missiya Ermənistanın özündə də birmənalı qarşılanmır. Məsələn, politoloq Beniamin Matevosyan hesab edir ki, Aİ-nin mülki missiyasında alman polisi və fransız jandarmlarının olması onların Rusiya və İran qoşunlarının hərəkətini izləmələrinə imkan verir. Digər erməni eksperlər də eyni sözləri təkrarlayırlar. Ermənilər açıq şəkildə deyirlər ki, əllərində ancaq bloknot tutan avropalı missionerlərdən ciddi nəticə gözləməyə dəyməz.
Bəs Aİ Cənubi Qafqazda nəyi güdür və buna nail olmaq üçün hansı vasitələrdən istifadə edir? Mütəxəssislərin fikrincə, avropalı siyasətçilər Cənubi Qafqazda yaranmış yeni reallıqları doğru qiymətləndirmirlər. Öz dəyərlərinə və beynəlxalq qlobal siyasətin onu Aİ-də təmsil etdikləri yol olduğuna inanırlar. Baxmayaraq ki, bu, belə deyil. Amma digər tərəfdən, Aİ üçün, bu, Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi də qiymətləndirilir. Lakin bu gün heç kimə sirr deyil ki, Avropa hazırda Rusiyanı əvəz edə bilməyəcək, çünki onun regionda qoşunu yoxdur. Ekspertlərin sözlərinə görə, Cənubi Qafqaz elə bir ərazidir ki, orada ilk növbədə ordunun olması zəruridir. Yalnız dəyərlər haqqında danışıb regiona mülki missiya göndərməklə uzağa getmək olmaz. Bu gün Aİ-nin istifadə etməyə çalışdığı regiona təsir rıçaqı maliyyə resursudur. Amma indiki halda bu rıçaq postmüharibə dövründə Ermənistanın təhlükəsizlik problemlərini həll etməyə imkan vermir. Ermənistan yalnız siyasətinin qurbanıdır və regiondankənar təhlükəsizlik çətiri altına sığınmaq istəyi arzu olaraq qalacaq.
S.ELAY, “Xalq qəzeti”