İsrailin "i24NEWS" nəşri “Fransa Qafqazdakı döyüşə qoşulur – İsrailin müttəfiqi Azərbaycan üçün təhlükə” başlıqlı analitik yazı dərc edib. Məqalədə deyilir ki, Fransa Ermənistanı öldürücü silahlarla təchiz etmək qərarına gəlib. Nəşr bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbələrdən aldığını gizlətmir.
Mənbəyin dediyinə görə, yaxın vaxtlarda Paris Ermənistana 50 zirehli transportyor göndərəcək və gələcəkdə “Minstrel” hava hücumundan müdafiə raketlərinin tədarükü də nəzərdən keçirilir. "i24NEWS" nəşri qeyd edir ki, Paris Ermənistana silah ixracı üçün nizamlı sistem qurmağa hazırlaşır. Fransa–Ermənistan dostluq qrupunun rəhbəri Gilbert-Luc Devinaz hətta qarşıdakı silah tədarükü barədə açıqlama verib: “Biz Ermənistana şərait yaratmalıyıq ki, sərhədlərinin təhlükəsizliyini təmin etsin. Buna görə onun silahlanmasına yardım göstərməliyik”.
Məlum olub ki, Ukrayna kəşfiyyatının Parisdən İrəvana hərbi tranzit yüklərini izləməkdə məqsədi bu silahların daha sonra Rusiyaya ötürüləcəyi versiyasını izləməkdir. Bu versiyanı ağlabatan edən amil son illər İrəvanla Moskva arasında hərbi-texniki əməkdaşlığın genişlənməsi, eləcə də Rusiyanın iki hərbi bazasının Hayastan ərazisində yerləşməsidir.
Fransadan Ermənistana silah tədarükünə start verilməsi Parisin az qala İsraillə kəllə-kəlləyə gəlməsinə səbəb olub. Bunu vurğulayan "i24NEWS" nəşri yazır ki, Tel-Əvivin rəsmi siyasətinə görə, yəhudi dövləti özünü Azərbaycanın strateji tərəfdaşı hesab edir və onun müdafiə qüvvələrini müasir tələblərə uyğun şəkildə silahla təmin edən əsas dövlətlərdən biridir.
NATO-nun Avropada ən güclü ordusuna malik Fransanın strateji əhəmiyyətli silahlarını Ermənistana verəcəyinə inanmaq çətindir. Əgər bu ehtimal öz təsdiqini taparsa, onda Fransanın Cənubi Qafqazda yeni müharibəni körüklədiyi qənaətinə gəlmək mümkündür. Hətta nəinki körüklədiyini, Ermənistanın tərəfində birbaşa savaşa hazırlaşdığını iddia etmək olar. Amma hadisələrin bu müstəvidə inkişafına yol verməyəcək Rusiya amilini unutmaq olmaz. Moskva heç bir halda Fransanın Ermənistanda, yəni Cənubi Qafqazda bu tip silahları yerləşdirməsi ilə razılaşmayacaq.
Onu da qeyd edək ki, bir müddət əvvəl Fransanın məxfi xidmət orqanının ideoloji tribunası sayılan "Intelligence Online” nəşrinin yaydığı məlumatda deyilirdi ki, İrəvana təyin edilmiş yeni hərbi attaşe Fransanın ölümcül silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Guya Parisin Ermənistana öldürücü silahların verilməsi ilə bağlı qərarına əsas dəstək şəxsən prezident Emmanuel Makrondan gəlib.
Bəli, Paris İrəvana diplomatik dəstək verir, hər zaman onun tərəfini tutur, vaxtaşırı maliyyə yardımı da göstərir. Amma düşünürük ki, onun Ermənistana ölümcül silahlar verəcəyi barədə Fransa mətbuatında gedən informasiyaları təbliğat xarakterli, diplomatik savaşın tərkib hissəsi adlandırmaq daha məntiqə uyğun olardı. Sınaqdan çıxmış belə üsulla Parisin bəlkə də Bakını sülh danışıqlarında müəyyən şərtlə razılaşmağa, İrəvana güzəştə getməyə, yaxud hansısa konkret addım atmaqdan çəkindirməyə çalışdığını fərz etmək olar. Görünən odur ki, hələ tam çözülməmiş münaqişədə Fransa özünü tərəf kimi aparmağa başlayıb. Öldürücü silahlarla bağlı yazılanlar və deyilənlər öz təsdiqini taparsa, bu halda beynəlxalq təşkilatların məsələyə münasibət bildirməli olacaqları şəksizdir. Axı, Fransanın Ermənsitanla humanitar sahədən savayı müttəfiqliyi yoxdur. Onlar bir-birinə yalnız etnik-mənəvi cəhətdən bağlıdırlar. Fransız-erməni qan qardaşlığı barədə isə Fransanın xarici işlər naziri Ketrin Kolonna bölgəyə rəsmi səfəri zamanı İrəvan təmaslarında söyləmişdi.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”