Baş nazir Nikol Paşinyanın Çexiyanın “Respekt” nəşrinə verdiyi müsahibəsində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağın vacibliyini deməsinin ardınca praqmatik düşüncəyə malik daha bir erməni eyni mövqedən çıxış edib. Hazırda ABŞ-ın Miçiqan Universitetində Erməni Araşdırmaları Proqramının direktoru vəzifəsində çalışan Jirayr Liparidyan Qarabağda silahlı qarşıdurmaya son qoyan 10 noyabr 2020-ci il il tarixli Bəyanatla əldə olunmuş razılaşmanın nəticələrini şərh edib.
Erməni əsilli tarixçi-alim, keçmiş diplomat bu barədə Türkiyənin ingilisdilli “Ahval” saytının Hot Purcuit proqramına müsahibə verib. O, müsahibəsində Qarabağ münaqişəsində qazanan və uduzan tərəflər, Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük müharibənin ardınca Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət, aparılan sülh danışıqlarında düzgün strategiya tapmağın çətinlikləri barədə danışıb.
Beyrutda doğulmuş 78 yaşlı Jirayr Liparidyan Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın müharibədən faktiki nə əldə etdiyini təhlil etməyə çalışıb. Kifayət qədər geniş təhlilin rezyümesini çıxarmalı olsaq, onun fikirlərinin leytmotivi bundan ibarətdir: Azərbaycan ərazilərini qaytarıb, Türkiyə Qafqazdakı nüfuzunu genişləndirib, Rusiya isə Azərbaycanda hərbi mövcudluğunu bərpa edib. Burada ən çox itirən tərəf isə Ermənistandır.
***
Bu, həmin Liparidyandır ki, Birinci Qarabağ savaşından sonra İrəvanla Bakı arasında sülhün əldə olunmasından ötrü hər iki tərəf üçün uyğun variantlar axtarır, Azərbaycanın işğal olunmuş, keçmiş DQMV ətrafındakı rayonlarını qaytarmaq, qonşularla normal münasibətlər qurmaq təklifləri ilə çıxış edirdi. Yeri gəlmişkən, məhz buna bənzər təşəbbüsləri irəli sürdüyünə görə Liparidyanın patronu, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1998-ci ildə postundan getməyə məcbur edildi. Buna qədər isə beyrutlu alim-diplomat Qarabağ uğrunda yeni müharibə təhlükəsindən və bu dönəmdə Moskvanın münaqişəyə hərbi müdaxilə ehtimalından danışarkən belə deyirdi: “Rusiya yalnız öz sülh şərtlərini qəbul etdirmək məqsədilə müdaxilə edə bilər. O, Ermənistan tərəfindən Azərbaycana qarşı çıxış etməyəcək. Rusiyanın hamıya qarşı Ermənistanın müttəfiqi olması barədə ehtimal artıq tarixi mifdir”.
Üstündən iki onillik keçəndən sonra Liparidyanın nə qədər haqlı olduğunu bölgədə yaranmış yeni reallığa söykənən tarix sübuta yetirdi. İndi isə Nikol Paşinyan iqtidarı praqmatik diplomatiyadan çıxış edərək, qonşularla münasibətləri normallaşdırmaq barədə danışmağa başlayıb. Bəs Hayastanın hakim isteblişmentinin ilk baxışda sağlam və məntiqi görünən qonşularla sülh şəraitində birgəyaşayış çağırışlarını erməni cəmiyyəti qəbul edəcəkmi? Paşinyan siyasi şinelindən çıxdığı Levon Ter-Petrosyanın 25 il əvvəl üzləşdiyi aqibətə uğramayacaq ki?
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun bununla bağlı fikirləri maraq doğurur:
“Liparidyan praqmatik diplomatdır, mövqeyini hansısa siyasi təsirlərə görə müəyyən etmir. O, əvvəllər də sülhün əldə olunmasının tərəfdarı kimi çıxış edir, bu, olmadan Ermənistanı itirəcələrini açıq söyləyirdi. Bu halda, Rusiyanın qanadının altına girməyə məcbur olacaqlarını da dilə gətirirdi. Onun dediklərinin hamısı baş verdi. Yəni, İkinci Qarabağ müharibəsinə qədər münaqişəni kompromisə gəlməklə həll etməyin tərəfdarı olan Liparidyan indi haqlı olaraq İrəvanı 44 günlük savaşın nəticələrini qəbul etməyə çağırır. Amerikada yaşayan, öz fikirlərini sərbəst bildirən diplomatın bu mövqeyinə erməni ictimaiyyəti, əlbəttə ki, mənfi yanaşır. Amma düşünürəm ki, Ermənistan gec-tez reallığı qəbul edəcək, çünki başqa yolu qalmayıb”.
R.Musabəyovun qənaətincə, tezliklə Ermənistanın realist düşüncəyə malik siyasətçiləri, alimləri, jurnalistləri Liparidyanın dediyinə yaxın mövqedən çıxış etməyə, konkret addımlar atmağa başlayacaqlar:
“İndi əsas məsələ Nikol Paşinyanın, nəhayət, konkret qərar qəbul etməsidir. Biz görürük ki, o, bu qərarları sözdə səsləndirir, amma son məqamda gözləmə mövqeyini seçir. Bu məqamın yetişdiyini Paşinyana Vaşinqtonda da deyiblər, Avropada da. Rusiyaya getdi və gördü ki, Ukraynadakı vəziyyətə görə, Moskva ona hansısa dəstəyi vermək iqtidarında deyil”.
***
Paşinyanın qonşularla normal münasibətə, sülhə doğru atdığı vacib addımlardan biri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsidir. Yeri gəlmişkən, Hayastan baş naziri dörd gün əvvəl Brüsseldə dilə gətirdiyi məlum tezisi dünən Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində də təkrar edib: “Biz Fransa Prezidenti Emmanuel Makronun və Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Alma-Ata Bəyannaməsi əsasında münasibətləri normallaşdırmaq barədə razılığa gəldik. İrəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadratkilometr ərazisini tanıyır”.
Paşinyan bu mövqeyinin doğruluğunda israrlı olsa, deməli bunun ardınca Azərbaycanın sülh sazişinin mətnində irəli sürdüyü 5 prinsipə uyğun qərar qəbul etməyə də cürət tapacaq. Bölgədə hadisələrin inkişaf istiqaməti artıq başqa yol tanımır.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”