ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) 2022-ci il üçün Dini Etiqad Azadlığına dair hesabatında Azərbaycanı xüsusi nəzarətdə olan ölkələr siyahısına daxil edib. Guya, ölkəmizdə ötən il dini etiqad azadlığı təqib olunurmuş. İddia o qədər cəfəngdir ki, deməyə söz tapmırsan. Amma tapmağa çalışacağıq. Həm də ona görə ki, hesabatda Azərbaycanla Ermənistan arasındakı münaqişəli durumun, həssas məqamına kortəbii yanaşma meyli var. Belə mövqenin qarşısında isə susmaq olmaz.
Beləliklə, USCIRF iddia edir ki, ötən il Azərbaycanda dini etiqad azadlığının vəziyyətinə mənfi tendensiya hakim kəsilib. “Hökumət din xadimləri üzərində ciddi nəzarəti davam etdirib, həmçinin onları təqibə və həbsə atmağa davam edib”, – deyə qurumun hesabatında vurğulanıb. Məlum olur ki, komissiya 2022-ci ilin sonunda özünü dindar adlandıran kəsimin nümayəndələrinin saxlanılması üzərinə fokuslanıb. Paradoksal durum yaranır. İzah edək, nə üçün.
Azərbaycan öz ərazisində din pərdəsi altında fəaliyyət göstərən İran agenturasının üzvlərini sıradan çıxarır, Tehranla soyuq münasibətlərdə olan Birləşmiş Ştatlar bunu ölkəmizə nöqsan kimi dəyərləndirir. Sual olunur: belə məntiqsiz mənzərənin dini etiqad azadlığının pozulması əlaməti sayılması kimə və ya kimlərə lazım ola bilər? Cavab birmənalıdır – Ermənistana və onun havadarlarına. Hərçənd, İranın müəyyən dairələri də amerikalıların hesabatından “faydalana” bilər ki, hələlik, bunun üzərində dayanmırıq...
Görünür, ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları özlərinin anti-Azərbaycan ritorikalarını Dövlət Departamentinin sözügedən komissiyasına qədər daşımağı bacarıblar. Əlbəttə, bu, ölkə adına böyük utancdır. Ancaq təəccüblü deyil. Çünki əvvəllər də analoji hallar müşahidə olunub. Yəni, ölkəmizdə dini etiqad azadlığı ilə bağlı reallıqların nəzərə alınmadığını çox görmüşük. Hələ müxtəlif hesabatlara sırınan başqa müstəvidəki qərəzli yanaşmaları da...
***
Bəli, USCIRF nəzərə almır ki, Azərbaycanda kifayət qədər tolerant mühit mövcuddur. Ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin dinc şəkildə, heç bir problemsiz ibadətlərini həyata keçirdikləri, müxtəlif dinlərə məxsus müqəddəs sayılan yerlərin dövlətimiz tərəfindən qorunduğu, onların restavrasiyasının aparıldığı da əsla inkar edilə bilməz.
Bundan başqa, hər il Azərbaycanda dini mövzuda müxtəlif nüfuzlu toplantıların təşkili, respublikamızın Cənubi Qafqazda multikultural obrazının formalaşdığı, ümumən din-dövlət, din-cəmiyyət münasibətlərində nümunəvi loyal mühitin yarandığı, dini dəyərlərin ölkəmizdəki müxtəlif xalqların və etnik qrupların ənənələr sistemi kimi qavrandığı da hesaba alınmır. Əlbəttə, hesaba alınmaz, çünki bu işdə, erməni barmağı var. Təəssüf ki, ABŞ Dövlət Departamenti kimi nüfuzlu qurumun tərkibindəki komissiya həmin barmaqla hərəkətə gətirilməkdədir.
Əlbəttə, böyük “görüntü” yaratmaq məqsədi də ortadadır. Axı, Azərbaycan dövləti ayrı-ayrı beynəlxalq platformalarda ermənilərlə dinc birgə yaşam məntiqini qabardır. Ermənilər xristian dininə mənsubdurlarsa, ölkəmizdə dini etiqad azadlığı ilə bağlı durumun pis olduğunu iddia etmək, rəsmi Bakının mövcud istiqamətdə verdiyi təminatların yalan olduğu barədə yanlış rəy formalaşdırmağa hesablanıb. Başqa cür düşünməyə əsas yoxdur. Digər tərəfdən, hesabatın ermənipərəst çevrələr tərəfindən tərtib edildiyini sənədin başqa müddəalarına diqqət yetirərkən də duymaq mümkündür.
***
Keçək ən başlıca məqama. Hesabatda Qarabağda, Azərbaycanın nəzarəti altında olan ərazilərdə, guya, erməni mənəvi irsinin məhv edildiyi vurğulanır: “Beynəlxalq orqanlar və digər təşkilatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda və Azərbaycanın nəzarəti altında olan ona bitişik ərazilərdə dini və mədəni irsin qorunmasına və qorunub saxlanmasına hazır olduğunu şübhə altına almaqda davam edir. Fevral ayında o vaxtkı mədəniyyət naziri Anar Kərimov “uydurma” adlandırdığı kilsələrdən erməni apostol yazılarının yığışdırılması üçün işçi qrupunun yaradıldığını elan etmişdi. Görünür, bu plan beynəlxalq qəzəbdən sonra hökumət tərəfindən tərk edilib və mart ayında Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsini silmək və inkar etmək siyasətini davam etdirməsini pisləyib”.
Əvvəlcə, bu iqtibasdakı ifadələrə diqqət yetirək. Birinci vurğulanmalı cəhət “Dağlıq Qarabağ” adının işlədilməsidir. Azərbaycanın hüquqi ərazilərində Dağlıq Qarabağ inzibati ərazi vahidi yoxdur. Bəs, bu ifadəni qabardan kimlərdir? Əlbəttə, erməni millətçiləri və separatçıları, həmçinin onların Ermənistan daxilindəki və xaricindəki havadarları. İkincisi, “Azərbaycanın nəzarəti altında olan ona bitişik ərazilərdə” nə deməkdir? Bu ifadə də amerikalıların öz başlarının məhsulu olmaqdan uzaqdır və həmin deyimdə, əslində, qəsbkarlıq niyyətlərinin işartıları var.
Yada salaq ki, Ermənistan 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə erməni mədəni və dini mirasının məhvə məruz qaldığı iddiası ilə beynəlxalq məhkəmələrə üz tutmuşdu. Təsəvvür edin, İrəvan tərəfindən qaldırılmış iddialarda qanuni Azərbaycan ərazisindəki abidələrin hüquqi baxımdan Ermənistana məxsusluğunun təsbit olunması tələbi qoyulurdu. Loru dildə desək – torpaq sənin adınadır, içindəki tikilinin sənədi mənim adıma olmalıdır, – Ermənistanın istəyi bu olmuşdu. Yəni, həyasızlığın pik həddi.
Ancaq məsələni adi qarşılamaq olmaz. İrəvan dairələri, belə gedişlərin baş tutacağı təqdirdə, gələcəkdə torpaq üzərində də mülkiyyət hüququnun rəsmiləşməsinə çalışmağı və işğalçılığa hüquqi don geyindirmək üçün rıçaqlar qazanmağı düşünürlər... Təbii ki, haqqında söz açdığımız bu mənfur iddia rədd edilmişdi. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra bu sayaq məkrli iddiaların sayı yetərincədir. Belə olan halda, Dövlət Departamentinin komissiyası hansı ağılla Azərbaycanı qınayır? Sual ritorikdir. Çünki ortada erməni barmağı olduğu kimi, erməni ağlı da var. Bəli, erməni ağlı bu cür hesabatları sonradan əldə bayrağa çevirib işğalçı niyyətlərə köklənməyi düşünür.
Digər tərəfdən, bu, bir faktdır ki, Azərbaycan torpaqları işğal altında qalanda oradakı abidələrin erməniləşdirilməsi həyata keçirilmişdi. Yəni, söhbət qədim alban dini abidələrinə münasibətdəki təcavüzdən gedir. Əlbəttə, hansı abidəni ki, erməniləşdirmək mümkün deyil, onların vandalcasına dağıdıldığı da məlumdur. Nədənsə, USCIRF buna və mövcud istiqamətdə Azərbaycanın apardığı təbliğatın motivlərinə diqqət yetirmir. Hesabatda adı çəkilən Avropa Parlamentinin qətnaməsinə gəldikdə isə həmin mənasız kağız parçasının hər hansı hüquqi əhəmiyyətinin olmadığı aşkardır.
***
Yekunda onu da deyək ki, USCIRF ABŞ hökumətinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə və Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinə Qarabağda və ətraf ərazilərdə ibadət yerlərinin və digər dini, yaxud mədəni obyektlərin bərpası, qorunması üçün maliyyə ayırmağı tövsiyə edir. Bəs, bu tövsiyəni necə başa düşək? Yadımıza “O olmasın bu olsun” filmindəki zərb-məsələ çevrilmiş məşhur fraqment düşür. Qısaca xatırladaq – mənə meymun deməyin az deyil, hələ bir salam da verirsən?!
USCIRF-in nəzərində Azərbaycan erməni dini mirasını dağıdan tərəfdirsə (dağıtmayıb, Azərbaycanın dini abidələrini yerlə-yeksan edən ermənilər olublar -red), ölkəmiz həmin mirası niyə bərpa etmək istəsin? Axı, məntiq olmalıdır. Yox, əgər USCIRF ölkəmizin ərazilərindəki abidələrin bərpasına maliyyə ayrılmasını istəyirsə, bilməlidir ki, bu yardımın erməni abidələrinin bərpası adı altında rəsmiləşməsinə razı olmayacağıq. Əslində, belə qərəzli yanaşmadan sonra, ümumiyyətlə, söhbət bu yönümdə yardım qəbul etməkdən gedə bilməz. “Okey”mi?
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”