Hayastanda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də “Brüssel formatı” çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşü ilə bağlı isteriya artmaqdadır. Qəzetimizin dünənki sayında mövzuya toxunmuş, isterik vəziyyətin müxtəlif məqamlarından söz açmışdıq. Vurğulamışdıq ki, belə yanaşma N.Paşinyanın mövqeyinə təsir göstərmək, sözügedən görüşdən sonra üfüqdə közərən sülh işartılarının üstünü qara buludlarla örtmək niyyətindən irəli gəlir. Ermənistanın Rusiya yönümlü mediasının mövcud istiqamətdə qol çırmadığını da diqqətə çatdırmışdıq. Qeyd edək ki, İrəvanda ictimai rəyin formalaşmasına məsul olanlar “Brüssel formatı” çərçivəsində əldə edilmiş razılaşmanı heçə saymaq yönündə sistematiklik nümayiş etdirməkdədirlər. Yəni, əvvəl əsasən Rusiya ekspertlərinin fikirlərini tirajlayırdılarsa, indi Qərbin fikir adamlarından, necə deyələr, mədət umurlar.
Nəzərə alaq ki, Rusiya ekspertləri Şarl Mişelin vasitəçiliyinə Brüssel–Moskva ziddiyyətləri, birincinin ikincini Cənubi Qafqazdan sıxışdırmaq müstəvisində yanaşır və mövcud xüsusda Qarabağ münaqişəsinin Rusiya üçün önəmindən söz açırlarsa, Avropanın fikir adamları Qərbin sülh nizamlanmasının səmərəsizliyinə dair qənaət formalaşdırmaları ilə ermənipərəstliyin Qərb seqmenti rolunda çıxış edirlər. Şübhəsiz, hər iki baxış bucağı xəstə erməni təfəkkürünün durumla barışmamaq yönümlü “potensialının” işə düşməsinə bəraət qazandırmağa hesablanıb.
***
Hiss olunur ki, belə təqdimatlar Ermənistan daxilindəki anti-Paşinyan ritorikasını gücləndirmək məramından irəli gəlir. Bu məramda iki aydın xətt var:
1. Ermənistanın baş nazirinin fikirlərinə təsir göstərərək, onun razılaşmanı pozmasına, sözünə xilaf çıxmasına nail olmaq. Bu tendensiya 44 günlük müharibədən sonra dəfələrlə müşahidə edilib. 2. Paşinyan administrasiyasına qarşı etiraza yeni ovqat gətirib kütləviliyi təmin etmək və beləliklə, baş nazirin devrilməsini gerçəkləşdirmək. Xüsusən də ikinci məqsəd həm dünya erməniliyi, həm də Rusiya üçün vacibdir.
Dünya erməniliyi, yəni xaricdəki erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri hesab edirlər ki, Nikol ümumerməni maraqlarına xəyanət etmiş durumdadır və getməlidir. Moskvada isə belə düşünürlər ki, Ermənistan yolunu azıb və 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən inqilabın gerçəkləşməsi Rusiyaya münasibətdə böyük xəyanətdir.
Onu da diqqətə çatdıraq ki, Ermənistanda ölkənin Azərbaycanla sülh müqaviləsinin imzalanmayacağını təlqin edənlər, buna yol verməmək niyyəti güdənlər, həmçinin kollektiv Qərb nizamlanmasında Avropa–ABŞ ziddiyyəti də axtarmaq məqsədinə kökləniblər. Yəni, əvvəllər Qərb–Rusiya qarşıdurması fonunda məsələyə münasibət var idisə, hazırda haqqında söz açdığımız ziddiyyət ritorikasının qabardılması aktualdır. Görünür, sülh müqaviləsinin əngəllənməsi planı yolunda, necə deyərlər, “günah keçiləri”nin sayının artırılması prinsipi əsas götürülür və beləliklə, alınmayacaq proses görüntüsünə qanunauyğunluq libası geyindirilir. Bir sözlə, erməni politexnoloqlarının “qlobal siyasi mikser” effekti göz önündədir.
***
Əlqərəz, Rusiyanın siyasi analitikləri ilə yanaşı, Qərbin bəzi ekspertləri də bildirirlər ki, “Brüssel formatı” bölgəyə sülh gətirməyəcək. Bu baxımdan, Ermənistan mediasının fikirlərinə önəm verdiyi şəxslərdən biri almaniyalı politoloq Aleksandr Rardır. Rar, ilk növbədə, az öncə haqqında danışdığımız ABŞ–Avropa qarşıdurmasına fokuslanmaqdadır. O, ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin söylədiklərinə “ilişir” və bildirir ki, Blinkenin İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasının yaxın olması barədə fikrinə inanmır. Çünki bu, Amerikanın özünü reklamıdır.
“Ən pis sülh müharibədən yaxşıdır” deyiminə əsaslanan ekspert bir neçə aydır bu və ya digər danışıqlar masası arxasında təklif olunan sülh müqaviləsinin imzalanmamasını tərəflər arasındakı ciddi əks baxışların mövcudluğu ilə əlaqələndirir: “Bəli, əgər bu müqavilə ABŞ-ın səyləri ilə imzalanarsa və sonra ratifikasiya olunarsa, o zaman Vaşinqton Qafqazda uğurlu diplomatiya apardığını deyəcək. ABŞ-ın da buna, həqiqətən, ehtiyacı var, çünki amerikalılar Rusiyanın oradakı mövqeyini zəiflətməyə, postsovet məkanında təsirlərini artırmağa çalışırlar”.
Göründüyü kimi, almaniyalı politoloq son dərəcə incə məqamlara toxunmaqdadır. O, Cənubi Qafqaz müstəvisində Aİ–Rusiya ziddiyyətləri ilə yanaşı, ABŞ–Rusiya qarşıdurmasından da söz açır, beləliklə, istər-istəməz bölgə xüsusunda Avropanın maraqları ilə Birləşmiş Ştatların maraqlarını toqquşdurur. Bu cür mürəkkəb konfiqurasiya isə ancaq sülhdən yayınmaq istəyənlərin karına gələ bilər. Yəni, “vəziyyət çox gərgindir, sülh necə yaranacaq?” – dilemması qəsdən aktuallaşdırılır.
Yeri gəlmişkən, mövcud müstəvidə Bakı ilə İrəvanın hazırkı mövqeyi, ümumiyyətlə, yada salınmır. Təxminən, belə bir baxış ortaya qoyulur: sülhü qlobal oyunçular yarada bilər, onlar isə öz aralarında razılığa gəlmirlər, deməli, sülh də mümkün deyil. Politoloq Rarın növbəti fikirləri də məhz bu məntiqi rəhbər tutur.
Almaniyalı politoloq bildirir ki, amerikalıların əvvəllər, daha doğrusu, son 30 ildə ATƏT-in Minsk qrupu formatında vəziyyətə təsir etmək imkanları çox idi. Lakin onlar az şey etdilər: “Məni indi ABŞ-ın siyasətinin bu qədər ciddi şəkildə intensivləşməsi təəccübləndirir. Bu, tərəflərin razılığa gəlməsinə mane olmasa, müsbət təsir göstərəcək”.
***
Qeyd edək ki, Ermənistan cəmiyyətində “Brüssel formatı”nın sülh müqaviləsinin imzalanmasına gətirəcəyi ilə bağlı da diskussiyalar yer almaqdadır. Bu diskussiyalar ölkə hakimiyyətinin bütün maneələri aşaraq, Bakı ilə ortaq məxrəcə gəlməsinin rəsmiləşməsindən sonrakı zaman kəsiyini hədəf seçməkdədir. Məsələyə bir qədər ətraflı aydınlıq gətirək.
Ermənistanın müxalif kəsimi və ermənipərəst dairələr Paşinyanın bir andaca sülh müqaviləsi imzalamağa getmək əzmini görürlər. Ümumən, erməni əks cinahı Nikola qarşı o qədər də güclü deyil. Yəni, söhbət onu devirmək üçün olan gücdən gedir. Bu gücsüzlük birinciləri Paşinyanın onları saya salmamasından sonrakı perspektiv barədə ciddi düşünməyə vadar edir və ona görə bildirirlər ki, hətta, sülh müqaviləsi imzalansa belə, bu, heç nəyi dəyişməyəcək. Yeri gəlmişkən, məsələ Rusiya ekspertləri tərəfindən də gündəmə gətirilməkdədir. Doğrudur, onlar daha çox Moskvanın Cənubi Qafqazdakı münaqişə zonasında yalnız sülhməramlılarla təmsil olunduğunu vurğulayır və sülhməramlıların mandatının başqa hərəkətlərə imkan vermədiyini qabardırlar.
***
Deməli, həm Rusiya siyasi dairələrinin, həm də Qərb ermənipərəstlərinin sülh müqaviləsinin imzalanması durumuna, necə deyərlər, sərmayə yatırmaqla, gələcək destruktivizmi və təxribatçılığı düşünmələri labüddür. Bu baxımdan, almaniyalı politoloq Rarın öz baxışı var. O deyir ki, sülh müqaviləsinin imzalanması, çətin ki, vəziyyəti tam sakitləşdirsin. “Hərbi hərəkətlər olmasa yaxşıdır, amma hər şey xarici aktorlardan asılıdır. Çünki son 30 ildə Qarabağdakı münaqişə hadisələrin gedişatına təsir etmək istəyən və öz təsirləri uğrunda mübarizə aparan xarici aktorlarla əlaqələndirilib. Söhbət ABŞ, Türkiyə, Rusiya, Çin, Avropa İttifaqından gedir”.
Yəni, əgər xarici aktorlar Ermənistan–Azərbaycan münaqişəsindən öz geosiyasi məqsədləri üçün istifadə edərək, bir-biri ilə rəqabət aparmağa başlamasalar, o zaman, müsbət dönüşdən danışmaq olar. “Amma xarici oyunçular geosiyasi oyunlar oynamağa və münaqişədən öz məqsədləri üçün istifadə edərək bir-birilərini sıxışdırmağa başlasalar, vəziyyət sakitləşməyəcək”, – deyə Rar fikirlərinə aydınlıq gətirir.
***
Qeyd edək ki, “Brüssel formatı” çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də keçirilmiş görüşündən sonra Ermənistan siyasi dairələrində belə fikir gündəmə gəlməyə başladı ki, ABŞ və Aİ Rusiyaya qətiyyən əhəmiyyət vermədən hərəkət edir. Cənubi Qafqaz regionu isə Moskvanın təsir zonası olduğundan, belə yanaşma təhlükəlidir. Həm də ona görə ki, Ermənistan və Azərbaycan ABŞ və Aİ-dən fərqli olaraq, coğrafi baxımdan Rusiyaya yaxın ölkələrdir.
Maraqlıdır ki, erməni mediasının fikirlərinə istinad edən almaniyalı politoloq Aleksandr Rar da eyni düşüncəni bölüşməkdədir. Onun sözlərinə görə, indiki durumda münaqişənin nizamlanmasında Birləşmiş Ştatlar və Aİ təşəbbüsə yiyələnibsə, Rusiya ilə yanaşı, Türkiyə də fəallıq göstərməlidir. Yalnız bu halda münaqişənin sona çatmasında uğur şansı daha yüksək olacaq.
***
Sonda qeyd edək ki, haqqında söz açdığımız yanaşmalar Cənubi Qafqazdakı sülh yolunun çətinliyindən və manipulyasiyalara açıqlığından xəbər verməkdədir. Azərbaycanın iradəsi və mövqeyi ortadadır. Bu mövqe sabitdir və sülh gündəliyinə sadiqdir. Ermənistan hakimiyyəti isə görünür, ilk növbədə, təzyiqlərə sinə gərməyi bacarmalı, qətiyyət nümayiş etdirməlidir. Bunu bacaracaq yoxsa yox, zaman göstərəcək.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”